XƏZƏRİN XANI yaxud AKADEMİK ÖMRÜNÜN SPEKTRLƏRİ-V yazı

1 334 15-02-2018, 20:56 kose / siyaset / gundem

XƏZƏRİN XANI yaxud AKADEMİK ÖMRÜNÜN SPEKTRLƏRİ-V yazı
ELBƏYİ CƏLALOĞLU


“Xəzər xilasedici dənizdir”
(Əvvəli )


Söhbətimizin qızğın yerində Ramiz müəllim mövzunu bir daha həyatının ayrılmaz hissəsi olan, sevimlisi Xəzər dənizinin üzərinə gətirdi: Xəzər dənizi həmişə onun ətrafında yaşayan insanların hovuna yetmişdir. Misal üçün, İkinci Dünya mharibəsindən sonra – 1945-1947-ci illərdə Azərbaycanın ərazisində möhkəm quraqlıq oldu, taxıl qıtlığı yarandı, az-çox olanı da “mərkəz” aparırdı. Nəticədə, müharibədən sonra Azərbaycanın bəzi kəndlərində aclıqdan ölənlərin qəbiristanlığı yarandı. Amma Xəzər dənizi sahili zonasında yaşayan insanlar bu bəladan xilas oldular. Bu ərazilərdə belə dəhşətli mənzərə müşahidə olunmadı. Xəzər ətrafında yaşayan insanları onun balığı xilas etdi. O dövrdə Xəzər dənizinin balıq ehtiyatları zəngin olmuşdur. Dənizin sahil zonasında o zaman yaşamış adamların dediyinə görə, çox vaxt balıq tutmaq üçün dənizin dərinliklərinə getməyə ehtiyac qalmırdı. Qasırğalı bir küləkdən sonra dalğa ilə gətirilmiş balıqlar sahildə – quruda qalırdılar, biz də onları yığırdıq.
Gələk 1990-cı ilə. SSRİ kollapsa uğradı, dağıldı, bütün iqtisadi mexanizmlər qırıldı. Yenə də aclığa yaxın bir vəziyyət yarandı. Bu vaxt yenə də Xəzər dənizi öz ətrafındakı insanların köməyinə çatdı, onun təkindəki neft yataqlarının yeni istismarı başlandı, “Əsrin müqaviləsi” bağlandı, Xəzərətrafı insanların güzaranı yaxşılaşdı. Mövcud firəvan həyatımız, həmçinin gələcəyimizin xeyli hissəsi Xəzər dənizinin təkindəki təbii resurslarımızdan asılıdır. Bütün bunları düşünərək, əminliklə deyə bilərik ki, Xəzər xilasedici dənizdir.



“Xəzər türk dənizidir”


Diqqət verin, görün, Xəzərin ət rafında və hövzəsində kimlər yaşayır. Başlayaq Azərbaycandan – türklərdir. Xəritə üzrə yuxarı qalxaq. Dağıstan və onun Xəzərsahili zonasında yaşayan kumık xalqı – türklərdir. Xəritə üzrə bir az da yuxarı qalxaq, kalmıqlar – türkmənşəlidirlər. Davam edək, Həştərxan vilayəti – əsasən tatarlar, yəni türkmənşəli xalqlardır. Volqa boyunca yuxarı ğedək, yenə tatarlar, mişarlar, başqırlar türkmənşəli xalqlardır. Keçək Xəzərin şərq sahillərinə, qazaxlar, türkmənlər, əlbəttə ki, türkmənşəlilərdir. Gələk dənizin cənubuna, yəni İran sahillərinə. Burada yaşayanlar isə azərbaycanlılar − türklərdir. İndi gördünmü, Xəzərin həm ətrafı və həm də hövzəsində türkmənşəli xalqlar yaşayırlar. Xəzəri türklər əhatəyə alıblar və ona görə də, mən deyərdim ki, Xəzər türk dənizidir. Yenə də Lev Qumilyov özünün pasionarlıq nəzəriyysini türk xalqalrının sıçrayışlı inkişafı və axırıncını da Xəzər dənizinin səviyyəsinin dövri olaraq qalxması ilə izah edir.
XƏZƏRİN XANI yaxud AKADEMİK ÖMRÜNÜN SPEKTRLƏRİ-V yazı

“Xəzər həm də Azərbaycan dənizidir”

Xəzər dənizini mediana prinsipi ilə sektorlara böləndə onun 130 min kv.km-ə yaxın sahəsi Qazaxstanın payına düşür. Azərbaycan və digər Xəzərətrafı ölkələrin dəniz ərazisi təqribən 60-70 min kv.km. civarındadır. Bununla birlikdə, mən Xəzərin ən çox Azərbaycan dənizi olduğunu hesab edirəm. İndi dediyimi əsaslandırım.
Digər Xəzərətrafı dövlətlərlə müqayisədə Azərbaycan Respublikasının sosial-iqtisadi, son zamanlar həm də siyasi həyatı daha sıx Xəzər dənizi ilə bağlıdır. Xəzərin Azərbaycan sahilləri və şelfi özünün yüksək təbii-resurs və iqtisadi potensialı ilə səciyyələnir və bunlardan səmərəli istifadə ölkə üçün böyük əhəmiyyət kəsb edir.
Xəzər nefti və qazının Azərbaycan üçün əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Belə ki, müstəqillik dövründən sonra Azərbaycan özünün Xəzər şelfində neft kəşfiyyatı və istehsalını sürətlə artırdı, transmilli şirkətlərlə müqavilələr bağlandı və bunun nəticsi kimi 2009-cu ildə neft istehsalını ildə 50 mln. tona çatdırdı.
Xəzərin Azərbaycan sahilləri ölkənin ən sıx əhali məskunlaşmış əraziləridir, burada əhalimizin 40%-dən çoxu yaşayır. Ölkənin paytaxtı Bakı şəhəri və demək olar ki, bütün sənaye potensialı bu ərazilərdə yerləşmişdir. Xəzər sahilləri zonalarımızda torpaq məhsuldardır və kənd təsərrüfatı baxımından tamamilə mənimsənilmişdir. Sahil zonası azərbaycanlıların sevimli istirahət zonasıdır, burada çoxlu sayda şəxsi bağ evləri tikilib, Abşeron bağlarının əvəzi yoxdur. Xaçmaz sahili və Lənkəran ovalığı çox cəlbedicidir.
Bu ərazilərdən çoxlu sayda resbublika və beynəlxalq əhəmiyyətli avtomobil və dəmir yolları keçir, çoxlu sayda başqa kommunikasiyalar mövcuddur. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü H.Ə.Əliyevin təşəbbüsü ilə 1986-cı ildə SSRİ NS və KP Mərkəzi Komitəsi Xəzərin 825 km-lik sahil zonasının 660 km-ni kurort-rekreasiya məqsədləri üçün yararlı saydı və bu işlər başalanıldı. Təəssüf ki, SSRİ-nin dağılması məqsədə nail olmağa imkan vermədi. Xəzər ətrafında birinci turbaza 1958-ci ildə Bakıda yaradılmışdır, sonralar, yəni 1963-cü ildə Yalama kəndinə yaxın yerdə məşhur “Xəzər” turbazası inşa edildi. Bunlar bütün SSRİ-də turizm sahəsində ilk qaranquşlardan idi. Təəssüflə qeyd etmək istəyirəm ki, sahil zonasının mineral suları, müalicə palçıqları, sözün əsl mənasında, qızıl qum çimərlikləri az və sistemsiz şəkildə istifadə olunur.
Nəhayət, Azərbaycanda Xəzər dənizinin müxtəlif sahələrində işləyən yüksəkixtisaslı mütəxəssislər var. Amma təssüf ki, onların sayı azalır. SSRİ dövründə Azərbaycan Hidrometeorologiya Komitəsi Xəzərin monitorinqini aparan, dinamik rejimini öyrənən baş təşkilat idi. Azərbaycan Elmlər Akademiyası Coğrafiya, Geologiya, Zoologiya, Botanika və s. elmi tədqiqat institutları daima Xəzər dənizində tədqiqatlar aparırdılar. Təkcə bizim Coğrafiya İnstitutunun üç elmi tədqiqat gəmisi var idi. Sonradan isə biz dünyada ilk dəfə olaraq Xəzərin açıq hissəsində dəniz observatoriyasını yaratdıq.
Xəzər dənizində ən böyük dəniz donanması Azərbaycana məxsusdur və Bakı özünün dəniz bərəsi ilə birlikdə ən böyük limandir. Ölkədə Xəzər dənizi ilə məşğul olan çoxlu sayda elmi və layihə təşkilatları fəaliyyət göstərir. Keçmiş SSRİ dövründə Xəzərdə inşa olunmuş hidrotexniki qurğuların əksəriyyətinin layihəsi Azərbaycanda hazırlanmışdır. Azərbaycan Hidrometeorologiya Komitəsi, əslində, Xəzərin dinamik rejiminə və ekoloji vəziyyətinə nəzarət edən yeganə təşkilat idi, Azərbaycan alimləri Xəzərin tədqiqi sahəsində bir çox nailiyyətlər əldə etmişlər.
Xəzər neftinin Azərbaycan üçün xüsusi əhəmiyyəti var. Düzdür, bu, ayrıca böyük bir mövzudur və bu haqda çoxlu sayda məqalələr, tədqiqat işləri işıq üzü görüb, amma bu məsələyə qısaca toxunacam.
180 ilə yaxındır ki, Xəzərin şelfində neft istehsal olunur. XX əsrin əvvəlində ildə 11,5 milyon ton neft emal etməklə Azərbaycan dünyada birinci yerə çıxdı. 1913-cü ildə Rus İmperiyasının xam neftinin 83%-i Azərbaycanda çıxarılırdı. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlamazdan əvvəl Azərbaycanda 23 milyon ton neft istehsal olunmuşdu. Bu neftin əsas hissəsi Xəzərin şelfində və sahil zonasında çıxarılmışdı. 7 noyabr 1949-cu ildə illik istehsalı 7 milyon ton olan əfsanəvi Neft Daşları yatağı istismara verildi.
1990-cı illərin əvv əllərində, azadlıq elan olunduqdan sonra Azərbaycanda Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsində yeni era başlandı, əsrin kontraktı bağlandı. Bu kontraktdan Azərbaycanın dividentləri ölkəni xilas etdi. Bu günlərdə isə bizə gələcək firavan həyata ümid verən yeni XXİ əsr müqaviləsi bağlandı.
Xəzər dənizinin Azərbaycan şelfində, Abşeron yarımadasından şərqə, Abşeron arxipelaqı adaları zəncir kimi uzanmışdır. Bu adalar qrupunda ən böyüyü Çilov adasıdır (28 km2), Pirallahı adası ikinci yeri tutur. Dənizin cənub hissəsində, Bakı buxtasından qərbə, Bakı arxipelaqının kiçik adaları (Qum, Daş-Zirə, Böyük-Zirə, Xara-Zirə, Zənbil, Qarasu, Səngi-Muğan və s.) yerləşmişdir. Cənubi Xəzərin şərq sahilində meridian boyunca uzanmış nazik Oqurçinski adası qərar tutmuşdur.
Azərbaycan ərazisindən Xəzərə tökülən iri çaylar aşağıdakılardır: Samur (Rusiya ilə sərhəddə), Kür, Lənkərançay, Sumqayıt, Vəvələçay, Qudyalçay, Astaraçay (Azərbaycan-İran sərhədində).
Sahillərimizdə biomüxtəlifiliyi baxımından çox zəngin Qızılağaç qoruğu, Samur-Yalama Milli Parkı, III dövrün yadigarı olan Hirkan Milli Parkı yerləşmişdir.
Yuxarıda deyilənləri ümumiləşdirərək əminliklə demək istəyirəm: hər bir Azərbaycan vətəndaşı Xəzərin varlığının onun həyatında oynadığı rolu hər gün öz üzərində hiss edir, o bizim həm bu günümüz və həm də gələcəyimizdir. Yuxarıda sadaladıqlarımıza uyğun olaraq deyə bilərik ki, Xəzər həm də Azərbaycan dənizidir. Burada bir tarixi hadisə yadıma düşdü. 18-ci əsrdə Rus imperiyası farsların dənizə girməsini qadağan edəndə, İran şahı demişdir: “O şorsulu gölü aparıb gözünə soxsun, heç bizə lazım da deyil”. Amma bu gün hər şey dəyişdi, Xəzər hamıya lazım oldu.
XƏZƏRİN XANI yaxud AKADEMİK ÖMRÜNÜN SPEKTRLƏRİ-V yazı

“Xəzər həm də mənim dənizimdir”

Əslində, universiteti qurtardıqdan sonra Xəzər dənizi haqqında olan məlumatlarım coğrafiya dərsliklərindən aldığım biliklərlə kifayətlənirdi. Mən heç vaxt okeanoloq-xəzərşünas olmaq arzusunda olmamışam və bu, heç ağlıma da gəlmirdi. Hələ orta məktəbin səkkizinci sinifində oxuyarkaən fizik olmağı qərarlaşdırmışdım və orta məktəbi bitirdikdən sonra bu məqsədlə Bakıya gəldim. Elə həmin ildə uğurla Serqey Mironoviç Kirov adına Azərbayçan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olundum. Fizikanın yarımkeçiricilər sahəsini seçdim. Bu sahə o zaman Azərbaycan elmində sürətlə inkişaf edən sahə idi. Buna baxmayaraq, əlahəzrət “təsadüf” mənim taleyimdə dönüş yaratdı, öz sözünü dedi.
Quba rayonunda müəllim işləyərkən, hər dəfə Bakıya gələndə özümə iş axtardığım zaman tələbə yoldaşlarımdan biri ilə rastlaşdım (elə yeri gəlmişkən, qeyd edim ki, sonralar onun doktorluq dissertasiyasının məsləhətçisi oldum). Ona iş axtardığımı söylədim və o, mənə, – gəl, mən işlədiyim Coğrafiya İnstitutuna, orada fizikləri işə götürürlər, – dedi. Bir qədər təəccübləndim, sonra mənə məlum oldu ki, bu institut qlobal atmosfer proseslərini öyrənmək üçün Xəzər dənizinin açıq hissəsində dəniz observatoriyası yaradır. Konkret məqsədlərdən biri də dənizlə atmosferin qarşılıqlı təsirini və dənizdə turbulent hərəkətləri öyrənməkdir. Son məqsəd Yer planetinin bu gün ən vacib problemlərindən biri olan iqlimin uzunmüddətli proqnozunu verməyə yardımçı olmaqdır. Layihə beynəlxalq xarakter daşıyırdı, BMT-nin UNEP proqramları çərçivəsinə daxil edilmişdi. Layihə Coğrafiya İnstitutunda icra olunsa da, belə tədqiqatları ancaq fizika-riyaziyyat elmi bazasına malik mütəxəssislər apara bilərdi. Əsas məqsəd atmosferlə dəniz arasında qarşılıqlı təsiri, enerji, impuls, temperatur və s. selləri öyrənmək idi. Yəni mənim universitet təhsilimə uyğun idi. Sonradan mən Moskva şəhərinə gedib Okeanologiya İnstitutunun aspirantı oldum və elə həmin institutun elmi şurasında da “Xəzər dənizinin axınları və turbulentliyi” mövzusunda namizədlik dissertasiyası müdafiə etdim, okeanologiya ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını aldım. Necə deyərlər, fizik idim, çevrilib okeanoloq-xəzərşünas fizik oldum.
Bu təşkiltda işləməyə razı olmağımın əsas səbəblərindən biri də Bakı şəhərində qeydiyyatımın olmaması idi. O zaman Bakıda qeydiyyatda olmayanları işə götürməzdilər. Pirallahi adasında Coğrafiya İnstitutunun Xəzər Elmi Tədqiqat Stansiyası var idi. Bu stansiyanın tədqiqat laboratoriyaları, gəmiləri, eksperimental hovuzları ilə yanaşı, yaşayış korpusları da vardı və gəncləri işə götürəndə əvvəla ora qeydiyyata alırdılar ki, bu da mənə sərf edirdi. Üstəlik, yuxarıda qeyd etdiyim kimi, qabaqda yeni perspektivlər, beynəlxalq layihələrə qoşulmaq imkanı vardı.
Bu elmi tədqiqat stansiyasının çox maraqlı həyatı vardı. Gündüzlər laboratoriyalarda işləyər, axşamlar hamımız bir yerdə şam edər, apardığımız ölçmələrdən lovğalıqla danışardıq, dincələrdik. Nərə balığının 1 kilosunu 50 qəpiyə alardıq, bir şüşə süfrə şərabı isə 80-qəpik idi, ona görə də həftədə 2-3 dəfə axşamlar məclis qurardıq. Hərdən nərə balığına qonaq olmaq üçün Bakıdan dostlarımız da gələrdilər.
Bu stansiyada cəmi bir ay işlədikdən sonra məni “Bakuvi” elmi tədqiqat gəmisində bütün Xəzər dənizi akvatoriyasında işləmək üçün ayrılmış biraylıq ekspedisiyaya qoşdular. Belə səyahət mənim üçün həm maraqlı idi və həm də ehtiyat edirdim, belə çıxırdı ki, mən bir növ dənizçi olub bütün Xəzər dənizində üzməli idim. Nəhayət, mindim gəmiyə, yeni və gənc dənizçi olduğum üçün mənə ikinci dərəcəli kayutda yer verdilər. Gəmidə hamı məni buyururdu, bunu gətir, onu apar, bucurqanı fırlat, aşağı sal, qaldır və s. Amma bunlar mənim xoşuma gəlirdi, artıq mənim xəzərşünas olmaq qərarım qətiləşirdi. Mən ilk ekspedisiyamda Ə.Qasımov və M.Salmanov kimi məşhur alimlərlə tanış oldum, indi də onlarla dostluq edirəm. Sonralar Pirallahi adasındakı Xəzər Elmi Tədqiqat Stansiyasının rəisi oldum, Xəzər dənizində elmi tədqiqat gəmilərində keçrilən bir neçə ekspedisiyanın proqramını işlədim və rəhbərlik etdim.
Mən niyə deyirəm ki, Xəzər həm də mənim dənizimdir? Heç olmasa ona görə ki, mən ömrümün 47 ilini bu dənizə, möcüzəli təbiət obyektinə sərf etmişəm. Xəzər dənizində iyirmiyə qədər ölkədaxili və bir o qədərdə beynəlxalq layihələrə rəhbərlik etmişəm. Bu tədqiqatlar içərisində ABŞ-ın Mülki Tədqiqatlar, Avropanın Çərçivə proqramaları, NATO-nun Elm Sülh Naminə, Avropa İttifaqının İNTAS kimi beynəlxalq müsabiqədən keçmiş layihələri var. Rəhbərlik etdiyim layihələrdə Amerika, Almaniya, Rusiya, Fransa, Türkiyə və s. ölkələrin sayılıb-seçilən alimləri iştirak etmişlər. Bu dəniz məni həm ağladıb, həm də güldürüb, burada dəfələrlə ölümün gözünə baxmışam. Yeri gəlmişkən, ölümlə üzləşdiyim epizodlardan birini sizə danışım.

(Davamı var)
Xeberdar.net

XƏBƏR LENTİ