“FİKİRLƏŞİRDİK Kİ, BÖYÜYÜB VƏZİFƏLƏRDƏ OTURACAĞIQ… – Ziya Bünyadovun qatili (III HİSSƏ)

963 21-02-2018, 11:24 siyaset / gundem

“FİKİRLƏŞİRDİK Kİ, BÖYÜYÜB VƏZİFƏLƏRDƏ OTURACAĞIQ… – Ziya Bünyadovun qatili (III HİSSƏ)
Akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə almışıq.

Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır.

İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.

Nizami Nağıyevin atası, vaxtilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olmuş Adil Nağıyevin iki həftə öncə “Yeni Müsavat”a müsahibəsində açıqladığı və geniş rezonans doğuran məlumatlardan sonra Penitensiar Xidmətə məktubla müraciət etdik. Xahiş etdik ki, Ziya Bünyadovun qətlində adı keçən Nizami Nağıyevlə görüşümüzə şərait yaradılsın.

Müraciətimiz nəzərə alındı və birbaşa qədim insan məskəni – Qobustana yollandıq. Qobustan Qapalı Həbsxanası Qobustan Qoruğunun bir kənarındadır. Qoruqdakı iri daş-qayaları həbsxana həyətindən də seyr etmək olur. Bir neçə mühafizə zolağı ilə əhatələnən həbsxana ərazisindəki insanların üzü də sanki daşlaşıb, ətrafdakı qayaların bir parçasına dönüb. Nəzarətçilər suallara cavab verirlər, mimikaları dəyişmir. Sanki hisslərini büruzə vermək də yasaqdır. Burada hər bir addım nəzarət altındadır. Yatmaq da, yuxudan oyanmaq da, yemək də, içmək də, televizora baxmaq da, hamamda yuyunmaq da və s., hər şey rejimlədir. Sərbəst hərəkət azadlığı yoxdur.

Öncə onu qeyd edim, gününün böyük hissəsini könüllü şəkildə, nəzarətçi olaraq bu həbsxanada keçirmək də çox çətin işdir. Üstəlik sayıqlığı 1 saniyə belə əldən vermək olmaz…

Həbsxananın giriş qapısındakı dəmir barmaqlıqlardan düzəldilmiş məhəccərin içindəki dəmir turniketdən keçdim. Ardından yaxasındakı döş nişanından “usta” sözü asılmış zabit “əllər yuxarı” əmri verdi. Təpədən dırnağa qədər üst-başımı yoxladı, əlimdəki siqaret blokunu götürüb o tərəf, bu tərəfinə baxdı. Bağlamanın tamlığına xüsusi diqqət edib dəmir məhəccərin əks tərəfindəki əsgərə “qapını aç” əmrini verdi. Ağır dəmir qapı cırıldayıb açıldı. Həmin qapıya çatınca bir dəmir məhəccərli qapını da keçməli olduq.
“FİKİRLƏŞİRDİK Kİ, BÖYÜYÜB VƏZİFƏLƏRDƏ OTURACAĞIQ… – Ziya Bünyadovun qatili (III HİSSƏ)
Həbsxana həyətində sanki bir başqa həyatdır. Əhənglə ağardılmış çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir. Köhnəlmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənli dustağın əynindəki nimdaş gödəkçənin qolları arasından qandal parıldayır… Bayaqdan yanımda addımlayan, əli ilə hərəkət istiqamətini göstərib kəlmə də kəsməyən nəzarətçi bir otağı nişan verir. Əsgərlər dustağı gətirib yanımdakı zabitə təqdim edir, qollarındakı qandalı açırlar. Əlləri ilə qollarındakı qandalın vurulduğu yeri ovuşduran orta yaşlı arestant zabitə müraciətlə “ömürlük məhbus Nağıyev Nizami Adil oğlu” sözlərini deyir və bu zaman anlayıram ki, müsahibim qarşımdadır.

Ermənistandan Ramana sovxozuna uzanan yol…

Nizami Nağıyevin 5 yaşı olanda, 1969-cu ildə ailəsi Ermənistanın Vedi rayonunun Qaralar kəndindən Bakının Sabunçu rayonu, Ramana qəsəbəsinə köç edib. Ailədə 5 uşaq olublar. 4 qardaş, 1 bacı. Nizami Nağıyev 4-cüdür. 2 qardaşı və bacısı ondan yaşca böyükdürlər, sonra da 1 qardaşı var.

Ramanada 8 illik məktəbi bitirib və Montində 2 nömrəli texniki peşə məktəbində maşinist peşəsinə yiyələnib. Oranı bitirəndən sonra Böyükşor qəsəbəsindəki sərnişin deposunda çilingər kimi işə düzəlib. 1982-ci ildə könüllü əsgərliyə getməsi sonradan həyatını müəyyən edib, Qobustan Qapalı Həbsxanasının qapılarını üzünə açıb:

O, həyatını belə nəql etdi:
- Atam əsgərliyə getməyimdən çox sonra xəbər tutmuşdu. Ramanadakı sovxozun direktoru idi, başı çox qarışıq olurdu. Biləndə ki, əsgərliyə getmişəm, qardaşıma 100 manat vermişdi ki, məni Moskvaya saldırsın. Qoymadım. Bizi bölüşdürdülər, gedib Kuril adalarındakı hərbi hissəyə düşdüm. Atama da məktub yazdım ki, 1 yüzlük də versəydin, buradan keçərdim Yaponiyaya…

Bizi bu oyuna salan Tariyel Ramazanov 1 il sonra mən olduğum hərbi hissəyə gəlib çıxdı. 1983-cü il idi, Moskvada fizika üzrə universitet bitirib gəlmişdi. Onun atası naxçıvanlı, anası içərişəhərli idi. Ana babası 1918-ci ildə Azərbaycan Demokratik Respublikası dövründə Bakının qazisi olmuşdu. Əsgərlikdə dostluğumuz yarandı. İki azərbaycanlı uzaq Kuril adalarında bir hərbi hissəyə düşmüşdüsə, başqa cür ola da bilməzdi. Mən tərxis olunub Bakıya qayıdandan sonra o qalıb xidmətini davam etdirdi. Bakıya qayıdandan az sonra atam məni Leninqrada, gizirlər məktəbinə oxumağa göndərdi. 6 ay orada oxudum. Bakıya qayıdıb Salyan kazarmasında tağım komandiri oldum. 1990-cı il 20 yanvar hadisələri baş verəndə mən xidmətdə idim. Həmin gecə baş verənlərdən sonra orada xidmət aparan bütün azərbaycanlılar sovet ordusu sıralarını tərk etdik.

Parnik əkib, qoyun saxlayırdım…

Hərbidən ayrılandan sonra Ramanaya qayıdıb sovxozdan 1 hektar torpaq götürdüm. Həyətim də böyük idi. Şüşə parnik düzəltmişdim. Pomidor, xiyar əkir, məhsulu satıb yaxşı gəlir götürürdüm. 100 baş Qala cinsindən olan qoyunum vardı. Onları saxlamaq üçün çoban tutmuşdum. Həmin vaxt artıq ailəli idim, 2 övladım vardı. 1985-ci ildə evlənmişdim. Böyük oğlum 87, qızım 88-ci ildə dünyaya gəliblər. Kiçik oğlum 94-cü ildəndir. Vasif, Leyla, İsmayıl.

Qətlin təşkilatçısı Elmlər Akademiyasının elmi işçisi olub!

1991-ci ilin sonu idi. Tariyel kəndə yanıma gəldi. Onunla əsgərlikdən sonra tez-tez görüşürdük. Tariyel həmin vaxt artıq Milli Elmlər Akademiyasındakı institutlardan birində işləyirdi, elmi işçi idi. Boş vaxtlarında o bizə, mən onların evinə gedirdim. Vaxt olanda da şəhərdə görüşüb bulvara, kinoteatra, çayxanaya gedirdik. O vaxtlar getməyə yer o qədər də çox deyildi. “Araz” kinoteatrına, hərdən “Azərbaycan”a gedirdik. Bulvarda gedib çayxanada otururduq. Olurdu ki, mən onların evinə gedirdim. Montində, Xuluflu küçəsində yaşayırdı. O vaxt ailəli deyildi. Tariyel gec evlədi, 1996-cı ildə ailə qurdu. 1991-ci ildə yanıma gələndə dedi ki, namaz qılıram, sənə də məsləhət görürəm ki, namaz qılasan.

Onun atası Ramiz Ramazanov Milli Elmlər Akademiyasında fizika üzrə elmlər namizədi idi. Qardaşı əlil idi. Bacısı da ali təhsilli idi. Ziyalı ailə idilər.

Nizami Ziya Bünyadovun tərcümə etdiyi Quranı həbsxanada oxuyub

Tariyel İçərişəhərdə “Məhəmməd” məscidini götürüb təmir etmişdi, özü də olmuşdu məscidin başçısı. Sonradan bildim ki, o məscidi götürəndə ora dağınıq vəziyyətdə olub. Dindarlarla götürüb təmir eləmişdilər. Mən də 1992-ci ildən həmin məscidə getməyə başladım, namazı öyrəndim. O vaxta kimi içki içirdim, siqaret çəkirdim. İçkini də, siqareti də atdım, keçdim namaza, Allaha ibadət etməyə.
“FİKİRLƏŞİRDİK Kİ, BÖYÜYÜB VƏZİFƏLƏRDƏ OTURACAĞIQ… – Ziya Bünyadovun qatili (III HİSSƏ)
Söhbətin bu yerində stolun üzərindəki siqaret blokunu ona tərəf uzadıram. Deyir ki, siqaret çəkmir. Yanındakı dustaq yoldaşlarına verməsini istəyirəm. “Özümə rəva bilmədiyimi, başqasına da rəva bilmərəm”, deyir. Namaz qılıb-qılmaması ilə maraqlanıram. Təsdiq cavabından sonra söhbət müqəddəs kitablardan, dinlərdən düşür. Öyrənirəm ki, həbsə düşəndən sonra Ziya Bünyadovun kimliyi ilə daha dərindən maraqlanıb, onun tərcümə etdiyi Quran kitabını da oxuyub. Bu gün də kamerasında həmin kitabın olduğunu deyir. Söhbətimizi Ziya Bünyadovun qətlinə qədər yaşayışı, dolanışığı barədə fikirləri ilə davam etdirir:

– Adi həyat yaşayırdım. Maşın, pul, para yox idi. Onlar sonralar ticarətə girişəndən sonra oldu. 1992-ci ildə namaza başlayandan sonra elə İçərişəhərdəki “Məhəmməd” məscidində Cavanşirlə tanış oldum. Məscidə xeyli cavan uşaqlar gəlirdi. O dövrlə İslam dininə gələnlər, namaza başlayanlar həddən artıq çox idi. Çox vaxt məsciddə namaz qılmağa yer olmurdu. İndi həmin məscid qoruqdur. Həbsdə televizorda baxanda görmüşəm. Ora gələn cavan uşaqların bir hissəsi o dövrdə ayrılıb bir az yuxarıdakı “Cümə” məscidinə getdilər. Həmin vaxt o məscid də uzun illər idi ki, bağlı idi. Məscidi açdılar. Azər adında biri vardı, onunla gedən uşaqlar açmışdılar. Azərin xəbərini bir də bura düşəndən sonra aldım. Qəzetlərdə oxudum ki, o da nəsə bir iş görüb, Gürcüstana qaçıb. Biz “Məhəmməd” məscidinə yığışdığımız günlərdə Tariyel özünü məsciddə lider sayırdı. Hamı onun ətrafına toplaşırdı. Bizlər onun sözünü əmr bilirdik.

- Həmin günlərdə Qarabağda döyüşlər gedirdi, sizin də yaşınız döyüşlərə qatılmaq üçün kifayət idi. Döyüşlərə qatılmışdız?

– Hə. 1992-ci ilin yayı idi. Tariyel məni çağırdı, dedi ki, OMON-çular İrana təlim keçməyə gedirlər. Bəs mən danışmışam, sən də, Cavanşir də gedin İranda təlim keçin. Mən ilkin olaraq razılıq verdim. O vaxt böyük qardaşım Papravənddə döyüşürdü. Artilleriya batareyasının komandiri idi. Onun yanından əsgər gəlmişdi. Həmin əsgərə qoşulub qardaşımın yanına getdim. Həmin günlərdə Ağdərə alınmışdı. Döyüşdən qabaq qardaşım mənə dedi ki, sən evə qayıt, döyüşdə ölsək, birimiz ölək. Dedi burada qırğın gedəcək, qayıt evə. Etiraz eləsəm də, məni geri qaytardı. Mən Bakıya gələndə Cavanşir artıq İranda idi. Bir neçə ay sonra qayıdıb gəldi. Dedi ki, İranda Azərbaycanın bölgələrindən çox uşaq vardı, Qarabağda döyüşməyə görə orada təlim keçirdilər. Onun danışıqları məndə maraq yaratmışdı…

II HİSSƏ
“FİKİRLƏŞİRDİK Kİ, BÖYÜYÜB VƏZİFƏLƏRDƏ OTURACAĞIQ… – Ziya Bünyadovun qatili (III HİSSƏ)
“Dedi, İrandan gəlib, ”Hizbullah” qardaşdır”
1993-cü ildə Tariyel dedi ki, Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə Həccə gedirik. Gəl bizimlə gedək. O dövrdə də elə idi ki, hər kəs Həccə getmək istəyirdi. Tariyelin təklifi ilə mən də Həccə getdim. Tariyel, mən, Cavanşir, bu gün də Gəncənin imamcüməsi olan Tahir Abbasov, xanəndə Arif Babayev, xeyli başqa adamlar vardı. 1993-cü ilin may ayı idi. Surət Hüseynovun qiyam xəbərini biz orada eşitmişdik. Biz Həccdən qayıdandan sonra toplaşdığımız İçərişəhərdəki məsciddə Məhəmməd adlı bir iranlı peyda oldu.

Bir gün axşam Tariyel bizi məscidə çağırdı. Cavanşir Aslanov, Qalib Babayev, Mahir Zeynalov və mən məsciddən adamlar dağılışandan sonra qaldıq. Tariyel bizi Məhəmmədə təqdim elədi. Dedi ki, mömin uşaqlardır. Məhəmmədi də bizə təqdim etdi, dedi, İrandan gəlib, “Hizbullah” qardaşdır, bizlə dostluq etmək istəyir. O dövrdə bizlər “Hizbullah” nə olduğunu bilmirdik. Sonralar, burada (həbsxanada-E.M.) Ziya Bünyadovun tərcümə etdiyi Quranı oxuyanda bildik ki, “Hizbullah” Allahın partiyası deməkdir. Namaza təzə başlayanda Quran oxumurduq, hər şey sözlə, ağızdan-ağıza öyrənilirdi. İçimizdə ən savadlısı Tariyel idi, ona inanırdıq. Məhəmməd bizimlə söhbətdə dedi ki, siz yavaş-yavaş ticarətə keçin. Məscid sizin yeriniz deyil, məsciddən çıxın, saqqalınızı qırxın. Gedin ticarətlə məşğul olun, sırf ticarətə girişin. O vaxt Montində “Dəyirman Nadir”in oğlunun “Sünbül” adlı bankı vardı, oradan kredit götürdük. Tariyelin Balakəndə bir tələbə yoldaşı vardı, gedib onu tapdı. Oradan Moskvaya xurma vurduq. Tariyelin dayısı Moskvada yaşayırdı, yoldaşı da yəhudi idi.
“FİKİRLƏŞİRDİK Kİ, BÖYÜYÜB VƏZİFƏLƏRDƏ OTURACAĞIQ… – Ziya Bünyadovun qatili (III HİSSƏ)

Nizami Nağıyev atası Adil Nağıyevlə

“Dekabr ayında dedi ki, o tərəfdə qardaşlar sizləri də görmək istəyirlər”


Mən Balakənə gedib 2 maşın – 70 tona yaxın xurma yığıb Moskvaya yolladım. Tariyel, Cavanşir, Qalib Moskvaya xurmanı satmağa getdilər. Xurmanın satışından xeyli pul əldə etdik. “Nizami” metrosunun yaxınlığında Şahmat klubu ilə üzbəüz Mirzağa Əliyev küçəsində bir zirzəmini aldıq. Məhəmməd ora gəlib çıxdı. O, İrandan 1 maşın qab-qacaq, serviz, qazan gətirmişdi. Alverimiz başlandı. Yaxşı qazancımız oldu. Az keçmədi ki, “Xətai” metro stansiyasının yanından bir anbar aldıq. Mirzağa Əliyevdəki zirzəmini satdıq. “Xətai”dəki anbara İrandan makaron, vermeşil, şokolad və o dövrün tələbatına uyğun qida məhsulları gəldi. 2 fura (iri tonnajlı yük maşını- E.M.) qida məhsulu gəlmişdi. 1994-cü ilin yayında Tariyel dedi ki, məni o tərəfə (İrana) çağırırlar. Anbarı mənə tapşırıb getdi. Tariyel ordan bir də 3 ay sonra qayıtdı. Oradan gələndən sonra dəyişmişdi, özünü çox nizam-intizamlı aparırdı, həmişəki kimi lider hesab eləyirdi. Dekabr ayında dedi ki, o tərəfdə qardaşlar sizləri də görmək istəyirlər, sizlərlə də söhbətləri var.

- Qardaşların kimliyi, sizi niyə çağırmalarının səbəbini demədi?

– Yox, elə dedi ki, sizi gözləyirlər, gedin.

“Söhbət elədi, dedi ki, biz ”Hizbullah” təşkilatıyıq”
- Gedib qayıdandan sonra özü ilə pul, silah gətirmişdi?

– Onda pul olub, amma bizə demirdi. Silahı sonralar gətirdilər. Ümumilikdə isə əlimizdə pul vardı. Özümüz də tez-tez Türkiyədən 10 tonlarla un vurub gətirib burada satırdıq. Tariyel Cəlilabadda Vüsal Nəzərovu tapmışdı, onun vasitəsilə sərhəddən nə istəyirdik keçirirdik. Türkiyədən bura, buradan da İrana “Dendi”, kompüter, çanaq antenaları aparırdıq. Vüsal Nəzərovun qohumu vardı, o, malları sərhəddən keçirirdi o tərəfə. Tariyelə əlavə pul verilib-verilmədiyini bilmirdim. Bizim pul problemimiz yox idi. 1994-cü ilin dekabrında Cavanşir, Mahir, Qalib və mən getdik Cəlilabada. Vüsal Nəzərov bizi sərhəddə apardı. Orada hər adama görə 10 şirvan verib sənədsiz-sübutsuz o tərəfə keçirdi. Sərhəd o dövrdə bardaq idi. Camaat mal-qara, mis daşıyırdı.

Pulunu verib sərhədi keçirdin. Vüsal bir fit çaldı, oradan “starşı” Mais gəldi. Pulu alıb bizi sərhəddən yola saldı. O tərəfə keçəndən sonra Cavanşir zəng elədi, səhər Məhəmməd bir maşınla gəldi və birbaşa Tehrana getdik. Tehrana çatmamış bir qəsəbəyə apardılar. Orada bir bağa oxşar yerə getdik. Kənar aləmlə oranın təması yox idi. Ora kənardan kimsə baxsaydı, elə bilərdi ki, ora hansısa fermer təsərrüfatıdır. İçəridə böyük bir ev var idi, həyətdə də xeyli meyvə ağacları vardı. Səhəri gün bir nəfər gəldi, belə başa düşdük ki, rəhbərdir. Söhbət elədi, dedi ki, biz “Hizbullah” təşkilatıyıq. Sizlə biz qardaşıq. Dedi ki, siz burada təlim keçəcəksiniz, burada öyrəndikləriniz gələcəkdə sizə lazım olacaq. Bizə bir maşın ayırdılar. Həmin maşının ancaq ön şüşəsi vardı. “Raf” maşınlara oxşayırdı. O maşının içində olanda nə bir çölü görürdük, nə çöldən bizi görən olurdu. Maşına doldurub kənardakı kəndlərə çıxarırdılar. Həmin kəndlərdə yaşayış yox idi. Döyüş təlimləri başladı.

“Cavanşir deyirdi ki, biz təlimdə olanda Rövşən Cavadov ora gəlmişdi”
- Təlimlərdə nə öyrədirdilər?

– Amerika, Rusiya, İsrail istehsallı silahlarla davranma, partlayıcı maddələrdən istifadə, müxtəlif ağır silahlardan, pulemyotlardan atəş açma öyrənirdik, küçə şəraitində döyüş təlimləri keçirdik. Əlbəyaxa döyüşlər, cüdo üzrə təlim keçdik. Müşahidə aparmağı öyrəndik. Təlim 3 ay oldu. Tariyel bizi buradan yola salanda orada təlim keçəcəyimizi deməmişdi. Cavanşir 1992-ci ildə təlimdə olmuşdu. O vaxt onları Qarabağda döyüşlər üçün hazırlamışdılar. Cavanşir deyirdi ki, biz təlimdə olanda Rövşən Cavadov ora gəlmişdi.
- Təlimdə iştirak etməyə gəlmişdi?

– Cavanşirin dediyindən belə başa düşmüşdüm ki, gəlib azərbaycanlıların orada təlim keçməsini müşahidə etmişdi.

“Konspirativ görüşlərin keçirilməsi üçün ev idi”
– Cavanşir Aslanov həmin vaxt təlim keçəndən sonra gedib Qarabağda döyüşmüşdü?

– Yox, getməmişdi. OMON-çular getmişdilər, onu Tariyel qoymamışdı.

- Təlimlər neçə ay davam etdi?

– Biz 3 ay təlimdə olduq, sonra da qayıdıb Bakıya gəldik. Gələndən sonra Tariyel bizim hər birimizlə təkbətək söhbət elədi. Orada nə təlim keçdiyimizi, kiminlə nə söhbət etdiyimizi soruşdu. Bundan sonra adi həyatımız başlandı. Bir az keçəndən sonra Tariyel məni çağırdı. Dedi ki, Cavanşir İnqilab küçəsində ev tapıb. “Göyərçin” kafesinin arxasında, Tiflis prospektinə çıxışda 32 min dollara ev alırıq. Evi ləzgilərdən Cavanşir aldı, pulu ev sahibinin oğluna verdi. Evin sahibi kənarda qalmışdı. Pulu Tariyelə oradan verdiklərini zənn edirəm. Həmin vaxt dəstənin üzvü idim artıq, evi də adıma keçirdilər.

- Ev niyə alınmışdı?

– Evi gizli görüşlərin keçirilməsi üçün alırdıq. Konspirativ görüşlərin keçirilməsi üçün ev idi.

“Əllərində 2 diplomat vardı. İçi də silah dolu idi”
- İş yerində, anbarda söhbət etməyə şərait yox idi?

– İş yerində söhbət eləyirdik, artıq şəhərin müxtəlif yerlərində kirayə evlər də tutmuşduq. 2-3 kirayə evimiz də vardı. Tariyel kimlərləsə görüşürdü, bilirdik ki, iş gedir. Həmin günlərin birində Nəsrullah adlı bir iranlı gəldi. Tariyel dedi ki, bundan sonra Məhəmməd olmayacaq, Nəsrullah ilə işləyəcəyik. Tariyel bizə Nəsrullahı mənim adıma alınan evdə təqdim elədi. Dedi, bizim böyük qardaşımızdır, oradan gəlib. Bundan sonra nə problemimiz olsa, onunla həll edəcəyik. Nəsrullah göstəriş verdi ki, evin altında 2 zirzəmi qazın. Biri böyük, biri də kiçik zirzəmi qazıdıq. 1996-cı ildə Tariyel dedi ki, evə gedin, mən də ora gələcəyəm. Gecə idi, Cavanşirlə Qalib gəldilər. Əllərində 2 diplomat vardı. İçində də silah dolu idi. 2 “Uzi” idi, tapançalar idi. “Kalaşnikov” avtomatı, qumbaralar, fişəng, qaz balonu vardı. Diplomatları gecə ilə kimsə gətirib Qaliblə Cavanşirə vermişdi. Silahları yağlayıb əvvəldən düzəltdiyimiz balaca zirzəmiyə yerləşdirdik.

- Nəsrullah harada yaşayırdı?

– Bunu biz bilmirdik. Haradansa gəlirdi, peyda olurdu, yoxa çıxırdı.

“İrandan gələn stilist 1 aya yaxın bizə qrimlənməyi öyrətdi”
- Onda başqa təmasda olduğunuz kimsə vardı?

– 1996-cı ilin yayında oradan (İrandan) bir stilist gəldi. Bizə qrim dərsləri keçdi. Saqqal, bığ qoymaq, gözə linza taxmaq, başa parik qoymaq öyrədirdi. Cildi necə dəyişməyi izah eləyirdi. İrandan gələn stilist 1 aya yaxın bizə qrimlənməyi öyrədirdi. Gecə orada qalırdı. Biz qrimlənib şəhərə çıxırdıq. İnsanların reaksiyalarını yoxlayırdıq. Aramızdan birimizi qrimləyirdik, onunla bərabər şəhərə gəzməyə çıxırdıq. Qalanları da qrimlənənin yanında gəzib adamların reaksiyalarına baxırdıq, müşahidə aparırdıq. Camaatın bığ-saqqalın saxta olduğunu bilib-bilmədiyini aydınlaşdırırdıq.

- Qrimlənmiş görkəmdə dost-tanışınızın yanına da gedib reaksiyaları yoxlayırdız?

– Çalışırdıq tanışların arasına getməyək, birdən bizi tanıya bilərdilər, niyə görə qrimləndiyimizi soruşa bilərdilər. Ona görə də getmirdik. 1 aylıq qrim dərslərindən sonra oradan gələn stilist qayıdıb getdi.

III HİSSƏ

“Qalib 7-ci şöbənin əməkdaşı idi”
“FİKİRLƏŞİRDİK Kİ, BÖYÜYÜB VƏZİFƏLƏRDƏ OTURACAĞIQ… – Ziya Bünyadovun qatili (III HİSSƏ)
- Həmin vaxt artıq imkanlarınız da böyümüşdü?

– O vaxt artıq özümə “06″ almışdım, həyətimdəki tövlədə Qala cinsindən olan 100 baş qoyun vardı, parnikdə xiyar-pomidor əkirdim. Yəni özümün iş-gücüm də vardı. Adam tutmuşdum qoyunları otlağa aparırdı. Mənim problemim yox idi. Bu tərəfdən də ticarətdən də pul gəlirdi. Məndən başqa Tariyeldə də ”06″, Cavanşirdə “09″ vardı.

- İş materiallarında var ki, izləmə zamanı qara rəngli “Qaz-24″-dən istifadə edilib. Həmin maşın kimin idi?

– Qalib həmin maşını haradan gətirmişdi, bilmirəm.

- Qalib Babayev sizə nə vaxt qoşulmuşdu?

– Biz Həccdən qayıdandan sonra Qalibi Cavanşir gətirib bizə qoşmuşdu.

– Qətlin üstü açılandan sonra xəbər vardı ki, Qalib hüquq-mühafizə orqanlarının işçisi olub. Bu doğru xəbər idi?

– Qalib 7-ci şöbənin əməkdaşı idi. Bunu mən Xətaidə işləyəndə bilmişdim. Tutulandan sonra istintaqda bildim ki, onu polisə Tariyel KQB-də işləyən bir mayorun əli ilə düzəldib. Bu işlər çox məxfi aparılırdı. Mənim onlardan, onların məndən xəbərləri olmurdu.

- Dəstədə neçə nəfər idiz?

– 5 nəfər idik. Tariyel, Cavanşir, Qalib, Mahir və mən. Hər şey çox məxfi idi. Planlar vardı ki, gələcəkdə dəstəni böyüdək. Hərəmizin xətti ilə 2-3 nəfər cəlb edəcəkdik. Tutulandan sonra məhkəmədə bildim ki, Cavanşir Lənkərandan Xanları, Maarif Əliyevi cəlb eləyib. Tariyel bizim hamımızı kənar saxlayırdı. Ağlımıza belə gəlməzdi ki, biz kimisə öldürəcəyik.

- O günlərdə nə düşünürdüz?

– Fikirləşirdik ki, bizi vəzifələrə getmək üçün hazırlayırlar, böyüyüb vəzifələrdə oturacağıq. Həmin vaxt artıq bilirdim ki, Qalib polisdədir. O, forma geyinmirdi. Mülki geyimdə gəzirdi. İşə çıxanda ona vəsiqəni verirdilər. İşdən çıxanda vəsiqəni təhvil verirdi. 1-2 dəfə yanıma anbara pul üçün gəlmişdi. Ona dedim ki, vergidən gəlib-gedənlər var. O da mənə vəsiqəsini açıb göstərmişdi, bilmişdim ki, 7-ci şöbənin əməkdaşıdır, həm də oxuyurdu. Deyirdi ki, bizə “naloq” nə edəcək, vəsiqəni gözünə soxaram. O vaxtlar proqram üzrə inkişaf edəcəyimiz düşünürdük, parlamentə düşəcəyimizi fikirləşirdik. Bu gün FETO-çular var, biz də təxminən elə bir dəstə idik. Silahı da özümüzü müdafiə etmək üçün əldə etdiyimizi düşünürdük. Tariyelin planları belə idi.

“Aydın alimdir, bir kitab yazıb, kitabda peyğəmbəri aşağılayıb”
- Tariyel Ramazanov həmin günlərdə Milli Elmlər Akademiyasındakı işinə gedib gəlirdi?

– Yox. Ticarətə başlayandan sonra işdən çıxmışdı. Sırf ticarətlə məşğul idi. 1997-ci ilin yanvarında Nəsrullah gəldi. O da uzun vaxt idi ki, yox idi. Bəlkə Tariyellə əlaqəsi vardı, bunu biz bilmirdik. “20 Yanvar” metrosunun yanında ev tutmuşduq, orada yığışdıq. Cavanşir, Qalib, Mahir, Tariyel və mən o evə getdik. Nəsrullah ilə Tariyel orada idi. Söhbətdən belə başa düşdük ki, Nəsrullah Tariyelə danışıb, o da bizə onun fikirlərini çatdırır. Tariyel dedi ki, bir Aydın adlı şəxs var, yoldaşı da yəhudidir. Aydın alimdir, bir kitab yazıb, kitabda peyğəmbəri aşağılayıb.

- Aranızdan bir sual edən oldu ki, nə kitabdır, adı nədir, kitabda konkret olaraq nə yazılıb?

– Yox, kim idi sual verən? Tariyelə özümüz kimi inanırdıq. Əsgərlikdə necə ki, komandir nə dedi müzakirəsiz icra edilir, sonra söhbət olur, bizdə də həmin nizam-intizam vardı. Dedi ki, Aydının yoldaşı yəhudidir, özü İslam dininin düşmənidir. Azərbaycanda İslam dininə qarşı pis hərəkətlər edir, qabağını alır, çox pis hərəkətlər edir, “KQB” agentidir. Fikirləşirdim ki, yəqin Tariyel adamı elə-belə tanımır, yəqin dədəsi də evdə nəsə danışıb. Tariyel Moskvada universitet qurtarmışdı. Deyirdi Aydın sionistdir, Massonun yekəsidir, bunu mütləq cəzalandırmalıyıq. Bu söhbət oldu, dağılışdıq. Başqa söhbət olmadı. Yanvar ayının axırında bir daha toplaşdıq, bu dəfə plan cızıldı.

- Nəsrullah harada yaşayırdı, harada işləyirdi?

– Bilmirdik. O, haradansa peyda olurdu və elə də itirdi.

- İş yerinizə gəlirdi?

– 1 dəfə anbara gəldi baxdı, getdi. Özlərini çox ehtiyatlı aparırdılar. O vaxt belə şeylərə elə də əhəmiyyət vermirdik. Nə deyirdilər, “urra” deyib hücum edirdik.

- Həmin gün plan nədən ibarət oldu?

– Plana görə, Qalib Aydını güdməli idi. Onun marşrutlarını öyrənməli idi. Tariyel ona məlumatlar verməli idi. Cavanşirə tapşırıldı ki, 2 oğurluq pasport tapır. Həmin pasportlarla telefon, peycerlər alır, bir də fin bıçağı tapır. Mahirə də tapşırdılar ki, 1-2 kurtka, krassovka, papaq, əlcək alıb təşkil edir. Mənə də dedi ki, bıçaqla Aydını vuracaqsan. Həmin gün mənə dedilər ki, get otur evində, şəhərə tərəf gəlmə. Səni çağırsaq gələrsən. Mən də çıxıb getdim Ramanaya.

“Tariyel maşını ilə məni Ziya Bünyadovun yaşadığı binaya apardı”
- Evdə soruşan olmurdu ki, günlərlə harada olursan?

– Bilirdilər ki, alverlə məşğulam. Evə serviz, dəst qazanlar daşıyıb aparırdım. Bacı-qardaşa, qohum-əqrəbaya pay verirdim. Tonlarla un vurub gətirmişdik, atam Xırdalanda “Aqroprom”un sədri ilə danışmışdı. 20 ton un vermişdik. Hamı bilirdi ki, ticarətlə məşğuluq. Günlərin birində çağırdılar ki, Rusiyaya getməlisən, adam tap, oradan taxta-şalban vuracaqsan. Özümə bir yol yoldaşı tapmağımı da tapşırdılar. Aydın adlı Ramana kəndində yaşayan bir oğlanı tanıyırdım. Uzun illər Moskvada yaşamışdı. Dedim onunla danışaram. Belə də elədim. Aydın razılaşdı, dedi ki, gedək Çelyabinskdən taxta-şalban vuraq, adam tanıyıram. Tariyel də öz qonşularından Tahir adlı bir oğlanı bizə qoşdu. O da buxalteriya işlərini görməli idi… Qətldən sonra başa düşdüm ki, bütün bunlar mənim Rusiyada olmağımla bağlı fikir formalaşdırmağa yönələn addımlar olub. Tariyel dedi ki, Rusiyadan 20 gündən tez qayıtma. Anbardan müxtəlif məhsullardan nümunələr də götürüb getdik Rusiyaya. Orada müxtəlif şirkətlərə İran məhsulları olan tomat, turşular, makaron, vermeşel, şokalad nümunələri göstərib belə məhsullar satdığımızı deyib müştəri axtarırdıq. Çelyabinskdə taxta-şalban məsələsini detallı danışdıq, Tolyattidə bank tapdıq, şəmkirlilər işlədirdi. Taxta-şalbanın pulunu ora köçürəcəkdik. Elə bilirdim ki, taxta-şalbanı daşıyıb aparacağıq. Gələndən sonra Tariyelə dedim ki, hər şey hazırdır, pulu köçürək, taxta-şalban gələcək. Dedi ki, işinlə məşğul ol, bizə lazım idi ki, sən 20 gün burada olmayasan. Nəsrullah da gəldi çıxdı. O da Tariyelin sözünü dedi. Aydın da məni kənddə harada görürdü, deyirdi ki, nə oldu, taxta-şalban üçün nə vaxt gedirik? Deyirdim ki, hələ pul yoxdur. 1997-ci il fevralın əvvəli idi, hadisədən 7-8 gün əvvəl olardı. Tariyel maşını ilə məni Ziya Bünyadovun yaşadığı binaya apardı. Orada binanın giriş çıxışı, maşını harada saxlayacağını dedi.

“Ziya Bünyadovun yaşadığı binanın qabağına çatdıq”
“FİKİRLƏŞİRDİK Kİ, BÖYÜYÜB VƏZİFƏLƏRDƏ OTURACAĞIQ… – Ziya Bünyadovun qatili (III HİSSƏ)
- Ora başqa kim getmişdi?

-Cavanşir, Tariyel, Nəsrullah və mən getmişdik. Cavanşir maşından düşməmişdi. Şəhidlər Xiyabanı istiqamətindən piyada gəlib binaların qabağından keçib Ziya Bünyadovun yaşadığı binanın qabağına çatdıq. Bloku göstərdilər. Çıxanda hansı istiqamətə qaçacağımı, maşının harada dayanıb gözləyəcəyini göstərdilər. İndiyə qədər yadımdadır, orada binanın yanında “ploşadka” vardı, dedi maşın orada dayanacaq. Bundan sonra dedilər ki, get evə, çağıracağıq. Bir gün çağırdılar. Dedilər ki, gedirik. Qalib, Cavanşir, Tariyel və mən getdik. Mahir bu işlərdən kənar idi. Cavan idi deyə onu kənar saxlayırdıq. Ona kurtka, ayaqqabı, papaq, əlcək aldırmışdıq. Qaliblə mən bir maşında, Tariyellə Cavanşir bir maşında getdik. Tariyelin “06″da biz getdik, ”09″la da onlar gəldilər.

- Silahlı idiz?

– Cavanşir bıçaq almışdı. Bıçağı Tariyel Nəsrullaha göstərdi. Nəsrullah bıçağa əlini vurmadı. Tariyel ona dedi ki, qorxursan əlinin izi düşər? Bizim ən böyük səhvimiz orada başladı. Bunu orada qovmalı idik. Qovmadıq. Yəni sən qorxundan əlini bıçağa vurmursan, bizi də gör hara göndərirsən?

- Başqa söz deyən olmadı ona?

– Yox, Tariyel dedi. O, bir barmağının ucunu bıçağın tiyəsinə, o birini də bıçağın tutacağına dirəyib qaldırdı, baxdı, stolun üstünə atdı. Bıçağın ümumi görünüşünə, formasına baxdı. Əldəqayırma iri bıçaq idi. Peycerlər, telefonlar da hazır idi. Peycerlər əvvəldən var idi, onlarla əlaqə saxlayırdıq. Məsələn, yazırdı ki, gəlin şəhərə. Və ya gəlin bağa. Yəni aldığımız konspirativ evə. Yazırdı ki, bu gün Aydınla məşğul olacağıq.

(ardı var)

Elşən MƏMMƏDƏLİYEV, musavat.com

XƏBƏR LENTİ