DİN Əlahiddə Çevik Polis Alayında Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib

728 24-02-2018, 13:54 cemiyyet / gundem

DİN Əlahiddə Çevik Polis Alayında Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilibFevralın 23-də Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

DİN mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Alay komandiri, polis general-mayoru Zaur Abdullayev mərasimdə çıxış edərək Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, erməni millətçilərinin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə danışıb. Bildirilib ki, bu faciənin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərinə çatdırılması məqsədilə mühüm işlər görülüb, layihələr həyata keçirilib.

Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun direktor müavini Cəbi Bəhramov qeyd edib ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb, öz tarixi torpaqlarından didərgin salınıb. Hələ ötən əsrin əvvəllərində “Dənizdən - dənizə böyük Ermənistan” yaratmaq xülyasında olanlar 1905-1906-cı illərdə Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və digər bölgələrimizdə dinc azərbaycanlılara qarşı qırğınlar törədib, əhalini amansızlıqla qətlə yetirib, şəhər və kəndləri viran qoyublar. Bu siyasətin davamı olaraq, erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvəllərindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılıb, digər bölgələrdə isə 60 yaşayış məskəni məhv edilib. Erməni-bolşevik birləşmələri təkcə 1918-ci il martın 31-də və aprelin ilk günlərində Bakıda 12 min dinc insan qətlə yetiriblər. Həmin ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilib, 167 kənd dağıdılıb.

C.Bəhramov vurğulayıb ki, Cənubi Qafqazın sovetləşməsindən sonra ermənilər mərkəzdəki havadarlarının əli ilə 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-ə daxil etməyə nail olublar, sonralar Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə Muxtar Vilayət statusu verilib. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qərarına əsasən, 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülüb.
Azərbaycan xalqının yetirdiyi nadir tarixi şəxsiyyət, xalqımızın ulu öndəri Heydər Əliyev ölkəmizdə siyasi rəhbərlikdə olduğu və ondan sonra SSRİ rəhbərliyində təmsil olduğu illərdə erməni ideoloqlarının bütün cəhdləri iflasa uğrayıb. 1987-ci ilin sonlarında ulu öndərimiz tutduğu yüksək vəzifələrdən istefa verdikdən sonra daşnak ideoloqları öz təcavüzkar niyyətlərini gerçəkləşdirmək üçün hərəkətə keçiblər.

Öz iyrənc məqsədlərinə çatmaq üçün onlar kütləvi terrorlara əl atıblar. Dağlıq Qarabağı ələ keçirmək üçün onlar Xocalını əsas hədəf götürüblər. Hələ faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanıb və Xocalı, faktiki olaraq, mühasirəyə alınıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayın hərbi texnikası və canlı qüvvəsi ilə şəhərə daxil olub. Xocalı yerlə - yeksan edilib… Bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb, 8 ailə tamamilə məhv edilib. Ertəsi gün hadisə yerində olan Fransanın “Le Mond” qəzetinin müxbiri yazıb ki, “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra faiciənin araşdırılması üçün ciddi tədbirlər görüb. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.”.

C.Bayramov onu da diqqətə çatdırıb ki, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu müstəsna xidmətlər göstərir.

Xeberdar.net

XƏBƏR LENTİ