Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət sahələri müəyyənləşir

970 28-02-2018, 10:54 iqtisadiyyat / gundem

Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət sahələri müəyyənləşir
Azərbaycan Prezidentinin 2017-ci il 13 noyabr tarixli fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yaradılması nəzərdə tutulub.

Bu barədə “Report”a Agentliyin Kommunikasiya və İnformaisya Texnologiyaları şöbəsindən məlumat verilib.

Nizamnaməsi və strukturu hazırlanmaqda olan İnstitut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparacaq, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsi həyata keçirəcək, qida təhlükəsizliyi sahəsində normativ-texniki aktların layihələrini hazırlayacaq, qida məhsullarına dair beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərəcək.

Dünya praktikasında, məsələn, Avropa ölkələrində, Amerikada həm dövlət səviyyəsində, həm də müstəqil olaraq anoloji institutlar mövcuddur. Qida sahəsində xüsusilə elmi araşdırmaların aparılmasında bu institutların çox böyük əhəmiyyəti var. Beynəlxalq təcrübədən məlum olduğu kimi, belə institutların tədqiqatlarının mərkəzində, hər hansı qida məhsullarının insan orqanizminə təsiri üzrə çoxillik araşdırmalardan tutmuş, qablaşdırmalar, qida əlavələri, müxtəlif məhsulların inqrediyentlərinədək qida təhlükəsizliyinin bütün aspektlərinin öyrənilməsi durur, təcrübələr qoyulur, alınan nəticələr növbəti mərhələlərdə standart və tələblərin yaradılması üçün əsas və istinad rolu oynayır. Eləcə də təhlükəli qida məhsullarının insan orqanizmində yarada biləcəyi xəstəliklər, risklər öyrənilir, onların dərəcələri barədə məlumatlar verilir.

xeberdar.net

XƏBƏR LENTİ