Sadiq dost - (hekayə)

896 29-03-2018, 12:05 kose / gundem

Sadiq dost - (hekayə)
Çingizin Reks adlı bir iti var idi. Çox sadiq idi. Heç deməzdin ki, heyvandır. Çingizin ona olan qayğısı iti ona bir qədər də bağlamışdı. Bu səbəbdən də o, dostunu həmişə qoruyurdu. Hara getsə yanı ilə gedirdi. Başını ayaqlarına sürtüb əziziləyirdi. Onların dostluğundan bütün uşaqlar, qonşular danışırdı. Çingizin əzizləyib oyunlar oynadığı, qayğısına qaldığı iti sanki dil bilirdi. Dostunun qayğısından xoşhal olurdu. Baxışları ilə ona minnətdarlığını bildirir, quyruğunu bulayırdı. Çingiz itini gözündən qoymazdı. Gecələr onu evdə yatırdır, ona aid yeməklər yedirər, su verərdi.
Günlərin bir günü Çingiz xəstələndi. Çingizin günlərlə çəkən xəstəliyi sadiq dostunu da üzürdü. O yemək yemir, sevinmirdi. Bir küncə qısılıb kədərli baxışları ilə dostunu seyr edirdi. Tez-tez yatağına yaxınlaşıb çarpayısına üzünü sürtür, özünə məxsus səslə sanki tez sağalmasını arzulayırdı. Gecələr yuxusuz qalırdı. Oyanıb dostuna baxırdı. Bilirdi ki, dostu çox xəstədir. Çingizin ailəsi, ata-anası iti onun yanına buraxmaq istəmirdi. Düşünürdülər ki, xəstəlik itdən keçib. Amma, it yenə də Çingizin yanına gəlir, üzünü onun çarpayısına sürtürdü.
Uzun sürən müalicədən sonra Çingiz sağalıb ayağa qalxdı. Bu günlər ərzində itin Çingizə olan sevgisi ailəsini heyrətləndirmişdi. Hər gün oynayan, yeməyini yeyən Reks Çingizin xəstə olduğu günlərdə yeməkdən kəsildi. Sükuta qərq oldu. Arıqladı. Sanki ən yaxın əzizi xəstə idi.

Çingizin sağalması, yataqdan qalxması Reksin üzünə təbəssüm gətirdi. Sevinə-sevinə dostunun ayaqlarını sığallayan it elə bil ki, özünə gəlmişdi. Oynayır, atdanır, özünəməxsus şəkildə şənlənirdi.
Bu səhnəni görən valideynləri üzünü Çingizə tutub deyirdilər:
- Oğlum, səni sadiq dostunun sevgisi sağaltdı. O səni bir an da olsa tək qoymadı. Bu aylar ərzində bircə dəfə də yatağının yanından ayrılmadı. Sən Reksin sevgisinin sayəsində sağaldın. Bizi bağışla, həmişə səni danlayırdıq ki, onu qov getsin.
Üzünə təbəssüm qonan Çingiz dostunun başını sığallayıb dedi:
- Siz mənim dostuma bir heyvan, it gözü ilə baxırdınız. Amma, mən onu dostum kimi sevirdim. Onun etibarına, sadiqliyinə əmin idim. Siz isə bunu anlamırdınız. O çox etibarlı, sadiq dostdur. Dostuna görə özünü oda, alova atar.
Bu söhbətin üstündən aylar keçdi. Bir gün gözlənilməz faciə baş verdi. Çingizin ata-anası işdə idi. Çingiz də evdə tək idi. Televizora baxır, istirahət edir, dərs çalışırdı. Sadiq dostu Reks də evdə idi. Həyətdə öz dünyasını yaşayır, özünü günəşə verirdi. Çingiz birdən birə qəribə iy hiss edib mətbəxə keçdi. Evdə qaz sobası açıq qalmışdı. Bu zaman dəhşətli hadisə baş verdi. Artıq gec idi. Qaz sobası partlamışdı. Hər tərəfi od-alov bürümüşdü. Reks səsi eşidib tez özünü evə atdı. Dostunu od-alovun içində gördü. Tez küçəyə qaçdı. Qarşısına çıxan qonşunun ətəyindən tutub zingildəməyə başladı. İtin dalıyca alova doğru gələn qonşu ölümlə çarpışan Çingizi çiyninə alıb çölə çıxardı. Bu vaxt artıq yanğınsöndürən də, təcili yardım da gəlmişdi. Çingizi maşına qoyub xəstəxanaya apardılar. Reksi kənara itələyib maşını sürsələr də, o, dayanmamışdı. Sürətlə təcili yatdım maşınının dalınca qaçmışdı.
Qonşular Çingizin valideynlərinə zəng edib məsələni bildirmişdilər. Əməliyyatdan çıxanda Çingizin ata-anası da artıq özlərini xəstəxanaya çatdırmışdılar. Onlar burada narahat-narahat vurnuxan iti görəndə çaşıb qalmışdılar. Qonşular Reks olmasa idi Çingiz içəridə yanacaqdı, dedilər. Nə qədər kədərli, ağrılı olsalar da valideynləri Çingizin sadiq dostunun başını sığallayıb “Çingizin sadiq dostudur” söylədilər. Özünə gələndən sonra məsələni Çingizə danışan valideynləri “Səni ölümdən sadiq dostun qurtardı” dedilər. Minnətdarlıqla dostuna baxan Çingiz dedi:
- Bilirdim ki, məni ən dar günümdə, ölümdən belə sən qurtaracaqsan. Sən əsl dostsan!

Oğuz Qocatürk
132-134 nömrəli Təhsil Kompleksinin
6a sinif şagirdi

XƏBƏR LENTİ