Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - III Yazı

1 047 4-04-2018, 13:19 kose / siyaset / gundem

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - III Yazı
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Əvvəli burada ( My Webpage)

Azərbycan türk filosofu A.A.Bakıxanov İslam-Şərq mədəniyyətinə, dini üsul və qaydalara toxunmadan, daha çox onlara olunmuş əlavələrə, xüsusilə riyakar ruhanilərin əməllərinə qarşı çıxmışdır. Mütəfəkkir üçün yalançı zahidlik, ruhanilik açıq küfrdən, bütpərəstlikdən daha təhlükəlidir. Çünki bu zaman İslama daha çox xətər dəymiş olur: ““Bütün şeylər onun həmdini zikr edirlər” - ayəsi mövcibincə şəriət hökmlərindən də xəbərdar olmalıyıq ki, zahidlik bizim yolumuzun üstündə tələ olmasın və sənin əməllərin riya və ya adət üzündən olmasın; çünki riya üzündən olan zahidlik Allaha gizlicə şərik qərar verməkdən və zahiri küfrdən bedtərdir. Bütpərəstlitk bu cür zahidlikdən fəzilətdir; çünki o, etiqad üzündən, bu isə qərəz üzündəndir”.

Bakıxanov riyakar zahidliyin İslam üçün təhlükəsini 7 bənddə göstərmişdir: 1) zahidlikdə təkəbbür və iftixar, fisqdə isə peşmançılıq və zavalılıq vardır; 2) zahidliyin xisləti daimi, fisqinki isə anidir; 3) fasiq (yaramaz hərəkət edən şəxs-F.Ə.) adama nəsihət edənin məzəmməti təsir edər, zahid isə öz əməlindən fəxr edib, özgələrinə tənə vurar; 4) fasiq adam üçün yüz cür zərər, əzab və xar olmaq qorxusu vardır. Lakin zahid xalq arasında hörmətli hesab edilərək, məişətdə onların neməti ilə təmin olunar; 5) riyasız zahidliyə çox az təsadüf edilir, lakin fisqi isə gizli etmək lazım gəlir; 6) zahidlik xalqın gözəl zənni səbəbindən fisqin toru ola bilər. Lakin fasiqdə bu xasiyyət yoxdur; 7) fasiq çox zaman haqqın köməyinə, zahid isə əməlinə arxalanır.

Beləliklə, Bakıxanov yeni dövrdə bəlkə ilk dəfə, artıq neçə əsrlər məscidlərdə kök salmış və İslamın adından çıxış edən riyakar ruhanilərin, zahidlərin qeyri-islami əməllərinə qarşı açıq şəkildə etiraz etmişdir. O, “Mişkatül-ənvar”da yazır:

Ey düzlüyü sevən, eşqi gəl eyləmə məzəmmət,
Zahidlikdə mən görmürəm nicat üçün əlamət.

Küfrilə din heyran qalıb, onlar kimi arayır?
Daraq, kimin mişk ətirli saçlarını darayır?!

Hər halda Bakıxanovdan başlayaraq ümumiyyətlə, İslam-Şərq mədəniyyətinə münasibətdə bir dəyişiklik hiss olunur ki, bunu da dar çərçivədə anlayıb təhlil etmək doğru olmazdı. Belə ki, Azərbaycan türk mütəfəkkirləri Qərbdə baş verən yeniliklərdən, müsəlman ölkələrində baş alıb gedən mövhumat, xurafat, fanatizmdən, yalançı ruhanilərin əməllərindən asılı olaraq İslam dininin, Şərq mədəniyyətinin bu məsələlərdə mövqeyini müxtəlif yönlərdən qiymətləndirməyə çalışmışlar. Məsələn, Bakıxanovın fikrincə, son əsrlərə qədər olduğu kimi din əxlaqi-mənəvi bir ideya kimi qalmalı və cəmiyyətin siyasi həyatına qarışmamalıdır. Bu anlamda bir çox ruhanilər, din rəhbərləri İslam dininin qayda qanunlarına zahiri münasibət bəsləməkdən, siyasi hakimiyyətdə şəxsi maraqları üçün istifadə etməkdən əl çəkməlidirlər. Başqa sözlə, İslam dini adından çıxış edən din xadimləri nəfsinə hakim olmasa, onların üzü həya tanımayacağı təqdirdə din əldən gedəcəkdir. O, yazır:

Nəfsin olsa can mülkündə sayğısız bir hökümdar,
Əvvəlcə o öz həyanı ortalıqdan qaldırar.

Bu sözlərdən yol açılar belə dərin mənaya:
Ki, din əldən gedər əgər tanımasa üz həya.

Ona görə də, Azərbaycan mütəfəkkiri din adı altında həm siyasi hakimiyyətdə, həm də cəmiyyətin yaşamında sui-istifadə edən din xadimlərinə qarşı kəskin şəkildə öz etirazını bildirmiş, bu cür müsəlmançılığı qətiyyən qəbul etməmişdir. O yazır:

Bu bədxahlıq, yaramazlıq, xəbisliklə, ey cahil,
İbadətin mənasızdır, qəbul olmaz duan, bil!

Bu hərəkət çox bən zəyir dərgahında üsyana,
Zahirdə həqq, batindəsə bağlanmasın şeytana.
Yaxud da:
Əlindən yaxşı bir iş çıxmayan kəslər deyil mömin,
Həqiqət və ədalətdən kənar hər kəs də kafərdir.

Maraqlıdır ki, Bakıxanov fəlsəfənin əsas məsələrinmə yanaşmada sufi-panteist mövqedən çıxış etmişdir. O, üzünü zahidlərə tutaraq deyirdi ki, yaradılış mənasından uzaq düşdükləri üçün İslam dininin qayda qanunlarına da əməl etmirlər. Halbuki öz ürəyini azadlıqdan zindana salan isanlar bilməlidirlər ki, onların yaradılışında köləlik, ikiüzlülük, məddahlıq yoxdur; çünki çoxun başlanğıcı təkdir. İnsan yaradılışdan, ilk başlanğıcdan Haqqın bir zərrəsidir ki, Yaradan da ona qayıtmaq üçün insana əqil vermişdir. Ancaq insan Haqqın bir zərrəsi olmasını da, əqli ilə Allaha yaxın olmasını da unutmşdur. Bir sözlə, Bakıxanova görə, çox təkdən yaranmışdır, tək olan Allaha qayıdışa səbəb də təmannasız sevgi olacaqdır. Bizcə, bir şeirində Bakıxanov Allah insan eyniyyətini çox yüksək səviyyədə ifadə etmişdir. O, yazır:

Həq yaratdı özü kim səni, verdi min ziynət,
Bu qamətlə dedi bizə etməlisən itaət.

Onda olan əlaməti, o cəlalı istəsən,
Sidq ürəklə, doğru dillə zülcəllalı istə sən!

Xəlvətdən bir mənzil verdi sənə möhkəm, mükəmməl,
Sonra dedi öz əqlinlə bizə tərəf qayıt, gəl!

Lakin indi bunları sən unutmusan, ey insan,
Heyif olsun sənə heyif, yazıq sənə, bir utan!

Bəzən guya meyl edirsən ibadətə, Xaliqə,
Pərdə olur öz varlığın itaətə, Xaliqə!

Cəhənnəm qorxusu, ya behişt üçün ibadət,
Etməz Haqqın dərgahında sadiqliyə dəlalət.

Hətta, Bakıxanov etiraf edirdi ki, ikiüzlü ruhanilərin, zülmkar məmurların əməlləri başqa insanlar kimi onu da az qala müsəlmanlıqdan uzaqlaşdırır və kafirliyə sövq edir:

Kafirlik ömrümü etmişdir hədər,
Məqsədçin mən hara eyləyim səfər?
Hardadır dünyada o müsəlmanlıq,
Ki, olsun bu yolda qəlbimə rəhbər?!

Şübhəsiz, bütün bunlar heç də bəzi tədqiqatçıların iddia etdiyi kimi, Bakıxanovun elmi-materialist dünyagörüşünə yaxınlaşmasının nəticəsi hesab oluna bilməz. Məsələn, 7 cildlik “Azərbaycan tarixi”nin 4-cü cildində A.A.Bakıxanov haqqında bununla bağlı məntiqsiz bir mülahizə öz əksini tapmışdır: “Yerin və digər planetlərin Günəş ətrafında fırlanmasını sübut edən A.Bakıxanov islamın müddəalarını təkzib edir…”. Bizcə, Bakıxanov burada İslam dininin müddəalarının təkzibi etməyi deyil, tam əksinə bu dinin özündə də əks olunduğu kimi, həqiqəti görmüş və onu dəyərləndirməyə çalışmışdır. Bu anlamda, onun dünyagörüşündə yer tapmış astronomiya, kosmoqrafiyaya aid məsələlər də toxunmağı zəruri hesab etdik. Bakıxanovun xüsusilə, “Əsrarül-mələkut” əsərində üç məsələni: 1) Yerin vəziyyəti, 2) Səma cisimləri haqqında, və 3) Kepler qanunları və Nyutonun ümumdünya cazibə qanununu şərh etmişdir. O, bu əsərində öncə Yerin vəziyyəti ilə bağlı Günəş sistemini və onun mahiyyətini şərh etmiş, bununla bağlı Ptolemeyin, Kopernikin, Aristarxın və başqalarının nəzəriyyələrini geniş şəkildə təhlil süzgəcindən keçirir. Onun fikrincə, Yer kürəsi iolə bağlı hələlik, ən mükəmməl nəzəriyyə Kopernikə məxsusdur.

O yazırdı ki, Kopernikin heliosentrik nəzəriyyəsi sübut olunubsa, o zaman nə görə, Yer Günəş ətrafında dövr edib fırlanır, əks halda Yerin Günəşə çevrilmiş tərəfində həmişə gündüz və yay olardı, əks tərəfində isə bir gecə və qış hökm sürərdi. Ay və Günəş haqqında da geniş məlumat verən Bakıxanov hər iki göy cisminin tutulması haqqında yazırdı: “Ay tutulması Yer Günəşlə Ay arasında olduqda, Günəşin tutulması isə Ay Günəşlə Yer arasında olduqda baş verir. ayın tutulması Ay bədirləndiyi vaxt gecə, Günün tutulması isə Ayın Günə. Şüalanmasından aşağıda yerləşdiyi zaman baş verir. Tutulmaların heç biri hər ay başı əmələ gəlməz, ona görə ki, Ayın orbiti və Zodiakın zolağı ekvatora doğru müxtəlif meylə malikdir. Onların ekvatora doğru meyilliyinin fərqini müəyyən etməklə Ay və ya Günəşin tutulmasınln vaxtını qabaqcadan xəbər vermək olar”. Eyni zamanda, o, Ay, Günəş və digər göy cisimlərindən bəhs edərkən Qurandan da nümunlər vermişdir. Bakıxanova görə, kainat sistemləri, ulduzlar sitemi, Günəş sistemi və s. ilə bağlı Quranda bir çox ayələr vardır. Onun fikrincə, hər şey Allahın iradəsi altında olduğu üçün istənilən O, istəyəndə yaradır, istəməyəndə məhv edir. Yaxud da Allah istərsə yaratdığı bir planet gələcəkdə yeni bir planet kimi meydana çıxsın.

Gördüyümüz kimi, Bakıxanov bütün hallarda bu məsələlərə baxışında Allahın mütləq iradəsini də ifadə etməyi unutmamışdır. Doğrudur, ilk baxışda onun bəzən Allahın mütləq iradəsinə şübhə ilə baxdığını ortaya qoyan düşüncələri də var. Məsələn, “Suallar” şeirində Bakıxanov cəsarətlə yazırdı ki, əgər bütün səmavi dinlər doğrudrsa, haqq dinidirsə, yəni heç bir kəs küfr dinini qəbul etmirsə, o zaman insanlar arasında fikir ayrılıqlarına səbəb nədir:

Həqiqətdə yoxsa əgər küfrü din,
Bəs nə üçün hərə tutmuş bir ayin?
Əgər kitab təkcə doğru yoldursa,
Hərə bir yol tutmuş neçin dünyada?

Ancaq daha sonra Bakıxanov etiraf edir ki, müasiri olduğu dövrdə riyakar zahidlərin ucbatından müsəlman nə özünü tamamilə haqq din hesab etdiyi dinə bağlaya bilir, nə də, ağlının köməyi ilə başqa bir çıxış yolu tapır. O, yazır:

Mən ki, möhkəm deyiləm dinimə, qorxum budur ah,
Axiri səcdə edim bir bütə mən pünhani.

Bakıxanov görə, Qərb dünyasında, o cümlədən Avropada yenilik qapısı cəmiyyətlrin üzünə açıldığı halda, bunun tam əksi olaraq İslam Şərqi ölkələrinə yenilik qapılarının bağlanmasının əsas səbəbkarları İslam dini ya da İslam dinini qəbil etmiş müsəlman xalqlarının mədəniyyətləri deyil. Belə ki, müsəlman xalqları ikiüzlü, riyakar ruhanilərin və despotik məmurların mənfi əməlləri sayəsində İslam dininin, Şərq mədəniyyətinin mütərəqqi ənənələrindən uzaqlaşdırılmışdır. Bütün bunları bir şeirində mütəfəkkir tam çılpaqlığı ilə ifadə etmişdir:

İndi zəmanə içrə fəzilətilə olmur intixab,
İşlər dolaşmış, öylə ki,yox işdə haqq-hesab.
Hər kəs nə istəyir eləyir, yox sənəd, sübut,
Guya ki, ən zəif şey imiş dünyada kitab.
Axırda boş xəyal ilə bir iddia olar,
Kim göydə heç də dövr eləmir mahü afitab.
Bir fiqhə bağlıdır görürəm işlər ah, əsəf,
Hər kəs özün görür, başa düşmür günah, səvab.
Şöhrət adıyla hökm edilir, ədlə yox baxan,
Düzlüklə əyrilik qarışıb, artmış iztirab.
Cənnət içində də elə bil əyrilik düşüb,
Allah şərikidir deyəsən orada hər cənab.
Axtarma Qüdsi, sözdə dəlilü sualı sən,
Küfrə gedib çıxar sonu hər verdiyin cavab.

Çox yazıqlar olsun ki, bu məsələyə münasibətdə Bakıxanovdan fərqli olaraq Mirzə Kazımbəy, M.F.Axundzadə Şərq-İslam mədəniyyətinin gerilməsində əsas hədəf kimi yalnız İslam dininin, milli mədəniyyətin özünü hədəf seçmişdilər. Hər halda, Mirzə Kazım bəyin xristian dinini qəbul etməsi, Axundzadənin “Kəmalüdövlə məktubları”nda İslam dinini ifrat şəkildə tənqid etməsi bizə, bunu deməyə əsas verir. Məsələn, Bakıxanovla Vazeh müasiri olduqları müsəlman cəmiyyətlərində (Qacarlar, Osmanlı və b.) hökm sürən nadanlıq, ədalətsizlik və özbaşnalığı ruhanilərin əksəriyyətinin riyakarlığındında, xalqın dinə olan inamından sui-istifadə etmələrində görsələr də, ancaq Axundzadə, Mirzə Kazım bəy kimi, İslam dinini, milli mədəniyyəti əsas tənqid obyekti kimi götürməmişdilər. Bakıxanov hesab edirdi ki, İslam dini müsəlmanlara təhsil verilməsini, ədəb öyrədilməsini vacib buyurduğu halda, bu gün müsəlman xalqlarının (Osmanlı, Qacarlar və b.) təhsil və ədəbdən uzaq olmasının başlıca günahkarı İslam dini ya da milli mədəniyyət deyil, riyakar din alimləri, məddah ziyalılardır. O, yazır:

Yadındamı Rum elində (Osmanlı), İranda (Qacarlar),
Bir düşkünlük görmüşdün hər insanda.
Xəbərsizdi onlar bütün aləmdən,
Yabançıydı onlara hər ülmü fən.
Fəxr edirdi hər kəs varla, nəsəblə,
İşi yoxdu təhsil ilə, ədəblə.
Bir məqsəddi dövlət yığmaq hər kəsə,
O dövləti sərf etsin boş həvəsə.
Axtarıb bir mənsəb tapsın özünə,
Zorla xalqı tabe etsin özünə.
Dəm vuraraq onlar həsəb-nəsəbdən,
Kənardılar hər bir hünər ədəbdən.

Xeberdar.net

XƏBƏR LENTİ