Müstəqil Ağayev-Məhəmməd Hadinin insan haqqında düşüncələri (ı yazı)

1 207 27-04-2018, 12:27 kose / gundem

Müstəqil Ağayev-Məhəmməd Hadinin insan haqqında düşüncələri (ı yazı)

Əsil insanın, ləyaqətli vətəndaşın yetişməsində məktəbin, elm və irfan ocağının misilsiz rolunu M.Hadi də yüksək qiymətləndirir. O göstərir ki, insanları da müəyyən əlamətlərə görə fərqləndirmək, ayırmaq olur. Bu meyar, bu ölçü insanlar arasında v i c d a n adı ilə məşhurdur. Kim bu yüksək keyfiyyətə maıikdirsə, o, heç bir zaman əyintiyə, nöqsana, ədalətsizliyə yol verməz. Bu keyfiyyət ona həyatın hər cür burulğanından salamat çıxmaqda , şər qüvvələr qarşısında əyilməməkdə dayaq olar, həqiqətin gözünə dik baxmağa cəsarət verər.
Təəssüf ki, bu cür keyfiyyət bütün insan övladına müyəssər olmur. İnsanın belə bir keyfiyyət əldə etməsi tərbiyə ilə, məktəblə, mədrəsə ilə mümkündür. Yalnız təhsil, məktəb insanın vicdan aynasını parlaqlaşdıra, saflaşdıra bilər. Yalnız məktəb vasitəsilə insan oğlu şərəfli ad qazana bilər. Məktəb insanı bir şəxsiyyət kimi formalaşdırır, onu qeyri-insani hərəkətlərdən çəkindirir. Böyük mütəfəkkir bu münasibətlə “Məktəb” şeirində yazır:

Məktəblə bulur təsfiyə ayineyi-vicdan,
Məktəblə edər kəsbi-şərəf zadeyi-insan

Şairə görə insanı insan edən, onu digər yaranmışlardan fərqləndirən əsas cəhətlərdən biri də m ə r i f ə t d i r . Mərifət olmasa, elm, hünər də öz dəyərini itirər. O, hər şeyin əsasıdır. Bütün digər keyfiyyətlər yalnız mərifətlə birləşdikdə insanı həqiqi insan səviyyəsinə qaldırar, ona şərəf, şöhrət və ucalıq gətirər:
İnsana şərəfbəxş fəqət elmü hünərdir,
Bimərifət adəm canı yox xüşk şəcərdir.

M.Hadi mərifətsiz, qabiliyyətsiz adamı quru ağaca bənzədir. Mərifət insanın həm daxili, həm də xarici aləmini nurlandırır, ona zinət verir, insan mərifəri ilə öz həmcinslərindən fərqlənir, ya ali məqamda, ya da ən aşağı məqamda yer tutur. Mərifət insanı mələkdən də hörmətli, qiymətli etməyə qadirdir. Dini əqidəyə görə, mələk bəşəri keyfiyyətlərin bir çoxundan məhrumdur. Onlar yeməz, içməz, doğub törəməzlər. Deməli, onlarda tamah, paxıllıq, ədavət, düşmənçilik və sair kimi buna bənzər bəşəri hisslər yoxdur.

İnsanı alçaldan, onu rəzil edən, hörmət və izzətdən salan da elə bu hisslərdir. Mərifət yalnız belə hisslərdən azad olan insanlarda mövcuddur. Hər kin heyvani hisslərini cilovlaya bilsə, onun əsas ölçü meyarı mərifət, qabiliyyət olsa, onda mələk xislətli insan kimi şöhrət qazanar. “İnsan nə ilə mükərrəmdir?” şeirində M.Hadi yazır:
Olursa mərifətpərvər—məlaikdən mükərrəmdir,
Yaşarsa aləmi-vəhşətdə --heyvandan da kəmtərdir.

Deməli, mərifəti olmayan adam heyvana bənzər, sanki vəhşilər aləmində böyüyüb ərsəyə çatmışdır.
Məhəmməd hadi insanı ən uca məqamlarda görmək istəyir. İnsan yalnız yüksək məqamlar üçün yaranmışdır Digər canlı varlıqlar bu məqama yabançıdır. Axı onları təbiət özü dünyanı dərketmə qabiliyyətindən məhrum etmişdir. Bu qabiliyyət yaranmışların əşrəfi olan insana məxsusdur. Şair göstərir ki, allah-taala öz kəramətini ancaq adəm övladına bəxş edib. Bunu əsas tutan peyğəmbərimiz də insana elm, ədəb, mərifət əldə etməyi, elmin yolunda bütün çətinliklərə sinə gərməyi tövsiyə etmişdir:
“Vəkərrəmna bəni-adəm” nişanın hifz üçün, Hadi,
Maarif kəsbi qılmaq bizlərə əmri-peyəmbərdir.

Şairə görə, insan həmişə ayıq-sayıq, çalı.qan, düşünən, yaradan, quran, nəyi isə meydana gətirən olmalıdır. Süstlük, qəflətdə qaımaq, hərəkətsizlik, nadanlkıq insanı hər şeydən məhrum edir. İnsan bu sifətlərdən uzaq olmalıdır. O, yaxşıya, ali olana, yüksəklərə can atmalıdır.
Məhəmməd Hadi üzünü qələmə tutub sözünü insanlara deyir. Çünki qələm insanın itaətindədir, onun beyninin, qəlbinin tərcümanıdır.Şair göstərir ki, insan allah qarşısında bağəşlanmasını, bütün günah və təqsirlərinin əfv edilməsini istəyirsə, gərək həyatda ədalətpərvər olsun, hamıya əl tutsun, yıxılanı qaldırsın, qaçana aman versin, günahkarı bağışlamağı, caninin, yeri gəldikdə, təqsirindən keçməyi bacarsın. Bu sifətlər insan üçünən böyük şərəf və nüfuzdur “Qələm” şeirində şair belə deyir:
Dilərsən məğfərət həqdən, ədalətpərvər ol, dad et!

İnsanların hörmətə, izzətə layiq olanları o şəxslərdirlər ki, onlar özlərinin hərəkət və davranışları ilə kimsənin könlünü sındırmamış, qəlbinə dəyməmiş, qəminə, kədərinə səbəb olmamış, heç kimə əziyyət, əzab verməmiş, heç kəsin həyatına, məişətinə mane olmamışlar. İnsan bu əməllər üçün yaranmamışdır. Onun vəzifəsi yıxılanı qaldırmaq, dağılanı tikmək, bərpa etmək, qurmaq, sınanı birləşdirmək, bərbad olanı bərpa etməkdir:
Könül sındırma, ev yıxma, əziyyət vermə məxluqə,
Yıxılmış xanəni məmur, sınmış könlü abad et!

İnsanın bəzəyi ədəb, fəzilət, kamaldır, gözəl xasiyyətdir. Əgər bunlardan biri çatışmazsa, insan yarımçıqdır, naqisdir. Onun təkmilləşməyə, kamilləşməyə böyük ehtiyacı vardır. Şair bu fikrini “Qızlar bağçası” əsərində belə ifadə edir:
Zinəti-candır ədəb, fəzlü kamal,
Adəmin zivəridir yaxşı xisal.

M.Hadinin nəzərində insan həmişə məğrur, alicənab, nəfsini, heysiyyətini hər şeydən uca tutan, çətinlik qarşısında sınmayan, əzəmətli və möhtəşəm bir varlıqdır. İnsan öz mənliyini, şəxsiyyətini ötəri, müvəqqəti xarakter daşıyan hisslərin təsiri altında nəyə isə qurban verməməlidir. Haqq, ədalət tərəfdarı olanların başı fələyə çatmalıdır. Dünya malı, dövlət, mənsəb onu diz çökməyə, fələklərə toxunan başını rorpaqlar üstündə sürünməyə məcbur etməməlidir. İnsan yaltaqlıqdan, hiyləgərlikdən uzaq olmalıdır. Yaşamaq xatirinə özünün pak ismətini ləkələməməli, iffətini, abrını həyasını ayaqlar altına atmamalı, məslək və əqidəsini tərk etməməlidir. Bu—rəzillikdir. “İsmət yaxud əfif olan zatların xəsaili” şeirində Məhəmməd Hadi insan haqqındakı arzularını belə ifadə edir:
Kimsəyə qılmaz təməllüq haqpərəstan nan üçün,
Çaki-ismət eyləməz alicənaban nan üçün.
Abi-nayabi-ifafi tökməz insan nan üçün,
Tərki-məslək eyləməz ərbabi-irfan nan üçün.

Mütəfəkkirə görə, insan uca sərv ağacı kimidir. Sərv ağacının başı yerə toxuna bvilməz. Toxunsa, mütləq sınmalıdır. Belə olduqda, artıq o, sərv deyil, ayaqlar altında əzilən çör-çöpdür. Onda əvvəlki əzəmətdən, vüqardan heç bir əsər, əlamət qalmaz. Dünən göz oxşayan, əzəmətli qaməti ilə diqqəti cəlb edən, nazənin gözəllərin vəsfində təşbih kimi işlənən “sərv” sözü bu gün artıq o keyfiyyətlərini itirmiş olur.
İnsan da öz ləyaqətini, abır-həyasını mənliyini itirəndə bu günə qalır. İnsanın rəzilini heç bir şeylə müqayisə etmək mümkün deyil. Yaranmışların alisi, ucası olan insan əxlaqi, mənəvi müvazinətini itirəndə , ən dəhşətli varlığa çevrilir.Böyük şair insanın bu halını görmək istəmədiyini şeirinin bir yerində belə verir:
Babi-ərbabi-qinadə durma, ey qeyrətpərəst,
Eyləmiş səhbayi-istiğna onu məxmurü məst.
Hali-riqqətbəxşinə rəhm etməz ol sağərbədəst,
Olsun ər tənnuri-qəmdə qəlbsuzan nan üçün.

Burada ifadə olunan fikir ondan ibarətdir ki, qeyrətli, namuslu, öz nəfsini, mənliyini uca tutan hər bir insan dünya malından ötrü dövlətlilərin qapısında boyun büküb onlara əl açmamalıdır.Var-dövlət o adamları sərxoş vəziyyətinə saımışdır. Onların idrakı sönükdür. Yaxşı-yaman, dost-düşmən tanımazlar. Ona görə də öz qeyrətinizi qəm təndirində yandırmayın, həmin adamlar sizə rəhm etməzlər.
Mənəviyyatı təmiz, əxlaqı saf olanlar heç zaman öz təmiz adlarını ləkələnməyə razı olmaz, həqiqət, düzlük axtaranlar hiyləgər və yaltaq olmazlar. İnsan azad yaşamalıdır. Onun qəlbi həmişə azadlıq işığı ilə nurlanmalıdır. Azad doğulmuş insan gərək minnət götürməsin, heç kəsdən asılı olmasın:
Kəsri-şəni-adəmiyyət qılmaz iffətpərvəran,
Dünbəcünbani-riya olmaz həqiqətgüstəran.
Qeydi-minnətdə yaşarmı hürr olan rövşəndilan?
Rubəhə etməz təbəsbüs şiri-mərdan nan üçün.

Məhəmməd Hadi abır-həyanı dünyada tayı –bərabəri olmayan , çox qiymətli bir gövhər sayır. Abır-həya sahibi dünyada ən varlı və xoşbəxt insan sayılır. İnsan bu cür qiymətli varidatı bir tikə çörəyə satmamalıdırBunlar öz sahiblərini daim işıqlandırır, həyat yoluna nur çiləyir, simasına məğrurluq, gözlərinə aydınlıq, zehninə, düşüncəsinə sürət gətirir. İnsan olan bu keyfiyyətlərin mənasını dərk etməli, onları qiymətləndirməyi, qorumağı, daim nəzarətdə saxlamağı bacarmalıdır.


Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Qabaqcıl Maarif Xadimi.

Xeberdar.net

XƏBƏR LENTİ