Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏBÜLQASİM NƏBATİ-I Yazı

1 157 30-04-2018, 10:24 kose / siyaset / gundem

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏBÜLQASİM NƏBATİ-I Yazı
XIX əsr Azərbaycan türk mütəfəkkirlərindən Seyid Əbülqasim Nəbati (1812-1873) Qaracadağ mahalının Üştibin qəsəbəsində dünyaya gəlmişdir. Uşaqlıq yaşlarından ana dili türk dili ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl mənimsəyən Nəbatinin “Divani-türki” və “Divani-farsi” əsərləri olmuşdur. Hər iki əsər (“Divani-türki Seyid Əbülqasim Nəbati”, “Divani-farsi Seyid Əbülqasim Nəbati”) 1993-cü ilə dr. Hüseyn Məhəmmədzadə Sədiq tərəfindən Təbrizdə nəşr edilmişdir.
Gənc yaşlarından dini elmlərlə yaxından tanış olan Nəbati, hətta şeirlərində şəcərəsini bir tərəfdən seyid peyğəmbər övladı kimi ərəblərə, digər tərəfdən xançobanlı kimi türklərə bağlamışdır. Belə ki, şair şeirlərinin birində ərəb “olmasını” belə yazmışdır:
Meydani-eşq içrə səyirtdim atı,
Müsəxxər eylədim Rumu, Heratı,
Möhtərəm oğluyam, adım Nəbati,
Zatımız Haşimi, əslimiz ərəb.

Şübhəsiz, Nəbatinin burada milli mənşəyini ərəblərlə bağlamasının səbəbi İslam dini, o cümlədən şiə təəssübkeşliyidir. Başqa sözlə, Nəbatinin dini kimliyini özünün milli kimliyi olaraq da görməsi, birmənalı şəkildə İslam dininə sevgisindən, inamından irəli gəlmişdir. Çünki başqa şeirlərində Nəbati milli kimliyini və dilini Türk kimi qələm vermiş və Türk olması ilə fəxr etmişdir:
Bəççeyi-türkəm, dilim türki, kəlamım həcv-məcv
Xançobani can alan cancanı gözlər gözlərim.
Dini görüşləri. 19-cu əsrin əksər Azərbaycan Türk mütəfəkkirləri kimi Nəbatinin yaradıcılığında əsas yeri şiəlik ya da Əhli-beyt sevgisi və sufilik tutumuşdur. Onun öncə sufiliyə daha sonra şiəliyə ya da əksinə əvvəlcə şiəliyə daha sonra sufiliyə daha çox meyil etməsi ilə bağlı fərqli fikirlər mövcuddur. Bütün hallarda mütəfəkkir dünyagörüşcə bir çox tərəddüdlərinə baxmayaraq, əsasən sufilik və şiəlik düşüncəsinə köklənmişdir.
Şiəliklə bağlı onu deyə bilərik ki, şeirlərində Həzrət Əlinin (ə) yolunun davamçısı olduğunu dəfələrlə ifadə edən Nəbatiyə görə, bütün daxili tərəddüdlərə son qoyub qurtuluş yolu tapmaq üçün sidq ürəklə “şahi-Mərdanə” üz tutmaq lazımdır. O, yazır:

Qorxma nirani-fəraqın şərərindən, ey gül,
Sidqilən tut üzünü bircə şahi-Mərdanə.

İsmi-əzəm deyilən ismi-Əlidir, billah,
Gəzmə bica yerə Nəsnas kimi hər yanə.

Etməz iqrar, Nəbati, bu sözə zahidi dun,
Gəlməz imanə yəqin and içəsən Quranə.
Yaxud da:
Mətləi-şəmsi-züha, məzhəri-nuri-hüda,
Fəxri-dili-Mürtəza, mənbəi-ürfanə ərz.

Bu anlamda abid, dərviş, brəhmən, qələndər olmaq arasında tərəddüd etdiyi zamanda Nəbati şiəlik təəssübündən əl çəkməmiş, həmişə gözləri Həzrət Əlini gözləmişdir:

Müxtəsər, yeydir, Nəbati, bir sözü çox çeynəmə,
Söylə bir yol Heydəri-kərrarı gözlər gözlərim.

Bütün bunlar bir daha göstərir ki, Nəbatinin yaradıcılığında şiəliyin, xüsusilə Həzrət Əlinin (ə) ayrıca bir yeri olmuşdur. Onun düşüncəsində Həzrət Əli (ə) bir həqiqət meyarı, ərənlər ərəni, ən adil hökmdar və güclü alim olmuşdur.

Ya Əli, ya övliya, ya Bülhəsən, ya Butürab!
Şiri-həqq bir qüdrəti-yəzdanı gözlər gözlərim.

Lafəta, illa Əli, laseyfə, illa Zülfüqar
Seyheyi-Düldül-fələkcövlanı gözlər gözlərim.

Başqa bir şeirində isə Nəbati Həzrət Əlini (ə) daha yüksək məqamlara qaldırır, onu aləmin sultanı, şahların şahı kimi qələmə verir. Nəbati yazırdı ki, birinci imamın məqamı Makedoniyanın İskəndərindən, Əhəməninin Daralarından qat-qat yuxarıdır:

Mənim aləmdə sultanım Əlidir,
Mənim miri-cahanbanım Əlidir.
Nə Dara tanıram mən, nə İskəndər,
Mənim Fəğfurü xaqanım Əlidir.
Behişti zahidə versəm sərasər,
Mənim gülzari-rizvanım Əlidir.
Əgər hər kimsənin bir şahi olsa,
Mənim də şahi-şahanim Əlidir.

Bütün bunlarla yanaşı Nəbati başqa bir şeirində Həzrət Əlinin Allah səviyyəsinə qaldırılmasını əleyhinə çıxdığını söyləsə də, ancaq ona olan müstəsna sevgisini gizlətmir də. Hətta, F.Köçərlinin təbrincə desək, həmin şerində Nəbati dolayısıyla da olsa, özünü də şəkkalar silkinə aid etmişdir. F.Köçərli yazır: “Nəbati həzrət Əil əleyhissəlamın həqiqi və səmimi məddahlarından olduğu üçün ol cənabın vəsfi-şənində çox gözəl və qərra qəsidələr yazıbdır ki, hər kəs onları mütaliə etsə, onun qəlbində həqiqi bir vəcd və tərəb vüqua gəlir. Nəbati demək olar ki, öz mövlasına ürəkdən açiq imiş və bu məhəbbəti ucundan ol şahi-dəryadilin və gövhəri-Nəcəf və mədəni-izzü şərəfin mədhində yazdığı bir kəlamında əndazədən çıxır və bir növ özünü şəkkaklar silkinə daxil edən kimi olur”. Köçərlinin bəhs etdiyi həmin şeirində Nəbati yazır:

Mən ruzi-ənzəldə sevmişəm bir şahi,
Allah deyər, ona əliallahi,
Hər kim ona Allah desə, kafirdir,
Şəkkakdır ol Nəbati tək, vallahi.

Nəbati başqa bir şeirində də açıq şəkildə yazır ki, “dünyanın binasının yaranması Əlinin adınadır, Peyğəmbərin dini qanunları Əlinin qılıncının gücünədir”. Deməli, Nəbati özü əliallahlləri tənqid etsə də, onun dünyagörüşündə Həzrət Əlinin ilahiləşdirilməsi də istisna deyildir. Bu anlamda o da, az-çox əliallahilərin təsirinə düşmüş, “Həqq Əlidədir, baxsan həqq ilə” tezisinin təsiri altına qalmışdır. Burada sual yarana bilər ki, niyə İslam dininin peyğəmbəri Məhəmməd Peyğəmbəri deyil də, Nəbati də digər əliallahilər kimi Həzrət Əlini Allah səviyyəsinə qaldırmışdır? Hesab etmək olar ki, İsah Məsihiyə verilən Allah oğlu ya da Allahın özü olmaq sifətinin Həzrət Əliyə verilməsi mistik səbəblərlə bağlıdır. Hər halda Həzrət Əlinin ilahiləşdirilməsinin dərin dini-mistik kökləri var ki, Nəbati də “Divani-Türki” əsərində birmənalı şəkildə onu bütün peyğəmbərlərdən üstün tutaraq Allahla eyniləşdirmişdir. O, “Divani-Türki”də yazır:

Ruzi-əzəl Cəbrailədn ta ki, etdi sual:
Sən nə kimsən, mən kiməm, söylə cavabəm, olma lal!
Dedi: - Sən sənsən, mən mən. Od tutdu, yandı pərü-bal,
Mültəca oldu bu ismə, ta ki, rəf oldu məlal:
Şahi-mərdan, Şiri-yəzdan, Heydəri-Düldülsəvar,
Lafəta illa Əli, la sefyə illa Zülfiqar...

Nəbatinin fikirlərindən belə çıxır ki, İsa Məsih kimi Həzərət Əli də Allahın özündə təcəlla etdiyi üçün ölməmiş, qeybə çəkilmişdir. Bu anlamda Həzrət Əlinin və onun övladlarının ölümünə mərsiyə yazmayan Nəbati üçün o, bir Xilaskar olaraq insanların imdadına yetişəcəkdir. Ancaq bütün bunlarla yanaşı, Nəbati onu da yazırdı ki, bu mövcudatda Allahın yeri başqa, Əlinin yeri isə başqadır. Çünki biri Yaradandır, o biri isə yaranan. O, yazır:

Nəbati, çək: Əli, Əli,
Könlün olsun cəli, cəli.
Onu Allah, bəli, bəli,
Bu dildə əzbər yaradıb.

Fəlsəfi görüşləri (sufi-panteist baxışları). Ümumiyyətlə, Nəbatinin yaradıcılığında sufilik, sufi-panteizm də güclü şəkildə özünü büruzə vermişdir. Gənc yaşlarından şeir yazan Nəbati Azərbaycanın bir çox şəhər və kəndlərini (Əsgəran, Ağdam, Təbriz, Lənkəran, Salyan, Hindarx və b.) gəzərək sufilər kimi dərvişlik etmiş, sufi ruhlu bir mütəfəkkir olmuşdur. Firidun bəy Köçərli yazır: “Rəvayət olunur ki, Seyid Əbülqasım Üştibində əvvəlcə dərvişlər həlqəsinə daxil olub, onların içində nüfuzu artıbdır və sonralardan dərvişlərə mürşid olubdur. Bəzi vaxtlarda ondan kəramət sadir olarmış; belə ki, bir para xariqüladə əlamətlərin ondan zühur etməyini görənlər olubdur. Etikafdan çıxan zamanı onun simasında başqa bir paraqlıq və nuraniyyət cilvə edərmiş; özgə bir halətə düşərmiş və bəzi vaxtı şövqü zövq ilə eşqdən, mey və məhəbbətdən dəm vurarmış”.
Eyni zamanda, o, Nemətullah Vəlinin adıyla bağlı olan təriqətə də ciddi şəkildə meyil göstərmiş, şeirlərində onlar kimi Allah çatmağın yollarını aramışdır. Bu anlamda bütün sufilər kimi Nəbati də, özünü cismən unutmağa, fənaya uşramağa və sonunda Haqqa qovuşamağa çalışmışdır. Bu isə o deməkdir ki, Nəbati şiəlik qədər sufiliyin də təsiri altında olmuşdur.

Gah ağıllı, gah divanə oldum,
Gah abad, gah viranə oldum,
Gah xərabat içində sufi,
Gah da meyxanə süpürgəçisi oldum…

Hesab etmək olar ki, onun sufiliyə meyil etməsində kainatın sirlərini öyrənmək və Allaha qovuşmaq istəyi mühüm rol oynamışdır. Bu anlamda dünyada, yəni yerdə və göydə olan nə varsa hamısında Yaradanın bir zərrəsi vardır. O, yazır:

Cumdum genə qəvvas tək dəryayə mən, dəryayə mən,
Qıldım nəzər bir lövlövü-laləyə mən, laləyə mən.
Sən sanma mən bu bəhrdə hər inci, mirvari gəzim,
Göz dikmişəm bir gövhəri-valəyə mən, valəyə mən.
Getdim biyaban gəştinə, vurdum təcəlla dəştinə,
Etdim tamaşa Turdə Musayə mən, Musayə mən.

Bizcə, Nəbati şeirlərində Tur dağında Allahla söhbət edən Musa Peyğəmbərlə müqayisə etməklə, özünün də Tanrıya yaxın olmasına işarə etmişdir. Yəni Nəbati Musa kimi, özünün də Allahla kəlimə kəsməsini istisna etməmişdir. O, yazır:

İndi qeybdən Xançobanına
Nəxli-Turdən bir şərə gərək.

Bir sufi-panteist kimi özünü Həllac Mənsura oxşadan Nəbati şeirlərində tez-tez“ənəlhəq” yazırdı ki, artıq onun üçün sufilik həyatının bir parçası idi. O, yazır:

Xatirim istər ola sirr – “ənəlhəq” məzhəri,
Kəlleyi-dar üzrə bir culafı gəzlər gözlərim.
Başqa bir şeirində isə o yazırdı:
Güşeyi-vəhdət nə əcab ca imiş,
Sirri-nihan onda hüveyda imiş.
Aşiqi-divanələrin mənzili-
Rütbəyə bax, ərşi-müəlla imiş.
Qafil idim bu dili-viranədə,
Dil demə, oğlan, bu ki dərya imiş.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

XƏBƏR LENTİ