Məhəmməd Hadinin insan haqqında düşüncələri...

1 037 18-05-2018, 10:19 kose

Məhəmməd Hadinin insan haqqında düşüncələri...

(4-cü yazı )


Məhəmməd Hadi “Vaxtın səsi və həyatın sözü” əsərində də insanla bağlı fikrini davam etdirir, dünyanı bir sınaq meydanı adlandırır, bu meydanda yalnız elmi, biliyi, hünəri olan insalar qalib çıxa bilərlər, —deyir:

Elmin, hünərin, mərifətin varsa, buyuyr, gəl,
Yoxsa, bu həyat aləminə olma bir əngəl!
Ərbabi-kəmalın yeridir, bil ki, bu meydan,
Bədbəxt yaşar torpağın üstündəki nadan.
Sahib olacaq yerlərə qüvvətli, əmin ol,
Ey gücsüz olan, sən dəxi mədfuni-zəmin ol!
Laf ilə tərəqqi olamaz, sözlə də sərvət,
Bilgiylə olur, bilməlidir, sərvətü qüvvət.

Qüdrətli sənətkar olan M.Hadi elmi, biliyi idrakın gözü adlandırır, elmə etina göstərməyənlər, şairin nəzərində kor və idrakı sönük adamlardır. Dünyanı, onun sirli-sehirli hadisələrini dərk edənlər həqiqi yaşamaq hüququna malikdirlər. İdraksız adamlar üçün dünya bir əbədi zülmət quyusudur:

İştə yaşamaq hüququna haizdir o kütlə--
Bir hərbi-münəvvərlə çıxıb cəbheyi-cəhlə.
Bundan belə dünya böyük irfanlar istər,
Sən də yaşamaq istər isən, bilgini göstər.

Məhəmməd Hadi də insanı fəaliyyətsiz, qəzavü qədərlə idarə olunan bir varlıq kimi qəbul etmir. İnsan özü yaradıcıdır, lakin onun özünün yaratdığı öz həyatını təhlükə qarşısında qoyur, dünyanı yandırıb yaxır. Yəni insanın başına gələnlər , cəmiyyətdə baş verən hadisələr allahın yazısı ilə deyil, qəzavü qədərdən deyil, insanın öz əli ilə , kamilləşməmiş ağlının, idrakının naqisliyi ilə əlaqədardır. İnsan allahın birliyinə - tövhidə inanmır, ona görə də onun əli ilə meydana gələn faciələr düşünülməmiş əməlin nəticəsidir. Burada allahın heç bir rolu yoxdur. Bunun özü insana olan inamın daim inkişafda olmasına dəlalət edir. Əlbəttə, elm və texnikanın ən yüksək inkişaf mərhələsinə çatdığı indiki dövrdə biz dünyanı məhv edə biləcək qırğın silahlarının yaradılmasını ağlın, düşüncənin kamil olmaması ilə əlaqələndirə bilmərik. Əksinə, bütün bunlar insan ağlının, düşüncəsinin, zəkasının, elmi biliyinin ən yüksək inkişaf nöqtəsinə çatdığını göstərir.Bu isə mövcud beynəlxalq siyasi şərait və vəziyyətdən irəli gələn zərurətdir. Nə isə...
Müqtədir şair təbiətin bir sıra sirlərini açıb izah etməkdə insan ağlına, insan idrakına inanır, lakin o göstərir ki, həyatda elə “gizli sirlər” də vardır ki, o sirləri öyrənməyə ağıl da yol tapmır, fəlsəfə də, fənn də, hikmət də. Belə sirlərin kəşfində, açılmasında idrakın qabiliyyəti tükənir. Belə bir “gizli sirr” insanın dünyaya gəlməsindən ibarətdir.
Məhəmməd Hadi “Beşikdən məzara qədər bəşərin əhvalı” əsərində insanın dünyaya gəlməsinin sirr olaraq qaldığını, onu bilməyin heç bir fəlsəfəyə, heç bir fənnə, hikmətə, ağla müyəssər olmadığını söyləyir:

Aya bunu kim atdı, yuvarlatdı cahanə?
Yol tapmadın, ey əql, bu əsrari-nihanə
Bilməm ki, nəsən?Hər nəsən, ey şairi-fitrət,
Nə fəlsəfə bildi səni, nə fənn, nə hikmət.
Diqqətlə baxılsa, vələhəfzaydır aləm,
Sətrindəki ərvah bütün lövhi-mücəssəm.
Dağlar, təpələr, məşcərələr cümlə şüunat,
Başdan-başa aləm hikəmiyyət, ədəbiyyat.
Məqsəd nerədə, biz nerədə, fikir nə yerdə ?
Yorma özünü, kəşf olunur sanma bu pərdə.
İstər nə qədər nurlu olsun da xəyalət,
Naqabili-idrakdır artıq bu həqiqət.


Deməli, insan özü ilə bağlı olmayan bir sıra təbii sirləri kəşf etməyə qadir olduğu halda, özünün dünyaya gəlməsinin sirrini dərk etməkdə acizdir. Belə nəticə Məhəmməd Hadinin ziddiyyətli dünyagörüşə malik olduğunu göstərir. Çünki 1917-ci ilə qədər onun yazdığı əsərlərin bəzisində insan idrakının, insan ağlının zəkasının hər şeyə qadir olduğunu söyləyir, bəzisində də ağlın, idrakın bir sıra məlum olmayan şeyləri üzə çıxarmağa qabil və qadir olmadığını deyir. Son fikrində Məhəmməd Hadi allahın işlərinə qarışmamağı, sirli qalması məsləhət görülmüş şeylərə müdaxilə etməməyi məsləhət görür.
İnsan elmin, biliyin sayəsində güclüdür, qüvvətlidir. Yeri, göyü özünə tabe etmək istəyən insan, təəssüf ki, zinətləndirdiyi , nizama saldığı həyatda özünün istədiyi kimi yaşamağa qadir deyildir. İnsan ağlının, zəkasının yaratdığı şeylər onu özünün əleyhinə çevrilmişdir. Deməli, insan öz əməlinin nəticəsini qabaqcadan dərk etməlidir. Əgər ağlın, zəkanın, təfəkkürün məhsulu insan həyatının müəyyən mərhələsində onun əleyhinə çevriləcəksə, bu prosesin özü insanın uzaqgörənliyinin inkarıdır. Bu, şüur, təfəkkür üçün ümumi olmayıb, fərdi səciyyəvi xarakter daşıyır. Ona görə də M.Hadi insanların, ağır, dözülməz həyat şəraitini təsvir edərkən, onların özlərini günahlandırır, özlərinin özlərinə düşmən kəsildiklərini söyləyir. Əlbəttə, burada fərdlərdən söhbət getmir. Sosial-siyasi quruluşları idarə edən rəhbərlərin tələbi əsasında bu məhsulların hazırlanmasında iştirak edən insanlar nəzərdə tutulur. Daha doğrusu, Məhəmməd Hadi öz fikrini ümumiləşdirmə yolu ilə insanların nəzərlərinə çatdıraraq yazır:

Əlinlə təng qıldın başına bu enli dünyanı,
Yaxıb yandırdın, ey bədbəxt, bu gülşənli dünyanı.
Bəşər, ciddən siyəh iqbalsən ruzi-əzəldən,
Qaranlıq eyləmişsən kəndinə rövşənli dünyanı.
Dəmirlərdən yaratdın duzəxəndam aləti-cəngi,
Məzaristanə döndərdin neçin bu şənli dünyanı?
Dolu olsaydı, ey insan, künuzi-əqlü idrakın,
Qanardın çox gözəl surətdə bu məxzənli dünyanı.

Dağlar qədər dərdi, qəmi olan Hadi öz şəxsi kədərini, acı və iztirablarını yaddan çıxarıb həmcinsi olan insanın taleyini, həyatını düşünür. Bütün yaranmışların seçilmişi olan insan həm də bütün xəlq olunanların bədbəxtidir,talesizidir. Həyatdakı bütün məhrumiyyətlər insan üçündür. Gülüş də, sevinc də, şənlik də, xoşbəxtlik də insana aiddir. Axı bunlar elə keyfiyyətlər, elə cəhətlərdir ki, bunu ağlı, idrakı olanlar hiss etməyə qadirdirlər. İnsandan fərqli olaraq, digər varlıqlar dünyanın mahiyyətini dərk etmədikləri üçün ona hakim olmaq, hər şeyi mənimsəmək meylində də olmurlar
Dünyanın intəhasız olmasına baxmayaraq, bu kiçik məxluqlar onu özlərinə dar etmişlər. Dünyaya sığmayacaqlar, -- deyə , bir-birilə mübarizəyə girişir, bir-birinin qanını axıdır, bir-birini dünya işığına həsrət qoyurlar. Ola bilməzdimi tanrı insanı da idraksız yarada idi? Bəlkə, onda bu dünya üzərində baş verən hadisələr də mövcud olmazdı?Təbiətin bütövlüyü də pozulmazdı, sinəsinə çalın-çarpaz dağlar çəkilməzdi? Əlbəttə, yox! Dünya ona görə gözəldir, mənalıdır ki, onda “insan”adlı bir varlıq yaşayır, düşünür, yaradır, meydana gətirir, dağıdır, meydandan köçürür və nəhayət, özü də köçür! Dünyanın hikməti də, sirri də , mənası da bundadfır.
Onda bəs nə üçün insan dünyaya göz açanda ağlayır, başqa varlıqlar isə heç bir şeylə özlərini büruzə vermirlər? Bunda da bir hikmət, bir gizli məna vardırmı? Əgər varsa, nədən ibarətdir? Görünür, bu suala cavab vermək hələlik mümkün olmamışdır. Bunun da , yəqin ki, bir hikməti vardır.
M.Hadi də insanı həmişə qamli, kədərli, gözü yaşlı gördüyünə görə özünü müsibətli, talesiz hiss edir. Onun dodaqlarında təbəssüm, gözlərində gülüş yoxdur. Şairin qaşqabağı açılmır, ürəyi sevinmir, gözləri gülmür:

Gözüm bir gülməyir bu ərzi-fəryadı görən gündən,
Könül şad olmayır bu səhni-naşadı görən gündən.
Ürək atəşli, göz pürab, yəni giryəpərvərdir,
Pərişanəm bu xakistani-bərbadı görən gündən.
Bəşər gözyaşlıdır matəmgəhi-dünyayə gəldikdən,
Bunu tədqiq qıldım hali-növzadı görən gündən.


Bəşəriyyətin düçar olduğu məhrumiyyətləri gördükdə rahatsız olan , bu geniş dünyada özünə yer tapa bilməyən şair çıxış yolunu nadanlıqda görür. Çünki əgər o, nadan olsa idi, dünyada baş verən hadisələri dərk etməzdi, qəlbi də bu qədər ağır bir yükün təsiri altında darılmazdı. Nadan olsa idi, azadlığın, səadətin nə olduğunu dərk etməzdi və nəticədə başı bəlalar çəkməzdi:

Nolaydı payi-bəndi-cəhl olaydım, qanmayaydım, ah!
Əsiri-dəsti-hüznəm fikri-azadı görən gündən.
Həyatım təlxdir, ey dilbəri-Şirini-hürriyyət,
Qəmim dağlar qədərdir eşqi-Fərhadı görən gündən
Zəlalət zülmətindən rahiyab olmuşmu insanlar?
Xeyr, biləks, yatmış rəhbəri Hadi görən gündən.


Məhəmməd Hadi bəşəriyyətin qarşılaşdığı çətinlikləri dərk edir və yaxşı bilir ki, millətlər, xalqlar bu vəziyyətdən tezliklə xilas ola bilməyəcəklər. Bu sonsuz zülm və əsarət uzun müddət davam edəcəkdir.Dünya hiyləgərlər, dələduzlar, dəlilər və təlxəklər dünyasıdır. Ağıl, kamal sahibləri kənarda qalmışlar, onlara ehtiyac yoxdur. İnsanlar bir-birinə düşmən kəsilmiş, bir-birini parçalamağa hazır durmuşlar:

Xilas olmaq çətindir bəhri-cuşani-məsaibdən,
İnandım mən buna əshabi-imdadı görən gündən.
Cahan əhli uzaqlaşmış ümumi bir üxüvvətdən,
Siyasiyyun əlqabında fəssadı görən gündən.
Hələ rubahlar meydanıdır bu bişeyi-dünya,
Bunu duymuş idim məhzun asadı görən gündən.
Bəşər rahyab olurmu leyli-xüsrani-zəlalətdən,
Buna mən münkirəm ərbabi-irşadı görən gündən.


Şair bəşəriyyətin rastlaşdığı bu çətinliklərin mənbəyini onun özündə olan nöqsanda görür. Axı insan bir-birinə yardım etmək, arxa durmaqla öz adını doğrulda bilər, öz vəzifəsini yerinə yetirə bilər. Təəssüf ki, insanlar arasında qardaşlıq, birlik yoxdur, ülfət və ünsiyyət çatışmır. Qardaşlıq, dostluq, şairə görə, çox böyük və əvəzsis nemətdir Ancaq bu neməti insanlar özləri hasil etməli, meydana çıxarmalı, göz bəbəyi kimi qorumalıdırlar. Bu, elə bir nemətdir ki, yoxluğu insanları məhvə doğru sürükləyir, bəşəriyyəti böyük məhrumiyyətlərə düçar edir.
Qardaşlıq, dostluq qızıl kimi həmişə öz qiymətini saxlar bir nemətdir. Qızılın keyfiyyətini, qiymətini sərraf yaxşı tanıyar. Dəmirçi isə dəmiri yaxşı təyin edə bilər, o, qızılın xassələri barədə heç bir məlumata malik deyildir. Ona görə də qızıla qiymət qoymaqda çətinlik çəkər. Məhəmməd Hadiyə görə, cəmiyyət dəmiçi səviyyəsindədir. Ona görə də qızılı qiymətləndirmək qabiliyyətinə malik deyildir. Deməli, bəşəriyyət qardaşlığı, dostluğu layiqincə qiymətləndirmədiyi üçün insanlaıq tənəzzülə uğrayır, keyfiyyətdən, qiymətdən düşür, cəmiyyət daxilən parçalanır və dağılır:

Dedim qabil deyildir qardaş etmək cümlə əqvamı,
İvanla Arşaqı, sofi Xudadadı görən gündən.
Üxüvvət altunu işlərmi bazarında dünyanın,
Əqidəm çox sönük idraki-həddadı görən gündən.
Üxüvvət zər misalı, netməli, yoxdur xridarı,
Bunu qanmışdım istedadihəddadı görən gündən.
Dəmirçi altunu qanmaz, bəşərdir cümlə ahəngər,
Bunu dərk eyləmiş məhzun Hadi görən gündən.

Məhəmməd Hadi dostluğu, qardaşlığı insanla vəhdətdə götürür, onu insandan kənar bir keyfiyyət kimi qəbul etmir. Ümumiyyətlə, M.Hadi də öz yaradıcılığında insana çox yüksək qiymət verir, onu həyatın bəzəyi, mənası, mahiyyəti və nəticəsi kimi qəbul edir. Həyatın gözəlliyi insanlar arasındakı münasibətlərdən asılıdır. İnsanlar bir-birinə nə qədər yaxın, mehriban, səmimi olsalar, ürəklərdə paxıllıq, həsəd, nifrət, kin, ədavət, düşmənçilik, tamah olmasa, belə cəmiyyətdə yaşamaq, yaratmaq nə qədər gözəl, nə qədər maraqlı və nə qədər şirin olar!
Aqzərbaycan demokratik fikir nümayəndələrinin də arzusu, məramı, qayəsi elə bu idi. Bunun uğrunda da bacardıqüları qədər mübarizə aparmışlar.


Müstəqil Ağayev

AMEA Fəlsəfə İnstitutu Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi
fəlsəfə üzrə fəlsəfə doktoru, Qabaqcıl
Maarif Xadimi

XƏBƏR LENTİ