Sorosdan yeni iqtisadi böhran xəbərdarlığı

686 29-05-2018, 16:59 iqtisadiyyat

Sorosdan yeni iqtisadi böhran xəbərdarlığı
Məşhur milyarder Corc Soros Avropa İttifaqının böyük miqyaslı iqtisadi böhranın astanasında olduğunu bəyan edib.

“AzPolitika.info” xarici KİV-lərə istinadla bildirir ki, C.Soros qaçılmaz görünən böhranın bir neçə səbəbə bağlı olduğunu deyib. Açıqlamaları və mövqeyi hər zaman diqqətlə izlənilən milyarder bildirib ki, böhranın başlıca səbəbləri sırasında dolların kursunun bahalaşması və inkişaf etməkdə olan ölkələrdən külli miqdarda kapital axını ilk yerləri tutur.

Bununla yanaşı Soros qeyd edib ki, dünya iqtisadiyyatında gözlənilən çalxalanmaların səbəblərindən biri də İranla nüvə razılaşmasının, eləcə də Avropa İttifaqı ilə ABŞ arasında transatlantik ittifaqın pozulması olacaq. Milyarder bu böhranın qarşısını almağın çətin olacağını vurgulamaqla yanaşı, Böyük Britaniyanın Avropa İttifaqından çıxması və Avropada yaşanan mühacir böhranının da dünya iqtisadiyyatına olduqca mənfi təsir göstərdiyini vurğulayıb. Avropa üçün vəziyyətdən çıxış yollarından biri olaraq isə odioz milyarder “Afrika üçün Marşal planı”nın hazırlanmasını göstərib. Soros hesab edir ki, Afrika ölkələrinə ildə təxminən 30 milyard avro maliyyə yardımı edilməsilə, Avropanı miqrant axınından və bunun yaratdığı iqtisadi təzyiqdən əhəmiyyətli dərəcədə azad etmək mümkündür.

Xatırladaq ki, bundan az öncə Vladimir Putin də dünya iqtisadi böhranı barədə xəbərdarlıq xarakterli çıxış etmişdi və buna əsas səbəb kimi ABŞ-ın xarici siyasətini, eləcə də İranla nüvə sazişi ətrafında baş verənləri göstərmişdi.

Xeberdar.net

XƏBƏR LENTİ