İlham Əliyev:"İranla uzun illər həll olunmamış məsələlər birgə səylərlə həllini tapdı" YENİLƏNİB

683 4-06-2018, 12:49 cemiyyet

İlham Əliyev:"İranla uzun illər həll olunmamış məsələlər birgə səylərlə həllini tapdı" YENİLƏNİB
Prezident İlham Əliyev iyunun 4-də İran İslam Respublikasının Prezidenti Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyev iyunun 4-də İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

Dövlət başçısı Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, prezident Həsən Ruhaninin Azərbaycana son səfərini məmnunluqla xatırlayıb və səfərin çox uğurlu olduğunu, əldə edilmiş razılaşmalar və imzalanmış sənədlərin böyük önəm daşıdığını deyib.

Bu səfərdən keçən dövr ərzində əlaqələrimizin yeni dinamika aldığını qeyd edən prezident İlham Əliyev uzun illər həll olunmamış məsələlərin birgə səylərlə həllini tapdığını bildirib: “Bu, onu göstərir ki, hər iki ölkədə əlaqələrimizin sürətli inkişafı üçün güclü siyasi iradə var”.

Dövlət başçısı Mahmud Vaezinin Azərbaycana səfərinin əməkdaşlığımızın perspektivləri, əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı qarşıda duran vəzifələrin həllinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.

Mahmud Vaezi İran prezidenti Həsən Ruhaninin adından və öz adından dövlət başçısına böyük səs çoxluğu ilə yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.

O bildirib ki, İran-Azərbaycan ikitərəfli münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir: “Həsən Ruhaninin Azərbaycana səfərinin və səfər zamanı əldə edilmiş razılaşmaların səmərəli nəticələri göz qabağındadır və yüksək səviyyədə icra olunur, Azərbaycanla İran arasında keçid məntəqəsi 24 saatlıq iş rejimində çalışır, Azərbaycanda avtomobil istehsalı zavodu fəaliyyətə başlayıb, Azərbaycandan İrana enerji ixracı həyata keçirilir. Nəqliyyat sahəsində əməkdaşlıq durmadan genişlənir, Astara-Astara dəmir yolunun tikintisi uğurla başa çatıb, yük terminallarının inşası davam edir”.

Söhbət zamanı humanitar-mədəni əlaqələrin və turizm sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.

XƏBƏR LENTİ