HÜSEYN CAVİD İNSAN HAQQINDA (2. yazı)

942 20-10-2018, 17:01 kose / siyaset

HÜSEYN  CAVİD   İNSAN   HAQQINDA  (2. yazı)
Hüseyn Cavid cəmiyyətə layiq insan tərbiyə edib böyüdən müəllimlərin özləri qarşısında böyük tələblər qoyur və göstərir ki, əgər tərbiyəçi—müəllim özü şəraiti fərqləndirə bilmirsə, bildiyini təlim edə və öyrədə bilmirsə, müəllimlik məharətinə qadir deyilsə, bir sözlə, istedadsızdrsa, onun nəzəriyyəsi heç bir fayda verməz.
O, ailə tərbiyəsi ilə məktəb tərbiyəsini vəhdətdə götürür. Qeyd edir ki, hər iki tərbiyə eyni qayə daşımalı, biri o birini möhkəmləndirməlidir. Tərbiyənin müxtəlifliyi uşaqların xarakterini dəyişdirir, onları yarımçıq adam edir. Burada söhbət məktəb tərbiyəsi ilə ailə tərbiyəsinin eyniliyindən gedir. Yenə də şair bütün məsuliyyəti müəllimin üzərinə qoyur. Bacarıqlı, işinin həqiqi ustası olan müəllim bu uyğunsuzluğu da aradan qaldıra bilər.
Hüseyn Cavid bu münasibətlə belə yazır: “ Lakin bir çox həriflər də var ki, məzkur şəraiti öyrənir də tətbiq edə bilmir, yenə zəhmətləri nəticəsiz qalır,çünki hər məsləkdə olduğu kimi, təlim və tərbiyə üçün də hər müəllimdə azacıq istedad bulunmalıdır. Yoxsa çox da fayda verməz. Ev tərbiyəsi ilə məktəb tərbiyəsinin hər ikisi çocuqlarda dürlü-dürlü təsirlər bağışlar, bir çocuq evdə ata-ana tərbiyəsi sayəsində xəluq, çalışqan, mütəşəbbis bir qəhrəman olduğu halda, məktəbə davam edər-etməz əxlaqı, təbiəti büsbütün dəyişir, fəna, uyğunsuz bir hal kəsb etmiş olur.
Bu halı törədən xassə isə yoldaşlarından, arkadaşlarından aldığı əxlaqlar, müəllimlərdə, mürəbbilərdə gördüyü əhəmiyyətsizliklərdir və bu təsirlərin ən əhəmiyyətlisi də yenə müəllimlərə race edir. Müəllimlər tərbiyədən anlayanlar olsalar, şübhəsiz, nə məktəbdə, nə də məktəblilərdə müzürr əxlaq, fəna təbiətlər bulunmaz.
HÜSEYN  CAVİD   İNSAN   HAQQINDA  (2. yazı)Hüseyn Cavid ailə və məktəb tərbiyəsi haqqında mülahizələrini bitirərək, insanı alçaldan, onu ölümə, rüsvayçılığa sürükləyən, mənlik və heysiyyətinin ayaqlar altına düşməsinə səbəb olan bir cəhətdən də uzaq olmağa çağırır ki, o da nəfsdir—ağla, düşüncəy , iradəyə üstün gələn ifrat arzu, həvəs və tamahdır. Nəfs tərbiyə olunmağa qabildir, lakin onun sahibi fövqəladə mətanətə, iradəyə malik olmalıdır. Nəfs barəsində Hüseyn Cavid belə deyir: “ Yalnız mühiti-ümumi təsirindən yaxanı qurtaracaq bir müyəssər var ki, ona da nəfs deyilir. Nəfs əksəriyyət ilərki tərbiyələrə tabe olmaqdan varəstə ola bilməz, lakin mətanəti-fövqəladəyə malik olan insanlarda isə daima qabili-təhəvvül, daima qabili-islahdır”.
Hüseyn Cavid xristianlarda mövcud olan təlim və tərbiyə üsulunu müsəlmanlardakı təlim və tərbiyə üsulu ilə müqayisə edir. Birinciləri təqdir, ikinsiləri tənqid edir.Göstərir ki, xristianların tərbiyə və təlim sistemi ilə yetişən hər bir insan dövrünün həm sağlam, həm də elmli, bilikli, zirək və bacarıqlı, bir sözlə, hərtərəfli inkişaf etmiş, yetkin bir şəxsiyyətinə çevrilir.
Müsəlman ailələrində tərbiyə almış gənclər isə qorxaq, sadəlövh, hər hansı bir təşəbbüsdən uzaq, adamaqovuşmaz, dar düşüncəli, iradəsiz və zəif olurlar. Ona gərə də tərbiyə sisteminin özü təkmilləşdirilməli, mütərəqqi xarakter daşımalıdır. Dünyada baş verənlərlə maraqlanmaq lazımdır. Öz varlığına qapanıb qalmaq heç bir fayda verməz. Xeyirli, əhəmiyyətli cəhətləri, düşməndən də olsa, əxz etmək, öyrənmək lazımdır. Hüseyn cavid əfəndi bu münasibətlə yazır:
“ Biçarə çöcuq iki-üç yaşından başlayaraq məktəb otağına girincəyə qədər xurafat uçurumlarına yuvarlanır gedir. Bir otaqdan digər otağa girəcək olsa, “damdabacalar” ilə qarxudulur. Başı açıq dişarı çıxacaq olsa, göydən başına adamcıl qurd dərisi düşər. Qaranlıq bir yerə getsə, cinlər, divlə təhdid edilir. Hasili ənva mövhumat ilə zavallanan mənəviyyatı alt-üst olur. Otuz yaşına gəlsə belə o qorxunc kölgələri bir dürlü başından çıxarmaz olur. Ev tərbiyəsinin doğurduğu “ən gözəl tərbiyə”, “ən xoş əxlaq”—yalancılıq, kindarlıq, bədnəfslik, arsızlıq, itaətsizlik, qorxaqlıq kimi bir para rəzil, murdar əxlaqsızlardan ibarətdir”.
Hüseyn Cavidə görə, belə vəhşi tərbiyədən, həyatdan heç bir xeyir götürmək olmaz. Bundan sonra Cavid xristianlarda mövcud olan ailə mühitini, ailə şəraitini təsvir edir: “ Bir gavur çocuğu ana qucağında hənuz bir yaşında ikən yediyi qaletlərdən əlifbanı öyrənməyə başlar, ev divarına baxsa, hesab cədvəlləri görür, əmalı-ərbəəni üç-dörd yaşında gülə-gülə , sevə-sevə öyrənir. Beş-altı yaşına varar-varmaz məktəb həvəsi ilə əl-ayaq vurmağa , çırpınmağa başlar. Məktəbə girdiyi zaman əxlaqı, dərsi, zəkası , həvəsi yerində olub, fəal mütəşəbbis, qəyur bir insan olmağa çalışır. Bir azdan sonra qarşınızda iyirmi yaşında universitetdən məzun bir əfəndi bulursunuz, bir çox heyrətamiz baxışlar ilə süzdükdən sonra o bəyənmədiyiniz gavuru alqışlamağa məcbur olursunuz.
İndi o istedad, o fövqəladəlik ona haradan gəldi? Yaxud allah-taala o zəka və istedadı onlaramı münhəsir etmişdir? Təbii, bunların heç birisi deyil. Yalnız qələbə və müvəffəqiyyət çalışanlarındır və çalışmaq yolunu bilənlərindir.”
Dünyanı dəyişdirmək qabiliyyətinə malik olan insanın qarşısında Hüseyn Cavid çox böyük tələblər qoyur. İnsan öz mənəviyyatını, özünü, vicdanını saflaşdırmalı, islah etməlidir ki, onun dediyi hər bir söz, verdiyi nəsihət gözəl səmərə, mühüm nəticə verə bilsin. İnsanın xarici aləmi də, daxili aləmi də gözəl olmalıdır. Onun sözü əvvəlcə ruhu ilə uzlaşmalıdır
Hüseyn Cavid insanın sözlərinin də qiymətli, təsirli olmasını vacib sayır. “ Sözün təsirbəxş olması üçün, söz söyləyənin eyi qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi bir məlumata malik olması icab edir” O göstərir ki, insanı ali məqamlara qaldıran, onu kəramət, ədalət və fəzilət sahibi edən, ona şan-şöhrət gətirən elmdir. Elmsiz adam heyvan mislindədir. Vəzifə elmə, biliyə yiyələnməkdən, ondan faydalanmaqdan və cəmiyyəti də bəhrələndirməkdən ibarətdir:

O kəs kim elmdən məhrum, cəhliyə ” fanatik”dir,
Demə insan o nadanə ki, bir heyvani-natiqdir.
Təkəllümdən səva bielm insanın tərcihi
Ki, hər halətdə heyvan ilə hər halı müvafiqdir

Cavid əfəndi insanı gözü-könlü tox, kiçik hisslərdən, insana nöqsan gətirən tamahdan uzaq görmək istəyir. “Hübuti-Adəm” əsərində mütəfəkkir belə bir ibrətamiz nəticə çıxarır:Adəm öz nəfsini saxlaya bilmədiyi, tamah hissini cilovlamaqda acizlik göstərdiyi üçün cənnətdən qovuldu:
Əmin ol, nerdə nəfs olmuşsa hakim,
Həqiqi eşqi məhv etmiş məzalim.
Kimin ülviysə ruhu, söz onundur,
Əsiri-nəfs olan daim zəbundur.

Dünyanın ən qiymətli varlığı olan insan var-dövlətə, eyş-işrətə uymamalı, ömrünü, həyatını insanlar üçün, gələcək nəsil üçün xeyirxah işlər görməyə, insan adına layiq ali məqamda dayanmağa sərf etməlidir. İnsan bir-birinin qanını sormamalı, onun bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmağa səy göstərməməlidir. Axı o, bu işlər üçün yaranmamışdır. İnsanın dünyaya gəlişinin mənası da qurmaq, yaratmaqdan ibarət olmalıdır.. İnsan mehriban, qayğıkeş, həlim təbiətli və səbirli olmalı, zəiflərə qarşı zalım olmamalıdır.
Şair “Öksüz Ənvər” əsərində qayğısız, rəhmdən uzaq bir qəlbə, zalım təbiətə malik olan müəllim obrazı yaradılmışdır. Anası öldüyü üçün bir həftə dərs buraxan kimsəsiz Ənvər dərs başlanan kimi müəllimin qəzəbinə düçar olur.Dərs buraxmasının səbəbini öyrənmək istəməyən müəllim bu yetim uşağı təpik altına salır.Sinifdə oturanların hamısının qəlbini titrədən sillə səsi müəllimə ləzzət verir.
Şair belələrinə qarşı nifrət bəsləyir və təəssüf hissi ilə qeyd edir ki, çocuqların taleyi belə müəllimlərə həvalə olunubdur:
--- Ey!Çocuq, mənə bax!
Sən iştə hankı cəhənnəmdə, söylə, nerdə idin?
Düşünmə, söylə!
Ah, dəni, yaramaz!
Nasıl da bax, dalıyor, sanki tülküdür qırnaz!
Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç
Tokatlayınca, çöcuq bircə kərə hıqqırdı,
“Aman, vay annəciyim!”..sonra qəşş olub getdi.
Bu səs sinifdə olan cümlə qəlbi titrətdi.

Müəllifə görə, insan hər cür şəraitdə şərəfini, mənliyini gösləməlidir, zülmə, haqsızlığa etiraz səsini qaldırrmalıdır. İnsan adı çox ulu və müqəddəsdir.Bu ada ləkə, nöqsan gətirməmək üçün onu qiymətləndirməyi bacarmalısan.
İzzəti-nəfs sahibi keçmişini xəyalına gətirməli, sabahı üçün yaşamalıdır. Şair göstərir ki, insan yalnız cəmiyyət daxilində insandır. Onun gücü də, qüdrəti də, mənliyi və şərəfi də cəmiyyət içərisində, insanlar arasında öz mənasını saxlayır, cəmiyyətdən kənar insan heç şeyə qadir deyil, olduqca zəif və gərəksiz bir şeydir:
Arxadaş, yoldaş! Ey vətəndaş, oyan!
Yatma artıq, yetər...Dəyişdi zaman,
Sıyrılır, bax, yavaş-yavaş zülmət
Barı dan yıldızından al ibrət!
Azacıq varsa hissü vicdanın,
Qalx, oyan!Sönməmişsə imanın.
Qalx, oyan! Gör nə fikrə xadimsən?
Kimlərin oğlusan? Nəsən? Kimsən?
Sürülüb durma böylə, bir yüksəl!
Əcəba yoxmu səndə izzəti-nəfs?
Nə idin? İmdi nerdəsən? Bu nə yəs?
Bax da bir an təsəvvür et yarını,
Daha sürətlə at addımlarını!
Kim baxıb dursa bil ki, qeyb edəcək,
Ayaq altında məhv olub gedəcək.
Sürüsündən kənar olan quzunu
Canavar parçalar görüb də bunu.

Hüseyn Cavid qeyd edir ki, ümumiyyətlə, insan böyük idrak sahibi olmalıdır. İnsanın qiyməti hansı ideala xidmət göstərməsindən asılıdır. İnsan həmişə böyük olmalıdır, idealı da müqəddəs, ali və yüksək olmalıdır:
Çox əzildin, yetər, ər oğlu ər ol!
Çırpınıb çareyi-xilas ara, bul!
Qoşaraq nura , cəhli et pamal.
Həp sənindir şərəf, ümid, iqbal.
Şaşdırıb durma böylə...aydın
İdeal arxasınca qoş, çırpın!
İdealsız nicat ümidi-məhal.

İnsanı yaşadan idealdır. Böyük, ulu ideal fəqət kamil insanda, özünüdərk səviyyəsinə yüksəlmiş insanda təzahür edər. İdeal ən ülvi, yüksək və ali məqsəddir. Məqsədin aliliyi, ülviliyi də insana xidmət etməsindədir. İnsan beynində yaranan idealın qiyməti yenə də insanın özünə münasibətinin dərəcəsindən asılıdır. İdealı olmayan insan həyatda nicat tapa bilməz.
Yaşamaq bütün canlılara xasdır. İdeal isə ancaq insana məxsus keyfiyyətdir. Ona görə də şair varlıqlar içərisində insana xüsusi yer verir və onu yüksək ideallar uğrunda mübarizəyə səsləyir.
Hüseyn Cavid qeyd edir ki, paxıllıq, təkəbbürlülük insan adına layiq olan əlamətlər deyil, əksinə, insanı alçaldan, ona zərər gətirən cəhətlərdir. İnsan belə kiçik və cılız hisslərdən həmişə yüksəkdə durmalıdır. Başqasının fəlakətinə, bədbəxtliyinə sevinmək insanı uca adından məhrum edən əlamətdir:
Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə,
Bu hal, əvət, eyi bir şey deyil, sevinmə, saqın!
Sevinmə başqasının hali-pürsəfalətinə,
Toxunma qəlbinə bikəslərin, zavallıların.

İnsan zəiflərə, fəlakətə düçar olanlara, kimsəsizlərə gülməməlidir, əksinə, onlara yardım əli uzadıb belələrinə əl tutmalıdır, qayğı göstərməlidir. Kimsəsizlərə, köməksizlərə rəhm etmək, küskün və məhzun bir qəlbi sevindirmək hər bir adamın insanlıq borcudur.
Böyük mütəfəkkir təəssüf və nifrətlə bildirir ki, iyirminci əsrin istedadlı, alim oğulları, eyni zamanda, zalım və despotdurlar. Bu keyfiyyətlər bir-birinin tam əksini təşkil edirlər. Alimlik ilə zalımlıq bir adamda cəmləşə bilməz. Bunlardan hər biri ayrılıqda götürülmüş bir adamda mövcud ola bilər.Hər iki cəhəti özündə birləşdirən insan yalnız ikiüzlü, hiyləgər, alçaq bir varlıqdır. İnsana alilik və alimlik xasdır. Ən uca varlıq olan mələk insana baş əymədiyi, ona səcdə etmədiyi üçün haqqın dərgahından qovularaq “şeytan”adını aldı.Bütün zalım və alçaq adamlar həmin şeytanın törəmələri, onun çirkin əməllərinin məhsuludur Şair də demək istəyir ki, yüksək mənsəbə malik olan insan alçalıb həmin şeytana qul olmamalıdır:
Bütün yirminci əsrin müstəbid övladı həp alim...
Bütün yirminci əsrin müstəbid övladı həp zalim..
Əyilməzkən mələk insanə, olmuş aqibət şeytan.
Nədən şeytanə əbd olsun bu gün ali nijad insan?


Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, f.ü.fəlsəfə
doktoru, Qabaqcıl Maarif Xadimi

XƏBƏR LENTİ