Güllü Eldar Tomarlı: "Dədə Şəmşir"

1 174 27-10-2018, 15:09 kose / gundem

Güllü Eldar Tomarlı: "Dədə Şəmşir"Ulu Dədəmiz Dədə Qorquddan üzübəri çox ustadlar gəldi bu dünyamıza. Elə ustadlar ki, hər biri ayrıca bir dünyadı. Qurbani, Sarı Aşıq, Xəstə Qasım və neçə-neçə adı bəlli saz və söz xiridarları. Sonuncu zirvə isə ustadlar ustadı aşıq Ələsgərdi! O Ələsgər ki, bütün zamanların sənət zirvəsidi. Əlbəttə, Dədə Ələsgər də aşıq Alı kimi ustadan kamillik dərsini çox mükəmməl almışdı. O dövrün kamil ustadlarından biri də sənətin qaynar qazanında bişmiş olan ustad Ağdabanlı Qurbandı. Dövrünün çox dəyərli saz və söz adamı olan şair Qurban ocağının bir halal övladıdı Şəmşir Qurbanoğlu.

“Ustad oğlu şəyird olmaz” - demiş atalar. 1893-cü ildə dünyaya gələn Şəmşir daddığı ilk ana südündən sonra sazdan və sözdən qidalandı. O sazdan ki, onların öz ocağında onu aşıq Ələsgər dilləndirib və bu da Şəmşir ömrünün formalaşması üçün əvəzsiz rol oynadı. Əlbəttə, Şəmşirin qabiliyyəti, zirəkliyi, qeyri-adi istedadı onun qolundan tutdu və büdrəməyə qoymadı.
XIX əsrdən başlayan Kəlbəcər ədəbi mühiti elə Şəmşirlə bərabər boy atmağa başladı və çiçəklənməyə başladı.
Evdə, eldə-obada nə qədər saz-söz adamı olsa da, bir ustad yanında dərs almaq lazımdır.
Bir müddət Goranboylu Sarı Aşıqdan da sənət dərsi alan aşıq Şəmşir daha da yetkinləşdi və sənət aləminə müstəqil qədəm basdı. Az bir zaman içində doğma Kəlbəcərdə, Göyçədə və sazın dəyərini bilən hər bölgədə aşıq Şəmşirin adı eşidilməyə başladı.
Bütün bunlar bir yana, aşıq Şəmşirin öz şöhrət taxtında əyləşməsində Azərbaycanın və bütün türk dünyasının böyük şairi Səməd Vurğunla görüşü səbəb olmuşdu. Və bu görüşdən sonra saza biganəliyə son qoyuldu. Öz kökünə, keçmişinə xor baxanlara bir dərs oldu.
Doğrudan-doğruya Dədə Ələsgərdən sonra gələn sənət aləmində tək aşıq Şəmşir o zirvələrdə ucalmışdır. 1955-ci ildə Səməd Vurğun İstisuya gələrkən Şəmşir sözünün və sazının istiliyini də gördü. Uşaqlıqdan saza bağlı olan şair Şəmşirə və onun sazına könül bağladı. Aşıq Şəmşir də onu öz sazıyla, öz sözüylə qarşıladı:

Elimin, günümün böyük şairi,
Gətirib dağlara şəfa, xoş gəldin.
Yolunu gözlədik biz intizarla,
Eyləyib əhdinə vəfa xoş gəldin.

Böyük ustad Səməd Vurğunla görüşü aşıq Şəmşirin şöhrətini ellərə yaydı. Dədə Şəmşir də bundan arxayınlaşmadı. Müqəddəs aşıq sənətinin ən dərin dəryalarına baş vurdu və ordan da ləl-gövhər dolu yüklə döndü. O, təkcə ustad aşıq kimi məclislər yola salıb öz ruzisini qazanmağa çalışmadı. Onun özü bir dastan ömrü yaşadı. Hər cəhətdən bir örnək oldu ellərə. Və üzü Dədə yolunda boyu göründü. Dədələşdi aşıq Şəmşir.
Klassik aşıq şeirinin bütün janrlarında çox böyük uğur qazandı. Yüzlərlə qoşma, gəraylı, divani, təcnis, müxəmməs və başqa şeirləri dillər əzbəri oldu. Hələ bu harasıdı? Belə bir ulu söz də var: şəyirdini mənə göstər, sənin necə aşıq və ya ustad olduğunu deyim. Əslində, aşıq Şəmşir elə xoşbəxt ustadıydı ki, onun zamanında əlinə saz alan hər kəs özünü Dədə Şəmşirin çırağı (şəyirdi) hesab eləyirdi. Təkcə aşıq Sakit Köçərinin adını çəksək bu suala cavab vermiş olarıq. Bu o aşıq Sakit Köçəridi ki, Dədə Şəmşirin işıq üzü görməyən 115 şeirini yığıb bir kitab şəklində onun 115 illiyinə həsr edib və cəmiyyətə təqdim edib.
Şəyirdi ustadlaşan ustada, “ustadlar ustadı “ demiş atalar. Bu cəhətdən də Dədə Şəmşir əs ustadlar ustadı.
Dədə Şəmşirin bir cəhəti də əvəzolunmazdı. Onun yaratdığı hər sözün milli sərvət olmasından savayı o, həm də minnillərdən bəri elin yaddaşında mürgü döyən çox-çox xəzinələri üzə çıxarıb. Eldən aldığı zəngin xəzinələri yenidən öz orijinallığı ilə elə qaytarıb və bununla da bir daha öz böyüklüyünü göstərmişdi. Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və onun çox mahir danışanı olub.
Dədə Şəmşir Borçalıdan olan ustad aşıqlardan Dədə Əmrahla, Hüseyn Saraclıyla, aşıq Kamandar Əfəndiyevlə çox bağlı olmuş və onlara çox böyük dəyər vermişdi. Onların hər üçü ilə gah Kəlbəcərin “İstisu” sanatoriyasındakı evində, gah da Bakıda dönə- dönə görüşmüşüdür. O aşıq Əmrahı da zamanın ən böyük saz ustadı adlandırmışdı.
Özü dastan olan, dastanlar yaradan Şəmşir dastanlaşıb. Onun haqda dastanlar yaradılır. O qədər əzəmətli, o qədər böyükdü ki, Şəmşir adə dillərdə dastan oldu.
Bu il böyük ustadın dünyaya gəlməsinin 125- ci ili tamam olur. XX əsrin ən böyük ustad ozanı olan Dədə Şəmşirin adı və ustad sənətkarlığı heç vaxt unudulmayacaq. Adı innən sonra neçə-neçə yüzilliklərdə anılacaq Dədə Şəmşirin. Ruhu şad olsun!


Güllü Eldar Tomarlı: "Dədə Şəmşir"

XƏBƏR LENTİ