GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROV (II Yazı)

1 088 25-11-2018, 16:57 kose / gundem

GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROV  (II Yazı)
Birinci yazıda göstərmişdik ki, Midhət Ağamirov bütün yaradıcılıq boyu marksizm-leninizm təliminə istinad etmiş, hadisələrə bu mövqedən yanaşmış və onları dəyərləndirmişdir.
1963-cü ildə onun “ Birinci rus inqilabı illərində Azərbaycan ictimai fikrində milli məsələyə dair” monoqrafiyası nəşr olunur. Monoqrafiya 3 fəsildən ibarətdir.Müəllif əsərin “Giriş”ində göstərir ki, marksizm-leninizm klassikləri ictimai inkişafda proletariatın rolu məsələsini işləyib hazırlayarkən, proletar inqilabı məsələsinin tərkib hissəsi olmaq etibarilə milli məsələyə xüsusi yer vermişlər.
1-ci fəsil “Millət anlayışı, millət daxilində siniflər və sinfi mübarizə” adlanır. Burada müəllif millətin meydana gəlməsi haqqında marksizm-leninizmə əsaslanaraq qeyd edir ki, cəmiyyətin inkişaf tarixində insanların müxtəlif birlikləri mövcud olmuşdur. İbtidai icma quruluşu şəraitində insanların ayrıca ictimai istehsal birliklərindən ibarət qəbilələr var idi, həm də bu birlik qan qohumluğuna əsaslanırdı.
Sonralar bu qəbilələrdən tayfalarvə tayfa ittifaqları meydana çıxmışdır. İbtidai icma quruluşunun məhvindən sonra sinfi cəmiyyət meydana gəlir. Dil qohumluğuna malik tayfalardan xalqlar əmələ gəlir. Lakin xalq hələ millət deyildir. Xalqlar dil və mənşə etibarilə bir-birinə yaxın olan və ərazi ümumiliyinə malik tayfaların birliyidir.
2-ci fəsil “Müstəmləkə məsələsi və milli azadlıq hərəkatı.Millətlərin öz müqəddəratını təyin etməsi” adlanır. Midhət Ağamirov fanat kommunist olduğuna görə, həm də zamanın, mühit və şəraitin tələblərinə uyğun olaraq, bu məsələlərdən danışarkən, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev və Əlimərdan bəy Topçubaşova qarşı çox kəskin mövqe tutur, bolşevik silahı ilə onlara hücum edir.
Müəllif yazır:”İngiltərə imperialistlərinin və başqa imperialist dövlətlərin, xüsusən, Şərq xalqlarına qarşı yeritdikləri amansız müstəmləkə siyasətini bolşeviklər böyük bir qətiyyətlə ifşa edib, müstəmləkəçilik əleyhinə xalqları cəsarətli mübarizəyə çağırdıqları halda, gah pantürkizm, gah da panislamizm ideologiyasını təbliğ edən, çox zaman isə bu iki ideologiyanı özündə təcəssüm etdirən Ə.Hüseynzadə eyni zamanda müstəmləkəçi Qərb dövlətlərinin zülm və istibdad siyasətinin tərəfdarı kimi çıxış edirdi. İngiltərə müstəmləkəçiliyini “azadlıqpərəstlik” kimi qələmə verən Ə.Hüseynzadə “dünyanın nərəsində olursa-olsun , hürriyyəti alqışlayan ingilislər”dən dəm vururdu.
Əhməd bəy Ağayev haqqında danışarkən, müəllif yazır: “Azərbaycanda burjua-mülkədar cərəyanını təmsil edənlər müstəmləkə məsələsi və xalqların milli azadlıq hərəkatı məsələsində də ən mürtəce bir mövae tutur, inperialist dövlətlərin müstəmləkəçilik siyasətinə haqq qazandırmağa cəhd edirdilər.
Əhməd bəy Ağayev özünü Şərq xalqlarının, müsəlman dövlətlərinin “müdafiəçisi” kimi göstərməyə çalışsa da, həqiqətdə bu ölkələrin milli varlığını inkar etməkdən, onları tənqid edib alçaltmaqdan irəli gedə bilməmişdi.” Midhət Ağamirov Ə.Topçubaşov haqqında isə belə yazır: “ Mütləqiyyətə qarşı əvvəllər müəyyən dərəcədə müxalifətçi mövqedə duran və Rusiyadakı “müsəlman xalqları” haqqında mütləqiyyətin “ruslaşdırma” siyasətini liberal ifadələrlə pisləyən Ə.Topçubaşov çarizmin vermiş olduğu 17 oktyabr manifesti münasibətilə öz hədsiz sevincini ifadə edərək, bununla da Rusiyada milli məsələnin həll olunduğunu iddia edir və çarizmə öz minnətdarlığını bildirirdi. Saxta “azadlıq” tərəfdarı kimi çıxış edən Ə. Topçubaşov həqiqətdə çar mütləqiyyətinin toxunulmaz qalmasını nəzərdə tuturdu”.
Çarın inqilaba qarşı mübarizədə vaxt qazanmaq, qüvvə toplamaq məqsədilə verdiyi 17 oktyabr manifestini Ə. Topçubaşov rusiyanın ictimai həyatında böyük bir dirçəlişin başlanğıcı hesab edir və onu alqışlayırdı. Rusiyadakı bütün başqa liberal burjua nümayəndələri kimi, Ə.Topçubaşov da manifest verilməsi sayəsində azadlıq hərəkatının öz məqsədinə çatdığını və siyasi azadlıq günəşinin doğduğunu iddia edirdi. Onun fikrincə, çar manifesti verilməsi sayəsində guya, ölkədə hər şey dəyişilmiş, Rusiyada müqəddəs bir üsuli-idarə yaranmışdır.O, hesab edirdi ki, ölkənin gələcəyi sinfi mübarizədən, bu mübarizədə proletariatın və bütün zəhmətkeş kütlələrin mütləqiyyət üzərində qələbəsindən deyil, yalnız “azad məktəb”dən asılıdır.
“Milli məsələdə ifrat irticaçı mövqe tutan Ə.Hüseynzadə üzünü Türkiyəyə tutaraq, islam dininə arxalanan bir hökumətin möhkəm olmasını arzulayır və qeyd edirdi ki, “iş o təxtin mətin və möhkəm olmasındadır”.
İctimai inqilabların əhəmiyyətini başa düşməyən, “müsəlman cəmaəti” üçün mətin və möhkəm təxti “lazım bilən, Türkiyə hökuməti-hazirəsinin ittihadi-islam politikasından” bəhs edən Ə.Hüseynzadə “türk padşahlarını, ”eyni zamanda, aləmi-islamiyyətin rəisi adlandırırdı.
Aydındır ki, bolşeviklər milli istiqlaliyyət, müstəqillik anlayışının qati əleyhinə idilər.Onlar proletariat diktaturası yaratmaq və hər şeyi onun hakimiyyətinə tabe etdirmək istəyirdilər. Ad dəyişilsə də, mahiyyət olduğu kimi qalırdı. Çarizmin müstəmləkəsi bolşevizmin müstəmləkəsi olmalı idi. Hakimiyyət çarizmdən bolşevizmə keçməli idi. Bunun üçün inqilab lazım idi. Milyonlarla günahsız insanların qanı axıdılmalı, şəhərlər, kəndlər yerlə yeksan edilməli, axıdılan qanların üzərində proletariatın diktaturası qurulmalı idi.
Bolşeviklərin son məqsədləri çarizm məkanında şəriksiz hakimiyyətə malik olmaq, ölkəni istədikləri kimi idarə etmək idi. Qalan hər şey gözdən pərdə asmağa
xidmət edirdi. Buna görə də milli suverenlik, istiqlaliyyət və müstəqillikdən danışanlara düşmən kimi yanaşır, onları asanlıqla aradan götürürdülər.
Azərbaycan xalqının içərisindən çıxan bir çox millətsevər, vətənsevər ziyalılar bolşeviklərin bu hiyləsini qabaqcadan başa düşür, onların yeni müstəmləkəçi siyasətlərinə qarşı çıxırdılar. Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Əli bəy hüseynzadə, Əlimərdan bəy Topçubaşov və başqaları belə ziyalılardan idilər. Bolşeviklərin isə bu cür adamları görməyə gözləri yox idi. Bu cür insanlara qarşı çıxanlar bolşeviklərin dostu, onları müdafiə edənlər isə bolşeviklərin düşmənləri sayılırdı.
Bütün sovet alimləri kimi, Midhət Ağamirov da kommunist idi, kommunist partiyasının üzvü və deməli, sadiq ideoloqu idi. Buna görə də o, Əhməd bəy Ağayevi, Əli bəy Hüseynzadəni, Məhəmməd Əmin Rəsulzadəni, Əlimərdan bəy Topçubaşovu və bu yolda olan başqalarını “xalq düşməni”,”həyatı başa düşməyən”, “hadisələri qiymətləndirməyi bacarmayan panislamist, pantürkist” kimi qələmə verməyə (könüllü-könülsüz) məcbur idi. Bu, onun kommunist borcu və vəzifəsi idi. Burada təəccüblənməli bir şey yoxdur.
Elə indiki müstəqillik dövrümüzdə də həmin adamlara ağız büzən, istehza ilə yanaşan, qısqanclıqla onların adlarını çəkən “vətən övladlarına” çox rast gəlirik. Milli məsələdən danışarkən, Midhət Ağamirov çox düzgün olaraq qeyd edir ki, bolşeviklər Lenin tərəfindən irəli sürülən “millətlərin öz müqəddəratını təyin etməsi” məsələsində geniş əraziyə malik olan millətlərə milli-məhəlli muxtariyyət verilməsinin əleyhinə idilər. Nə üçün? Çünki onlar bütün millətləri eyni mərkəzdən-vahid bir nöqtədən idarə etmək istəyirdilər.
Milli məhəlli—milli ərazi muxtariyyəti millətlərin müstəqilliyi demək idi. Bu isə bolşevikləri təmin etmirdi.”Millətlərin öz müqəddəratını təyin etməsi” şüarı dolayısı yolla gözdən pərdə asmaq üçün idi. Bolşeviklər əyalət özünüidarəsini tələbini müdafiə edirdilər. Bu məsələ 1917-1920-ci illərdə daha qabarıq, daha ciddi şəkil aldı. Müsavatçılarla bolşeviklər arasında gərgin siyasi mübarizəyə səbəb oldu. Burada Midhət Ağamirov, təbii olaraq, bolşeviklərin yeritdikləri ideya-siyasi xəttin müdafiəçisi kimi çıxış edir.
3-cü fəsil “Xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi” adlanır. Bu fəsildə göstərilir ki, proletar beynəlmiləlçiliyi ideologiyası istər hər bir ölkə daxilində müxtəlif millətlərə mənsub olan fəhlə sinfinin, istərsə də beynəlxalq miqyasda müxtəlif ölkələrin proletarlarının mənafe ümumiliyini və məqsəd birliyini irəli sürür. Buna əsasın fəhlə sinfinin inqilabçı partiyaları bütün ölkələrin proletarlarını birləşdirmək siyasəti yeridirdilər. Habelə, bu da qeyd edilir ki, 1905-1907-ci illərdə Azərbaycan bolşevikləri də proletar beynəlmiləlçiliyi haqqında marksizm-leninizm təlimini rəhbər tutaraq, fəhlə sinfini və başqa zəhmətkeşləri inqilabın qələbəsinə doğru aparmaq üçün xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi ideyalarının geniş yayılmasına ciddi əhəmiyyət verirdilər.
Bu məsələ ilə əlaqədar olaraq Nəriman Nərimanovun, M.Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və başqalarının adları çəkilir, onların bu illərdə xalqlar dostluğu və proletar beynəlmiləlçiliyinə aid yazılarından bəhs olunur. M.Ə.Sabir haqqında müəllif belə yazır: “Sabirin məşhur “Beynəlmiləl” əsərində xalqların mehriban şəraitdə yaşamasını zəruri hesab edərək beynəlmiləiçilik, insanpərvərlik ideyalarını təbliğ edir, bu iki xalqı (ermənilərlə azərbaycanlıları) bir-birinə qardaş əli uzatmağa və birləşməyə çağırırdı”.
Nəriman Nərimanov haqqında Midhət Ağamirov deyir ki, o, saxta “millətçiləri”ifşa edir, ən qatı irticaçıların da millətçilik pərdəsi arxasında öz məqsədlərinə nail olmağa çalışdıqlarını göstərirdi. N.Nərimanov çar mütləqiyyətinin “parçala, hökm sür” siyasətini pisləyir, onun bütün iyrəncliyini aşkara çıxarır və göstərirdi ki, ayrı-ayrı millətlərin, güniş xalq kütlələrinin birləşməsi, onların möhkəm ittifaqı çar mütləqiyyəti üçün ən qorxulu bir təhlükə yaradırdı. Buna görə də çarizm həmin xalqları bir-birindən ayrı salmağa, onların arasında qanlı toqquşmalar törətməyə səy edirdi.
Müəllif üçüncü fəsli yekunlaşdıraraq yazır: “ Azərbaycan bolşevikləri müxtəlif xalqların dostluq və mehribanlıq şəraitində yaşaması, müxtəlif millətlərdən olan fəhlələrin vahid proletar ordusu halında təşkil olunması, mənfur çar mütləqiyyətinə və burjuaziyaya qarşı sinfi və inqilabi döyüşləri genişləndirməsi uğrunda fədakarlıqla mübarizə aparır, proletar beynəlmiləlçiliyi və həmrəyliyi haqqında Leninin böyük ideyalarını rəhbər tuturdular.
1965-ci ildə Midhət Ağamirovun “Azərbaycanda marksizm-leninizm ideologiyası uğrunda mübarizə tarixindən” adlı kitabı nəşr olunmuşdur. Bu kitab 5 fəsildən ibarətdir. Birinci fəsildə sinfi cəmiyyətlərin inkikşafı tarixindən, sinfi mübarizə tarixindən, kapitalizm cəmiyyətinin əsas siniflərindən, proletariatın sinfi mübarizəsindən, iqtisadi mübarizə ilə siyasi mübarizənin nisbətindən, fəhlə sinfinin ideoloji mübarizəsindən, proletariatın tarixi vəzifəsindən və s.-dən söhbət gedir.
2-ci fəsildə birinci rus inqilabının başlanmasından, inqılabın xarakterinə, hərəkətverici qüvvələrinə və vəzifələrinə Lenin tərəfindən verilən qiymətin müdafiəsindən, inqilabda proletariatın avanqard rolundan, fəhlə sinfinin kəndlilərlə ittifaqından, burjua-demokratik inqilabının böyüyüb sosialist inqilabına keçməsindən, partiyanın rolu haqqında Lenin təliminin müdafiəsi və təbliğindən danışılır.
3-cü fəsildə Rusiyanın dövlət quruluşu məsələlərində bolşevik taktikasının həyata keçirilməsindən söhbət açılır. 4-cü fəsildə millət anlayışı, milli müstəmləkə, milli azadlıq hərəkatı haqqında danışılır. Bu fəsildə qoyulmuş məsələlər də bundan əvvəlki əsərdə işlənmişdir və onların təkrarıdır.
Monoqrafiya böyük zəhmət, əsəb gərginliyi, yuxusuz gevələr hesabına ərsəyə gəlmişdir. Müəllif çox geniş tədqiqat işi aparmış, müxtəlif illərin dövri mətbuatından, arxiv materiallarından, müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyatdan, marksizm-leninizm klassiklərinin əsərlərindən və s.-dən istifadə etmişdir.
1971-ci ildə rus dilində nəşr olunmuş “Azərbaycanda marksizm-leninizm təlimi uğrinda mübarizə tarixindən” adlı əsər 4 fəsildən ibarətdir. Birinci fəsildən fərqli olaraq, 2, 3 və 4-cü fəsillərdəki məsələlər bundan əvvəlki “Azərbaycanda marksizm-leninizm ideologiyası uğrunda mübarizə tarixindən”(1965) adlı əsərdə geniş şəkildə şərh edilmiş və təhlil olunmuşdur.
1980-ci ildə müəllifin rus dilində “İrtica illərində Azərbaycanda marksist-leninçi fəlsəfi fikir” kitabı nəşr olunmuşdur və dörd fəsildən ibarətdir.
1-ci fəsil “ Marksist fəlsəfi materializmin təbliği və müdafiəsi”,
2-ci fəsil “ Siniflər və sinfi mübarizə haqqında marksist-leninçi təlimin təbliği və müfafiəsi”,
3-cü fəsil “ Dövlət və inqilab haqqında Lenin təliminin təbliği və müdafiəsi”,
4-cü fəsil “ Milli məsələ haqqında marksizm-leninizm təliminin təbliği və müdafiəsi” adlanır.
Birinci fəslin birinci paraqrafı “ Azərbaycanda idealist irticaçı fəlsəfənin yayılması. Marksizm fəlsəfəsinə qarşı yürüş” adlanır. Burada fəlsəfənin əsas məsələsinin birinci tərəfi olan materiya ilə şüurun münasibəti, nəyin birinci, ilkin olması, hansının ikinci-törəmə olması haqqında materialistlərlə idealistlər arasında gedən mübarizədən danışılır.
Müəllif göstərir ki, idelizmin nümayəndələri olan P.B.Struve və P.M.Kara-Murza şüuru birinci, materiyanı isə ikinci-tərəmə hesab edirlər. Bundan başqa, onlar Marksın “insanların ictimai varlıqları onların ictimai şüurunu təyin edir” tezisinə qarşı çıxır, bunun çox yanlış olduğunu söyləyir və iddia edirlər ki, ictimai şüur ictimai varlılğı müəyyən edir. Bundan başqa, onlar fəlsəfənin əsas məsələsinin ikinci tərəfi olan “insanın obyektiv gerçəkliyi dərk etməsinin mümkünlüyü” haqqında da əks mövqe tutur, obyektiv gerçəkliyin dərk edilə bilməməsini iddia edirlər.
Midhət müəllim qeyd edir ki, bu illərdə irticaçı idealist fəlsəfə elm ilə dini barışdırmağa, elmi dünyagörüşü mistika ilə əvəz etməyə çalışır, elmi dünyagörüşü dini əqidə, dini inamla eyniləşdirirdilər. Azərbaycan bolşevikləri də marksizm-leninizm təlimini rəhbər tutaraq, irticaçı idealist fəlsəfənin ideoloqlarına qarşı ciddi mübarizə aparırdılar.
İkinci paraqraf : “ V.İ. Laninin “ Materializm və empiriokritisizm” kitabı. Marksizmin fəlsəfi əsaslarının müdafiəsi. Tarixi materialistcəsinə anlamağın təbliği” adlanır. Burada müəllif irticaya qarşı mübarizədə S.Şaumyan və S.Spandaryanın məqalələrinə istinad edir, əsas sitatları onlardan gətirir, irticaçı idealizmə qarşı mübarizədə Leninin “ Materializm və empiriokritisizm” əsərinin əhəmiyyətli rolunu açıqlayır., “ çox vaxtında yazılmış qiymətli əsər” kimi xarakterizə edir. Kitabın sonrakı fəsillərində isə əvvəlki fikirlər genişləndirilmiş şəkildə oxuculara çatdırılır.
1960-cı ildə Midhət Ağamirovun “ M.Ə.Sabirin dünyagörüşü” adlı kitabı nəşr olunur. Kitab “ Bir neçə söz”, Müqəddimə” və 4 fəsildən ibarətdir: Birinci fəsil—“ Sabirin sosioloji və ictimai-siyasi baxışları” adlanır. Bu fəsil 4 paraqrafdan ibarətdir .Birinci paraqraf—“” İctimai həyatda yeniliklə köhnəliyin mübarizəsi haqqında” adlanır. İkinci paraqraf—“ Şair və 1905-1907-ci illər inqilabı, üçüncü paraqraf—“ İran və Türkiyə inqilablarına münasibət”, dördüncü paraqraf—“ Milli məsələ haqqında” adlanır.
“ Müqəddimə”də böyük şairimizin yaşayıb-yaratdığı dövrün xarakteristikası haqqında geniş məlumat verilir. Rusiyada və o cümlədən Azərbaycanda mövcud olan ictimai-siyasi və iqtisadi durum, müstəmləkə boyunduruğu altında inləyən məzlum və məhkum xalq kütlələrinin acınacaqlı vəziyyəti, ölkədə baş verən hadisələr, getdikcə sürətlə genişlənməkdə olan siniflər mübarizəsi, inqilabi azadlıq hərəkatları, ədalətsizlik, haqsızlıq, zülm və istismarın törətdiyi ağır nəticələr haqqında dolğun məlumat verilir.
1905-ci ildə baş verən birinci rus inqilabı özünəqədərki nisbi “ sakitliyi” tamam pozur. Elə bil arı yuvasına çöp uzadılır. Rusiyada baş verən inqilab ölkənin bütün ərazisinə sirayət edir. İnqilab insanları hərəkətə gətirir., siniflər mübarizəsi daha kəskin şəkil alır. Məzlum kütlələr içərisində oyanma, canlanma əmələ gəlir. Bolşeviklərin təbliğat və təşviqatları öz təsirini göstərməyə başlayır. Fəhlələr və kənd əməkçiləri öz zalım və qansoran ağalarına qarşı çıxır, haqlarını, hüquqlarını tələb edir, əvvəlki kimi yaşamaq və işləmək istəmirlər. Bunu görən sərvətlilər öz gözlərinə inanmırlar, bu canlanmadan, oyanmadan vahiməyə düşür, çarə axtarırlar.
Bu hadisələrin canlı şahidi olan M.Ə.Sabir öz qələmi ilə proletariatın tərəfində durur, burjuaziya və mülkədarlara qarşı barışmaz mövqe tutur, haqsızlığı, zülmü, istismarı kəskin tənqid və ifşa edən şeirlər yazır. İnqilaba qədər o, dini-sxolastik şeirlər yazmaqla məşğul idi. İnqilabdan sonra gerçəkliyi özündə əks etdirən daha ciddi məzmunlu şeirlər yazmağa başlayır.
GÖRKƏMLİ FİLOSOF MİDHƏT AĞAMİROV  (II Yazı)
Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi
f.ü.f.doktoru, Qabaqcıl Maarif Xadimi

XƏBƏR LENTİ