Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN (2.Yazı)

782 2-12-2018, 22:43 kose / siyaset / gundem

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN (2.Yazı)

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Bizə elə gəlir ki, özünü bab elan edən Seyid Əli Məhəmməd Şirazinin əsil niyyətinin nədən ibarət olmasından asılı olmayaraq, Azərbaycandan olan Tahirə Qürrətül-Eyn birmənalı şəkildə Qacarlar hakimiyyətinə deyil, daha çox radikal hala gəlmiş imamilik-şiəliyə və ona aid mistisizmə, fanatizmə qarşı mübarizə aparmışdır. Məhz bundan çıxış edərək Qürrətül-Eyn Kərbəlada açıq şəkildə babiliyi təbliğ etməyə başlamış, hətta Seyid Məhəmmədin “Əhsənül-Qisas” kitabını ərəbcədən fars dilinə çevirmiş, özü də bir sıra qəsidə və şeirlər yazmışdır. Bəhaliyin fəal təmsilçilərindən biri olan N.Zərəndi də yazır ki, həzrət Babın inayət göstərərək, onunla görüşmədən ilk möminlər sırasına daxil etməsi həzrəti Tahirənin məhəbbət, sədaqət və şücaətini artırmış və o, hədsiz fədakarlıqla ilahi təlimi yaymağa başlamışdı: “O, ərinin və qohumlarının xoşagəlməz işlərini tənqid edirdi. Həzrət Tahirənin fəaliyyəti insanların əxlaq və davranışında güclü dəyişiklik əmələ gətirdi, düşüncələrdə bir inqilab baş verdi. O, daim şövq və məhəbbətini artırır, feyz mənbəyindən tükənməz nemətlər əxz edirdi. Həzrəti Tahirə başdan-ayağa şücaət və qeyrət mücəssəməsi idi, hər an fəaliyyətini gücləndirirdi. O, Allah əmrinin əzəmətini yaxşı anlayırdı və inanırdı ki, bu çağırış bütün dünyaya yayılacaq, bütün insanlar onun kölgəsinə pənah gətirəcəklər”.
Bundan duyuq düşən Kərbəla üləmaları Tahirədən şəhər hakiminə şikayət etmişdir ki, bununla da o, gözaltına alınmış, daha sonra Bağdada getməyə icazə ala bilmişdir. Ancaq Osmanlı dövlətinin tərkibində olan Bağdadda da onun babiliyi təbliğ etməsi birmənalı qarşılanmamışdır. “Bir gün o, şiə üləmalarına sifariş göndərdi ki, o mübahisə etmək istəyir, burada iki tərəf müəyyən məsələ üzərində debat edir, bir tərəfin tutarlı dəlili olmayanda o məğlub sayılır. O, bütün üləma dəstəsini məyus etdi, hökumət onu və onu müşaiyət edənləri Bağdad müftisi Əllamə İbn Alisuinin evinə göndərdi ki, Tahirə burada üç ay Türk hökumətinin əmrini gözlədi. Bu dustaqlıq dönəmində, İbn Alusi onunla müxtəlif mövzularda danışdı və onun ağıllı cavablarından heyrətə gəldi. Bir dəfə o, Tahirəyə dedi ki, yuxuda görüb ki, şiələr İmam Hüseynin cismini qəbirdən çıxarırlar, o isə özünü cənazənin üstünə ataraq buna mane olub. Tahirə dedi ki, bu yuxunun mənası odur ki, müfti tezliklə onu şiə üləmalarının ona yaratdığı müşküllərdən azad edəcəkdir. Əllamə vaxtının çoxunu onunla müxtəlif dini, məhz “ölümdən sonrakı həyat”, “günah və savabın ölçülməsi” və sair bunun kimi məsələləri müzakirə etməklə keçirirdi”.
Beləliklə, Bağdadda uzun müddət qala bilməyən Tahirə yenidən öz vətəni Azərbaycana-Qəzvinə dönməli olmuşdur. Qəzvində babiliyi təbliğ etdiyi bir zamanda qatı şiə imamiliyinin tərəfdarı, eyni zamanda əmisi Molla Tağının öldürülməsi Tahirənin işini çox çətinləşdirdi. N.Zərəndi yazır: “Molla Tağının qətlə yetirilməsi Molla Məhəmmədi və Molla Tağının digər qohumlarını son dərəcə qəzəbləndirdi. Molla Məhəmməd qərara gəldi ki, bu işdə həzrət Tahirəni ittiham etsin. Və bu yolla ondan öz qisasını alsın. Bir çox səylər göstərdikdən sonra o, həzrət Tahirənin öz atası Molla Salehin evində dustaq edilməsinə nail oldu. Bir neçə qadını Tahirəyə gözətçi təyin təyin etdilər və nlara tapşırdılar ki, dəstəmaz almaqdan başqa heç bir halda həzrət Tahirənin otaqdan çıxmasına imkan verməsinlər. Deyirdilər ki, Molla Tağının əsil qatili həzrət Tahirədir, çünki bu iş onun əməli ilə törədilib”.
Qürrətül-Eyn haqqında çox yüksək fikirdə olan Mirzə Kazım bəy hesab edirdi ki, onun İslam dini və şəriətlə bağlı yeni fikirləri Qacarlar cəmiyyətində birmənalı qarşılanmamışdır. Kazım bəy yazır: “Qəzvində günbəgün Qürrətül-Eynin Babi müridlərinin sayı artmış, nəhayət bu şəhərin məşhur müctəhidlərindən biri, Qürrətül-Eynin qohumu bütün vasitələrdən istifadə edərək onu bu “küfr”dən ayırmağa çalışmış, lakin heç bir xeyri olmamışdı. Babı və onun “küfr” təlimini islamın bu qəzəblənmiş başçısı açıq tənqid etdiyindən bunu öz həyatı ilə ödəmiş oldu. Belə ki, müctəhid adəti üzrə dan yeri sökülərkən məscidə gedərkən üç babi tərəfdarı hücum edərək müctəhidi öldürmüşdürlər. İslamda qadağan olunan bu dəhşətli hadisə bütün şəhərdə həyəcan yaratmış, cinayətkarlar tutulmuş və ölümə məhkum edilmişdilər. Öldürüləni isə müqəddəs kimi qəbul etmişdilər... Qürrətül-Eyn artıq Qəzvində qala bilməzdi. O, öz səmimi tərəfdarları ilə birlikdə yola çıxaraq Xorasana gəlmiş, buradakı Babilərlə birləşmişdilər”.
Doğrudan da, babilərin, xüsusilə də Bəhaullahın yardımı ilə Tahirə Qəzvindəki ed dustaqlığından azad olunaraq Tehrana yerləşdiril¬miş, daha sonra Xorasana getməsi məqsədəuyğun hesab olunmuş¬dur. Tahirə Xorasana gedərkən babilərin 1848-ci ildə Şahruda gerçəkləşdirdiyi Bədəşt konfransında da iştirak etmişdir. O, bu konfransda qadın-kişi bərabərliyini, babilərin mal varlıqlarını bölüşməyi, namazla oruc tutmaqda sərbəstliyi (hətta, tamamilə imtina etməyi), müctəhidi ya da imamı təqliddən vaz keçməyi, xüsusi mülkiyyətin ləğvini və digər məsələləri irəli sürmüşdü.
Özəlliklə, o, qadınların azadlığı məsələsi üzərində dayanır, qadınla kişinin hüquqi, mənəvi cəhətdən bərabər olduğunu iddia edirdi. Tahirə təklif edirdi ki, qadınlar hicab örtməsinlər, özü də çadradan imtina etmişdi. K.Əliyeva yazır: “Qürrətül-Eyn bu konfransda 80 kişiylə bərabər iştirak edən və eyni zamanda onlara qarşı çıxan və qələbə qazanan ilk qadın alim kimi tarixə düşür. O, fikirlərini bitirdikdən sonra çadrasını yerə atır. Bu hadisənin yaratdığı təsir çox dərin olur. Bəziləri əlləri ilə üzlərini örtür, digərləri özlərindən keçərək yerə sərilir, bir başqaları da başlarını öz əbaları ilə elə örtürlər ki, Ülyahəzrətləri Zərrintacın üzünü görməsinlər. Küçədən keçən tanış olmayab bir qadının üzünü görmək günah olduğu halda, Qürrətül-Eyn kimi təmizlik simvolu olan bir varlığa baxmaq bəşəri cinayət idi. Onun bu hərəkətinə heyrətlənmiş bir konfrans nümayəndəsi isə, hətta qəzəbindən öz boğazını kəsir, bir neçəsi isə nifrətlə ona hücum edir. Lakin Zərrintac özünün möhkəm iradəsi, soyuqqanlığı və bəlağətli nitqi ilə qəzəblənmiş kişiləri sakitləş¬dirir, onları geri çəkiləməyə və ona qulaq asmağa məcbur edir. O, çıxış edərək deyir: “Qalxın qardaşlar, Quranın dedikləri yerinə yetdi, yeni era başlamışdır. Mən sizin bacınız deyiləmmi, sizsə mənim qardaşım? Siz mənə həqiqi dost kimi baxa bilməzsinizmi? Bir bacı nə zaman üzünü qardaşından gizlədib? Əgər siz beyninizdən şər fikirləri çıxara bilmirsinizsə (çünki o dövrdə üzünü niqabla örtməmək görünməmiş bir şey idi), onda siz həyatınızı böyük iş üçün necə verəcəksiniz?... Gəlin, qadınlarımızı azad edək və cəmiyyətimizi islah edək. Gəlin, mövhumat və xudbinlik qəbirlərindən qalxaq və qiyamət gününün yaxın olduğunu bəyan edək; onda bütün dünya vicdan azadlığına və yeni həyata cavab verəcək! Bu qiyamət şeypurunun səsi mənəm”.
Bir sözlə, Qürrətül-Eyn Seyid Məhəmməd Əlinin yolunun radikal davamçısı kimi iddia edirdi ki, İslam dini, xüsusilə də Quranın müddəaları artıq köhnəldiyi üçün yeni din və onun kitabı vacib buyurulmuşdur. Qürrətül-Eyn toplantıya üz tutaraq deyirdi: “Bizim günlərimiz aralıq dövrləridir. Bu gün bütün dini vacibatlar aradan qaldırılır və namaz, oruc və salavat əbəsdir. Bab yeddi səltənəti fəth edəndə və müxtəlif dinləri birləşdirəndə o yeni şəriət gətirəcək və öz Quranını icmaya təqdim edəcək. Onun əmr etdiyi hər bir mükələfiyyət yer üzünün insanları üçün məcburi olacaq. Ona görə özünüzü dəyərsiz şeylərlə yükləməyin”.
Beləliklə, Tahirə İslam dinin öz missiyasını başa vurmasına birmənalı şəkildə inanaraq yeni dinin, yəni babiliyin ortaya çıxmasının vaxtının çatdığını bəyan etmişdir. O hesab edirdi ki, Seyid Məhəmməd Əli də yeni “peyğəmbər” kimi vaxtı keçmiş İslam dini və şəriətin yerinə, yeni bir “Quran” və şəriət gətirəcək. Şübhəsiz, Qürrətül-Eynin İslam dininə və şəriətə qarşı radikallığı yalnız qeyri-babilər deyil, babillərin əksəriyyəti tərəfindən də birmənalı qarşılanmamışdı. Bununla da babilər açıq şəkildə üç qrupa bölünmüşdür: 1) İslam dinindən tamamilə üz döndərərək, yeni dinin qəbul edilməsinin vaxtının çatdığını iddia edən radikal babilər (Seyid Məhəmməd Əli, Qürrətül-Eyn), 2) İslam dinindən imtina etmək, ancaq yeni dini tətbiq edərkən mötədilliklə bunu həyata keçirmək istəyən loyal babilər (Mirzə Hüseyn Əli Nuri, yəni Bəhaullah), 3) İslam dinindən, şəriətdən üz döndərmədən islahatçı yolunu tutmuş babilər (Quddusu).
Məhz Bədəşt konfransından sonra xüsusilə də, radikal babilər Qacarların bir çox əyalətlərində üsyanlar qaldırdılar. Bu üsyanlar arasında Təbərsi, Mazandaran, Zəncan və digərlərini göstərə bilərik. 1850-ci ildə baş bab Seyid Məhəmməd Təbrizdə edam olunur, bu zaman həbs edilən Qürrətül-Eyn isə nəzarət altında idi. “Onun dustaqlığı çox sərt deyildi və ayrı-ayrı babilər onu müxtəlif bəhanələr altında görə bilirdilər. O, çoxsaylı kişi və qadın ziyarətçiləri qəbul edir. Tahirə mövcud şəraitdə qadınların aşağı rolunu göstərməklə əksəriyyətdə dərin təsir buraxır və babilik hərəkatının qadınlara verdiyi azadlıq və hörməti göstərməklə onları heyran edir. Bunun da nəticəsində orada elə müzakirələr keçirilir ki, kişilər oradan heç də həmişə qalib çıxa bilmirlər”.
Belə bir bilgi də var ki, Nəsrəddin şah Qacar həbsxana şəraitində yaşadığı zaman Zərrintacla görüşmüş, hətta ona evlilik təklif edərək, bu yolla ölüm fətvadan qurtulmasının mümkünlü¬yü¬nü irəli sürmüşdür. Ancaq Tahirə Qürrətül-Eyn şahın evlilik təkilifini rədd etmiş və ölüm fətvasına boyun əymişdir. Məhəmməd İshak “Qürrətül-Eyn – Babi şəhidi” məqaləsində yazır: “Deyilənə görə şah ona məktub yazıbmış ki, əgər babilikdən imtina etsə, şah onu öz hərəminə gətirəcək. Deyilənə görə, o, şahın mktubunun arxasına aşağıdakı şeiri yazıb geri göndərmişdi:

İsgəndərin cah-cəlalı sənin olsun,
Qələndərin isə vərdişi və yolu mənim
Əgər o sənə xoşdursa, mən ondan imtina edirəm,
Bu isə, pis olsa da, mənə kifayətdir”.
Tahirənin Nəsrəddin şaha yazdığı cavabın başqa bir variantı isə belədir:
Sən hakimiyyət və səltənət düşkünü,
Mənsə iman və yoxsulluq düşkünü,
Əgər hakimiyyət və səltənət seçilsə
Onlar halalın olsun,
Əgər dərvişin yolu bəyənilməzsə,
Mən cəzaya etiraz etmirəm.

XƏBƏR LENTİ