AZƏRBAYCAN FƏLSƏFƏ SİNİN AĞSAQQALI FİRİDUN KÖÇƏRLİ (ikinci yazı)

885 8-12-2018, 16:17 kose

AZƏRBAYCAN FƏLSƏFƏ SİNİN AĞSAQQALI FİRİDUN KÖÇƏRLİ   (ikinci yazı)

Firidun Köçərli M.F.Axundovun sosial-siyasi idealından danışarkən, onun mütləqiyyət quruluşuna, despotizmə, zülmə, ədalətsizliyə nifrət etdiyini, konstitusiyalı parlament üsuli-idarəsini bəyəndiyini, hüquq bərabərliyini və şəxsiyyət azadlığını müdafiə etdiyini göstərir və doğru olaraq qeyd edir ki, Mirzə Fətəli Axundov özünün “ Kəmalüddövlə məktubları”nda ilk dəfə olaraq inqüilab anlayışının sosial-fəlsəfi mənasını açsa da, öz idealının həyata keçirilməsində elmə, maarifə böyük ümid bəsləyirdi. Hətta bir sıra hallarda o, ictimai tərəqqini elmin, maarifin inkişafı ilə eyniləşdirir, maarifçilik xəyallarına qapılır və belə güman edirdi ki, cəmiyyətdəki bərabərsizliyə, zülmə, istismara, haqsızlıqlara son qoymaq üçün xalqın şüurunu inkişaf etdirmək kifayətdir.
Müəllif M.F.Axundovun sosial-siyasi idealı haqqında geniş və dərin məlumat verir. “ Mirzə Fətəli Axundov və yeni dövr Azərbaycan fəlsəfəsi” fəslində Axundov fəlsəfəsinə xas olan cəhətləri aydınlaşdırmağa çalışır ki, bu fəlsəfədə başlıca olaraq dövrün mürəkkəb, ziddiyyətli problemləri, doğma xalqının ən ümdə arzu və istəkləri, sosial-siyasi və mədəni-mənəvi tələbatları əks edilmişdir. Bu fəlsəfə Azərbaycanda materializmin inkiıafında yeni mərhələdir
Firidun müəllim göstərir ki, bu fəlsəfə ümumdünya fəlsəfi fikrindən kənarda deyil, onun tərkib hissəsi kimi formalaşmışdır. Köçərli M.F.Axundovun hind fəlsəfəsinə , xüsusən çarvakların münasibətini maraqlı cəhət kimi qələmə verir: “Axundov çarvakların görüşlərini hörmətə layiq hesab edir, xüsusilə onların “axirət dünyası” haqqında dini təsəvvürlərə qarşı çıxmalarını, xalqı mövcud, həqiqi dünya nemətlərindən faydalanmağa çağırışlarını yüksək qiymətləndirir və yazırdı ki, planetimizdə mövcud olan qanuna görə, gözlə görünməyən, hiss edilməyən, dərk edilməyən heç bir şey mövcud deyildir.
Firidun Köçərli M.F.Axundovun, demək olar ki, bütün yaradıcılığını tədqiq etmişdir. Nəticədə onun haqqında öz fikirlərini belə ümumiləşdirmişdir:” Axundov öz dövrünün, öz xalqının oğludur. Dövr, zaman onun fəlsəfi konsepsiyasına, seçdiyi fəlsəfi problemlərə, eyni zamanda, bu problemlərin həlli məsələlərinə öz möhürünü basmıəşdır. Milli inkişafın o dövrdə elə bir mühüm əhəmiyyətli hadisəsi yoxdur ki, Axundov ona öz münasibətini bildirməmiş olsun, həm də bu fəlsəfə Azərbaycan həyatının “keçid” dövrünün mürəkkəb və ziddiyyətli problemlərini, xalqın sosial-siyasi və mənəvi tələbatlarını əks etdirməklə kifayətlənməmiş, eyni zamanda, cəmiyyətin əsas inkişaf meylini göstərməyə, bu inkişafa kömək etməyə çalışmışdır. Axundovun fəlsəfi görüşləri, birinci növbədə, xalqın mənlik şüurunu özündə cəmləşdirmiş, uzun əsrlik tarixi olan milli fəlsəfə zəminində təşəkkül tapmışdır. Axundovun materialist fəlsəfəsi Azərbaycanda X1X əsr ictimai-fəlsəfi fikrin zirvəsidir.”
Firidun Köçərli Mirzə Fətəli Axundovu Azərbaycan fəlsəfəsi tarixində bütöv bir dövr, mərhələ adlandırır. Xalqın milli şüurunun təşəkkülündə, milli fəlsəfənin sonrakı inkişşafında onun misilsiz rol oynadığını, cəmiyyətin mənəvi həyatına güclü təsir göstərdiyini qeyd edir.
Mirzə Fətəli Axundovu hərtərəfli öyrənmək üçün onun yaradıcılığını araşdırmaq lazım deyil, elə Firidun Köçərlinin bu əsərini nəzərdən keçirmək kifayətdir. M.F.Axundovun ateist görüşlərindən danışan Firidun Köçərli dövrün, sosial-siyasi quruluşun tələblərinə uyğun olaraq, onu az qala ateistlərin ilham mənbəyi kimi, onların rəhbəri, müəllimi kimi göstərsin. Firidun müəllim yazır: “Axundov belə bir həqiqətlə hesablaşmalı olurdu ki, din və onun mübəlliğləri əsrlər boyu istibdad üsuli-idarəsini ilahiləşdirmiş, mövcud quruluşa, feodal qayda-qanunlarına qarşı yönəldilmiş hər bir təşəbbüsü, sağlam fikri amansızcasına boğmuş, insanlara mütilik, köləlik, acizlik şüuru aşılanmasında zərərli rol oynamışdır. Din istibdad quruluşunu müdafiə edir, elmə, maarifə, sağlam düşüncəyə ziddir”.
Firidun Köçərli M.FəAxundovun etik görüşlərindən bəhs edərkən göstərir ki, Axundov “kamil” insan probleminə toxunmuş və bu zirvəyə yüksəlmək istəyənlərin qarşısında yeddi vəzifə qoymuişdur: birinci vəzifə ondan ibarətdir ki, insan pis əməllərdən çəkinməlidir. İkinci vəzifə budur ki, insan yaxşılıq etməyə çalışmalıdır. Üçüncü vəzifə bundan ibarətdir ki, insan zülmü dəf etməyə çalışmalıdır. Dörüüncü vəzifə bundan ibarətdir ki, insan öz həmvətənləri ilə cəmiyyətdə müttəfiq yaşamalıdır. Beşinci vəzifə bundan ibarətdir ki, insan elm ardınca getməlidir. Altıncı vəzifə bundan ibarətdir ki, insan hər yerdə elmi yaymağa çalışmalıdır. Yeddinci vəzifə bundan ibarətdir ki, insan öz qüvvəsi və öz imkanları daxilində özünə müttəfiq olan cəmiyyət, öz həmvətənləri və öz həmfikirliləri içərisində qayda və qanunları mühafizə etmək uğrunda mübarizə aparmalıdır.
Firidun Köçərli M.F.Axundovun ədəbi-tənqidi və estetik görüşlərini də ətraflı təhlil etmişdir. Ədəbiyyatın gerçəkliklə əlaqəsi, sənətin təbiəti, ictimai-tərbiyəvi rolu, estetik təsiri, sənətdə məzmun və forma, xəlqilik və ideyalılıq, bədii yaradıcılığın digər mühüm məsələləri və sair haqqında M.F.Axundovun fikir və mülahizələrini vermişdir.
Mirzə Fətəli Axundovun vətənpərvərlik haqqında olan fikirlərini müəllif belə təqdim edir:” Patriot ibarətdir o kimsədən ki, vətən təəssübü üçün və millətə məhəbbəti üçün can və malını müzayiqə etməyə və öz vətəninin və millətin mənfəəti-azadiyyəsi üçün cəfakeş ola. Bu halət və keyfiyyət həmişə qeyrətmənd şəxslərdə biruz edər. Filosofun fikrincə, “vətən və el təəssübü” çəkmək qeyrətlilik əlamətidir, şərəf və şöhrət qazanmaq yoludur”
Firidun Köçərli Mirzə Fətəli Axundovun “İnsan tələbatları haqqında” yazısını təhlil edərək göstərir ki, Mirzə Fətəli insan tələbatlarını üç qismə ayırır: cismani, əqli və mənəvi tələbat. Cismani tələbat geyimə, qidaya, mənzilə tələbatdır, Əqli tələbat elmləri öyrənməyə, təbiətin qanunlarını və sirlərini dərk etməyə olan tələbatlardır. Mənəvi tələbat isə insanın ailəyə, qohumlara, öz vətəninə məhəbbət hissidir.
Mirzə Fətəli Axundovun “ Həyatın mənası” probleminə aid mülahizələri haqqında danışan müəllif göstərir ki, Axundova görə, dünyada heç bir nemət həyatın əvəzi deyildir. İnsan xeyirxahlığı, gözəl əxlaqı ilə fərqlənməli, özünün vətənlə bağlılığını dərk etməli, ictimai ədalətsizliyə qarşı barışmaz mövqe tutmalıdır.
Müəllif ictimai və şəxsi mənafe haqqında Axundovun fikirlərini belə verir: “Axundov yazırdı ki, indi də gəlin, bir qədər şəxsi mənfəət güdmədən vətənimizin azadlığı, xalqımızın səadəti və tərəqqisi yolunda yaxşı işlərə iqdam edək.Biz ümumun mənfəətini istəyirik, bizim bütün səylərimizin faydası ancaq xalqa aiddir”
Firidun Köçərli 1965-ci ildə qələmə aldığı Üzeyir Hacıbəyovun ictimai-siyasi görüşləri” adlı monoqrafiyasında Üzeyirin sosial-fəlsəfi görüşlərini işıqlandırmağa səy göstərir. Qeyd edir ki, Üzeyir Hacıbəyovun dünyagörüşünün formalaşmasında 1905-ci il inqilabı və bolşevik mətbuatının meydana gəlməsi xüsusi rol oynamışdır. Üzeyir Hacıbəyov öz publisist məqalələrində dövlət, cəmiyyət, siyasət, dövlətin formaları, demokratik hakimiyyət məsələsi, xalqların azadlığı, vətənpərvərlik, dostluq,beynəlmiləlçilik və sair bu kimi dövrü üçün aktuallıq kəsb edən problrmlərə toxunur.
Müəllif daha sonra qeyd edir ki, Üzeyir Hacıbəyov “Molla Nəsrəddin” jurnalı ilə sıx əməkdaşlıq edir və vu jurnalda onu maraqlandıran və düşündürən məsələlər haqqında yazılarını çap etdirirdi. Onun 1907-ci ildə tərtib etdiyi lüğəti Firidun Köçərli “qabaqcıl ictimai fikrimizin görkəmli xidmətlərindən biri kimi qiyməıtləndirir. “Lüğətdə “sosializm”, “demokratizm”, “inqilab”, “internasionalizm”, “ intibahnamə”, “ağrariya hərəkəti”, “idareyi-məşrutə”, “agitasiya”, “irtica”, “absolyutizm”, “istibdad”, “anarxizm”, “opportunizm” və digər bir çox ictimai-siyasi anlayışlara verilən izah göstərir ki, Hacıbəyovun dünyagörüşü marksizm nəzəriyyəsinin təsiri altında inkişaf etmişdir.”
Firidun Köçərli Üzeyir Hacıbəyovun inqilabi ideyalarından danışarkən, qeyd edir ki, Hacıbəyov Azərbaycan kəndindəki sinfi ziddiyyətləri, kəndlilərin həyatının dəhşətli mənzərələrini, onlara edilən iqtisadi və mənəvi əsarətin acı nəticələrini bütün çılpaqlığı ilə göstərmişdir. O, zəhmətkeşləri başa salırdı ki, onları acınacaqlı vəziyyətə qoyan “mənhus tərzi-idarədir”, mövcud mütləqiyyət quruluşudur, hakim
siniflərdir.Hakim siniflər var qüvvəsi ilə çalışırlar ki, zəhmətkeşlər əbədi cəhalət və nadanlıq içərisində qalıb”qəflət yuxusundan” ayılmasınlar, öz hüquqları uğrunda mübarizə aparmasınlar”.
Müəllif Üzeyir Hacıbəyovun azadlıq haqqındakı fikirlərə münasibətini aydınlaşdıraraq yazır:”O, zəhmətkeşlərin azadlıq mübarizəsini təbii hüquq qanununa əsasən izah edir və deyirdi ki, insan öz təbiəti etibarilə azad yaranmışdır və azad da yaşamalıdır. Lakin “hakimi-müstəbid dəxi təbiətində hürr və azad yaradılmış olan insanı əbd və qulluq üçün tərbiyət edir...hökuməti-müstəbidənin ümdə əsası ağalıq və qulluqdur.Hərçənd Hacıbəyov inqilabın iqtisadi əsasını , obyektiv və subyektiv amillərini elmi şəkildə izah edə bilmirdi”.
Firidun Köçərli Üzeyir Hacıbəyovun 1905-ci il inqilabına münasibətini və bu inqilaba dərin inam bəslədiyini belə verir: “ Hacıbəyov xüsusi qryd edirdi ki, inqilab Azərbaycan xalqı üçün daha böyük əhəmiyyətə malikdir. İnqilab bizə özümüzü dərk etməyə , “gözümüzün örtüyünü açmağa” və tərəqqi yoluna çıxmağa imkan verir. O, xalqı başa salırdı ki, ümumi tərəqqi yoluna çıxmaq üçün Rusiyanı bürüyən azadlıq hərəkatından istifadə etmək lazımdır. Rusiyanın “əsarətin yamanlığını və azadəliyin yaxşılığını” anlayan “millətləri boyunlarına keçmiş zənciri-əsarəti” məhv etmək üçün bütün qüvvələrini sərf edirlər. Azərbaycan xalqı bu mübarizədən geridə qalmamalıdır”
Müəllif Üzeyir Hacıbəyovun müxtəlif partiyalara olan münasibətini də açıqlayır, sosislaizmin mahiyyəti barədə onun düşüncələrini aydınlaşdırır. “ Sosializm siyasi bir əqidədir ki, ona görə, dünya malını hamı adamlar arasında bərabərcə bölmək üçün indiki məişət və həyati-bəşəriyyəni dəyişdirmək lazımdır.Yəni bu əqidəyə görə, dünyada dövlətliliyi və kasıblılığı aradan götürüb, hamını iqtisadi cəhətcə bərabər etmək olar. Bunun üçün xüsusi və şəxsi mənafeyi aradan götürüb, əmək və zəhməti hamı arasında bərabər bölmək lazımdır ki, bunların məhsulatı da hamıya bərabər çatsın”
Bu əsərin bölmələrindən biri də “ Şərq xalqlarının azadlıq hərəkatına münasibət” adlanır. Müəllif qeyd edir ki, Şərq xalqlarının ictimai və milli zülmə qarşı azadlıq mübarizəsi məsələsi Üzeyir Hacıbəyovun da dünyagörüşündə mühüm yer tutur. O, belə bir həqiqəti aydın görürdü ki, Rusiya xalqlarının inqilabi azadlıq mübarizəsi bütün dünya xalqlarına, birinci növbədə, Rusiyaya qonşu olan məzlum xalqlara təsir edib əks-səda doğuracaq, Şərq xalqlarını oyadıb hərəkətə gətirəcək, V.İ.Leninin dediyi kimi, “ yüz milyonlarla məzlum əhali ayılıb yeni həyat və insan üçün ən ibtidai hüquqlar uğrunda mübarizəyə, demokratiya uğrunda mübarizəyə qoşulacaqlar”
Monoqrafiyanın “ Demokratik hakimiyyət uğrunda”adlanan bölməsində Firidun Köçərli Üzeyir Hacıbəyovun dövlətin mənşəyi və mahiyyəti məsələsinə dair bir sıra məqalələr yazdığını və bu məqalələrdə dövlətin ilahi mənşəyi haqqında dini-idealist baxışların rədd edildiyi, dövlətin sinfi mahiyyəti konkret faktlarla inandırıcı şəkildə göstərildiyini bildirir.
Müəllif yazır ki, dövlətin mənşəyi məsələsində Hacıbəyov başlıca diqqətini əhali arasında hakim siniflər və ruhanilər tərəfindən uydurulmuş, geniş yayılmış və siyasi cəhətdən zərərli olan dövlətin allah tərəfindən yaradılması haqqındakı baxışları ifşa etməyə yönəldir və göstərirdi ki, dövlətin allah tərəfindən yaradılması onun əbədiliyini qəbul etmək, ictimai ədalətsizliyə, hər cür zülm və istismara bəraət qazandırmaq deməkdir.
Üzeyir Hacıbəyov yazır: “ Biz hökuməti, hökumət ərbablarını göydən enmiş bir şey hesab etdiyimizə görə və bu zənnimiz sayəsində öz hökumətimizdən öz başımıza gələn bəlaları görmədiyimiz surətdə təbiidir ki, İran və Osmanlı hökumətlərinin də müsəlman qardaşlarımızın başlarına gətirdikləri cövr və zülmü və bundan naşı hər iki məmləkətin getdikcə inqiraza yanaşdığını görməyiriz”.
Firidun Köçərli qeyd edir ki, Üzeyir Hacıbəyov məqalələrindən birində dövlətin sütunu kimdir? Sualını aydınlaşdırır. Hakim sinfin nümayəndələri bu suala müxtəlif cavablar verir və hər biri özünü sütun adlandırır, sonra isə onlar kəndlini, fəhləni görüb soruşurlar ki, “sütuni-dövlət kimdir?” Kəndli cavabında deyir: “ Ey ağalar, istəsəniz biləsiniz bunun həqiqətini ki, kimdir sütuni-dövlət, biliniz, biri mənəm və o biri—bu bədbəxt yoldaşlarımdır. Cəmi işlər bizim zəhmətimizlə bağlıdır, hərgah biz işləməsək, nə karxanalar olar, nə alış-veriş olar, nə çörək olar, nə pul olar. Xülasə, heç dirilik olmaz, nəinki padşahlıq”.
Firidun Köçərli yazır ki, Üzeyir Hacıbəyov dövləti idarə üsullarına görə üç qismə bölürdü: idareyi-müstəqillə(mütləq monarxiya dövləti), idareyi-məşrutə(konstitusiyalı dövlət) və idareyi-amiyyə(demokratik respublika). İdareyi-müstəqillədə camaat üçün qanun və nizam tərtib etmək padşahla vüzəranın əlində olub, camaat bu işə qarışmır. Padşah dəxi külli-ixtiyar sahibidir. Bu cür dövlətlərin məqsədi heç də xalqın rifahı və səadəti, ”camaat mənafeyini gözlətmək deyilldir. Əksinə, mütləqiyyət quruluşu şəraitində “camaat həmişə miskin və zəlil bir halda olar. Konstitusiyalı dövlətlərdə isə “ümumi məmləkət üçün qanun qoymaq və nizamlar tərtib etmək camaat və vəkillərdən ibarət olan məclisi-məbusanın həll və müzakirəsi ilə olub, padşah dəxi təsdiq edir. Vəzirlərdən ibarət olan hökumət isə bu qanun və nizamnamələri icra edirlər və özləri də məclisi-məbusan qabağında məsul və cavabdehdirlər”.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi
işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, Qabaqcıl Maarif Xadi
mi

XƏBƏR LENTİ