Laçın dağlarındakı son toyda sona çatmamış “dəhliz” əməliyyatının iştirakçıları görüntüləndi...-VİDEO

932 15-04-2019, 10:08 siyaset / gundem

Toyda Laçın rayonunun o vaxtkı icra başçısı Z.Cabbarov, rayon prokuroru T.Tarverdiyev, 701-ci briqadanın komandiri polkovnik Ə.Qənizadə və s. iştirak edib...
Laçın dağlarındakı son toyda sona çatmamış “dəhliz” əməliyyatının iştirakçıları görüntüləndi...-VİDEO
26 dekabr 1992-ci ildə- qarlı qış günlərində Laçın rayonunun azad edilmiş Ərikli kəndində keçirilmiş ilk və son toyun video-görüntüləri üzə çıxdı.

Moderator.az xəbər verir ki, həmin video-yazını tanınmış telejurnalist Mircavad Rəhimov "Qarabağ Media" nəşrinə göndərib. Video-görüntülərə yazılan şərhdə deyilir:

“Çəkilişi Laçın rayonunun şimal hissəsi işğaldan azad olunandan sonra həvəskar operator aparıb. Bu, Azərbaycan ordusunun uğurlu "Laçın dəhlizi" əməliyyatından sonra Ərikli kəndində baş tutan ilk toydur. Kənd sakini Arif Məhəmmədoğlunun toyunda Laçın Rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı rəhmətlik Zakir Cabbarov, rayon prokuroru Telman Tarverdiyev, 701-ci briqadanın komandiri polkovnik Əzizağa Qənizadə, zabit heyəti və sıravi kənd sakinləri də görünür.

Müdafiə Nazirliyi tərəfindən 1992-ci il sentyabr-oktyabrında Kəlbəcər və Qubadlı rayonları istiqamətindən ilk mərhələdə uğurlu başlanan “Laçın dəhlizi” əməliyyatı keçirilib. Nəticədə Kirs dağı istisna olmaqla əsas strateji yüksəkliklər azad edilib.

“Laçın dəhlizi"nə son genişmiqyaslı hücum 3 oktyabr 1992-ci ildə Qubadlı istiqamətindən Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Əliyar Əliyevin batalyonu və 704-cü briqadanın bölmələri tərəfindən keçirilmişdi. 704-cü briqadanın bölmələri qarşılarına qoyulan döyüş vəzifələrini yerinə yetirmişdilər, lakin Laçın şəhərinin yaxınlığında 706-cı briqadanın 1-ci batalyonunun komandiri Əliyar Əliyevin həlak olması ilə Qubadlı tərəfindən hücum pozulmuşdu. 706-cı briqadanın komandiri Nüsrət Namazov Əliyar Əliyevin ölümü ilə əməliyyatı davam etdirmədiyinə görə həbs olunmuşdu.

Təəssüf ki, qələbəyə tam yaxınkən 15 oktyabr 1992-ci ildə “Laçın dəhlizi” əməliyyatı ali komandanlığın əmrinə əsasən rəsmən dayandırıldı.
1993-cü ilin fevral ayında Ağdərə rayonu düşmən tərəfindən işğal olunduqdan sonra isə Kəlbəcər rayonunun əliyalın əhalisi düşmən mühasirəsi ilə üz -üzə qalır, nəticədə işğal qaçılmaz olur...

Müdafiə Nazirliyindən 701-ci briqadanın, 811-saylı Laçın alayının və Laçın polis taborunun mühasirəyə düşməmək üçün Laçındakı mövqelərindən Kəlbəcər istiqamətində geri çəkilməsi barədə əmr verilir. Beləliklə də, Laşın və Kəlbəcər rayonları işğal olunur.

Yarımçıq qalmış "Laçın dəhlizi" əməliyyatı uğurla başa çatdırılsaydı, Laçın və digər rayonlar faktiki olaraq müəmmalı olayların qurbanı olmazdı. Bu da Qarabağ müharibəsinin bütünlüklə Azərbaycanın xeyrinə həll edilməsinə zəmin yarada bilərdi.

Qeyd edək ki, Laçın rayonu Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı, qərbdən isə indiki Ermənistanla həmsərhəddir. 18 may 1992-ci ildə tarixdə rayon mərkəzi işğal edilsə də, 1992-ci ilin iyun-oktyabr aylarında rayonun 60-ya yaxın kəndi Azərbaycan ordusu tərəfindən azad olunmuşdu. Laçının tamamilə ermənilər tərəfindən işğalı Kəlbəcərin 2-4 apreldə işğal edilməsindən bir gün öncə baş verib...”


XƏBƏR LENTİ