Bakıda qanunsuz göydələn tikilir: Kim icazə verib? - MÜƏMMA

735 1-11-2019, 14:41 cemiyyet

Bakıda qanunsuz göydələn tikilir: Kim icazə verib? - MÜƏMMABakı şəhər sakini Arif Əmirov mərhum qardaşının adına olan torpaq sahəsində “Murad M.C” tikinti şirkətinin heç bir icazə sənədi olmadan 17 mərtəbəli bina inşa etdiyini deyib.

Məsələ ilə bağlı Arif Əmirov bildirib ki, paytaxtın 8-ci mikrorayon 3078-ci məhəllə ünvanında mərhum qardaşından miras qalmış 1485 kvadratmetr torpaq sahəsi zəbt edilib.

Şikayətçi qeyd edib ki, sözügedən torpaq sahəsinin sahibi olan qardaşı 2012-ci ildə dünyasını dəyişib:

“Bu torpaq 2004-cü ildə bütün sənədləri ilə qardaşım tərəfindən 37.125.000 manat ödənilərək, qanuni şəkildə alınıb. Sözügedən şirkətin rəhbərliyinin həmin torpaq sahəsini qardaşımdan almaq fikri olub və bununla bağlı aralarında söhbət də keçib. Qardaşımın öz torpağını həmin şirkətə satmaq fikri olub. Ancaq dünyasını vaxtsız dəyişdiyi üçün arada heç bir alğı-satqı baş tutmayıb. Qardaşım dünyasını dəyişəndən sonra övladı olmadığından, 2013-cü ildə torpaq sahəsinin 75 faizi rəsmi nikahlı həyat yoldaşına, 25 faizi isə ata-anamız dünyasını dəyişdiyi üçün doğma qardaş-bacısına, yəni ailəmizə verildi. “Murad M.C” MMC qardaşımın yoldaşına bir neçə ərazidə ev verməklə onun payı olan torpağın 75 faiz hissəsini alıb. Halbuki o torpağın qiyməti milyonlarla ölçülürdü.

Bu şirkət qardaşım dünyasını dəyişəndən bir il sonra haqqımız olan torpaq hissəsini zəbt edərək, bina tikintisinə başladı.

Bu şirkət 2013-cü ilin martında Bakı Şəhər İcra Hakimiyyətindən mərhum qardaşımın mülkiyyətinə verilmiş 273 saylı Bələdiyyə qərarına əsasən tikintinin layihələndirilməsi üçün sənəd alıb. 2013-cü ilin iyun ayında isə tikintiyə icazə olmadan qeyri-qanuni yolla tikinti nişanı əldə ediblər. Halbuki bu adamlarla bizim aramızda heç bir müqavilə, alğı-satqı yoxdur. Mənim və ailəmin narazılıqlarına məhəl qoymadan tikintiyə davam edirlər”.

Şikayətçi bildirib ki, Murad M.C MMC-nin tikintini aparması üçün Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı olmalıdır:

“Lakin bu şəxslərin əlində layihələndirmə sənədindən başqa heç nə yoxdur. Mən bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə rəsmi müraciət etdim. Müraciətim əsasında qanunsuz olaraq həyata keçirilən tikintidə araşdırma aparıldı. Araşdırmadan sonra mənə 2017-ci il 19 oktyabr tarixində agentliyin direktor müavini Şamil Abdullayevin imzası ilə rəsmi cavab gəldi. Cavabda bunlar yazılmışdı: “Komitənin əməkdaşları tərəfindən araşdırılarkən məlum olub ki, qanunsuz inşa edilən tikintinin yerləşdiyi torpaq sahəsinin ayrılmasına agentlik tərəfindən rəy verilməyib. Aşkar edilmiş qanunsuz tikintinin qarşısının alınması barədə qanunamüvafiq qaydada tədbirlər görülməsi üçün Daxili İşlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq məktublar göndərilib”. Yəni fakt odur ki, bu şirkətin əlində tikintiyə icazə ilə bağlı heç bir sənəd yoxdur”.

Şikayətçinin sözlərinə görə, şirkət qanunsuz tikilidə araşdırma aparan Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsinə də tikintinin aparılması üçün tələb olunan sənədləri təqdim edə bilməyib:

“Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun imzası ilə olan rəsmi cavabda da qeyd edilib ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin 27.03.2013 tarixli 100 saylı sərəncamını əsas götürərək qeyd olunan ünvanda MMC tərəfindən 0.1405 ha torpaq sahəsinə çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə 13/83 saylı 23.05.2013-cü il tarixli “Ayrıc Aktı” verilib. Lakin araşdırma zamanı şirkət rəhbərliyindən tikintiyə icazə verən sənədlər tələb olunsa da, bu sənədlər təqdim edilməyib. Təqdim edilməməsinin səbəbi də budur ki, belə bir sənəd ümumiyyətlə yoxdur.

Mən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində tikintiyə nəzarət şöbəsinin müdiri Əmiraslan Aslanovla görüşən zaman ona bildirdim ki, əlində tikinti üçün heç bir icazə sənədi olmayan şirkətin qanunsuz tikintisini niyə dayandırmırsınız? O mənə cavab verdi ki, tikintinin aparılması üçün 2013-cü ildə alınan “layihələndirmə sərəncamı” tikintiyə “icazə sərəncamı” kimi qəbul olunub. Belə bir şey necə mümkün ola bilərmi? Layihələndirmə sənədi tikintiyə icazə sənədi ola bilməz! Özləri də etiraf edir ki, bu, düzgün deyil”.

Şikayətçi A.Əmirovun sözlərinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov da təsdiqləyib ki, tikintiyə icazə sənədi olmadan “Xüsusi Nişan” verilə bilməz:

“Bu bina şirkətin hazırda əlində olan layihələndirmə sənədi və 032 nömrəli “Xüsusi Nişan” ilə tikilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov da mənimlə söhbətində təsdiqlədi ki, Murad M.C MMC-yə yaşayış binasında tikinti işlərinə başlanılması üçün əsas olan 6 dekabr 2013-cü il tarixli 032 nömrəli “Xüsusi Nişan” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27 mart 2013-cü il tarixli 100 nömrəli sərəncamı ilə verilib. Ancaq D.Dövlətxanov özü də deyir ki, tikintiyə icazə sərəncamı olmadan “Xüsusi Nişan”ın verilməsi mümkün deyil”.

Şikayətçi əlavə edib ki, indiyə qədər problemi ilə əlaqədar müraciət etmədiyi dövlət orqanı qalmayıb, lakin nə tikintinin qarşısını ala bilir, nə də haqqı olan torpağın pulunu.

A.Əmirovun sözlərinə görə, şirkət apardığı tikinti işi ilə təkcə onun haqqına girməyib, hətta qanunsuzluqlara da yol verib:

“Bina uşaq bağçasına bitişik tikilib. Bu da tikinti normalarına uyğun deyil. Ancaq qurumlar bu məsələdə səssiz qalıb”.

A.Əmirov BŞİH başçısı Eldar Əzizovdan ona yardım etməsini istəyib.

Şikayətlə bağlı saytımıza açıqlama verən hüquqşünas Səməd Vəkilov bildirib ki, torpaq varislər arasında düzgün bölünüb:

“Ailədə uşaqlar yoxdursa, dünyasını dəyişən şəxsin mirası onun həyat yoldaşı və valideynləri arasında bölünür. Valideynlər yoxdursa, miras mərhumun bacı və qardaşlarına verilir”.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra hakimiyyətinə ünvanladığımız sorğu hələlik cavablandırılmayıb.

Qanunsuz olaraq tikinti işləri aparan Murad M.C MMC ilə əlaqə saxlamaq cəhdlərimiz alınmayıb.

Məlumat üçün qeyd edək ki, 2019-cu ilin 8 fevral tarixində Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun hazırladığı məqalədə ən çox şikayət edilən tikinti şirkətlərinin adını açıqlamışdı.

Sözügedən məqalədə Murad M.C MMC-nin adı ikinci sıradadır. (Axar.az)

XƏBƏR LENTİ