2020-ci il üzrə qazlaşma işlərinə start verilir...

592 3-03-2020, 16:23 cemiyyet

2020-ci il üzrə qazlaşma işlərinə start verilir...
Xəbər verdiyimiz kimi, martın 2-də dörd şəhər və rayon üzrə (Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonları) yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb.

“Xeberdar.net” xəbər verir ki, sərəncam əsasında Dövlət Neft Şirkətinə 9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, bu il də Azərbaycanda həyata keçirilən qazlaşdırma işləri sosial siyasətin tərkib hissəsi kimi diqqətdə saxlanılacaq. Başqa ölkələrdən fərqli olaraq investorlar deyil, məhz dövlət büdcəsinin vəsaiti hesabına qazlaşma işləri icra ediləcək. Bu sosial dəstək xeyli sayda yaşayış məntəqələrini əhatə etməklə 2020-ci ildə də müsbət nəticələrini göstərəcək.

Prezidentin imzaladığı sərəncam əsasında Gəncə şəhəri, eləcə də Daşkəsən, Göygöl və Samux rayonlarında icra olunacaq işlərin çox yaxın vaxtlarda həyata keçirilməsinə başlanılacaq və bu qazlaşma işləri il ərzində yerinə yetiriləcək. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun sözlərinə görə, ümumilikdə 4 şəhər və rayon üzrə 1700-dən çox yaşayış evinin qazla təmin olunması nəzərdə tutulur. Proqram Gəncədə 980 yaşayış evini əhatə edəcək: “Daşkəsəndə 200-dən çox, Göygöldə 400-ə, Samuxda isə 150-yə yaxın yaşayış evinin qazlaşdırılması işləri həyata keçiriləcək ki, bu da “Azəriqaz” İB-nin abonent sayının artmasında mühüm rol oynayacaq.
Bu kəndlərin çoxu uzun müddət qazlaşdırılmayan kəndlər idi. Daşkəsəndə Aşağı Daşkəsən, Kəmərqaya kəndləri, Göygöldə Toğanalı kəndi uzun müddət qazlaşdırılmayan kəndlərdir. Bu bölgə həm də turizm baxımından da diqqət çəkir. Qazlaşdırma aparıldıqdan sonra burda yeni xidmət sahələri yaradıla bilər ki, bu da regionun ümumi gəlirlərinə dolayısı ilə təsir etmiş olacaq. Biz qazlaşdırma işləri icra edərkən bunu sadəcə bir işin icrası kimi deyil, kompleks yanaşma ilə səciyyələndiririk. Çünki dövlətimizin mövqeyi belədir. Kommunal sektorun inkişafı, regionların sosial-iqtisadi inkişafı anlamına gəlir”.

Samux rayonunda Sərkar kəndində və Gəncə şəhərində icra olunacaq qazlaşdırma isə yeni yaşayış massivlərini əhatə edir. “Gəncə ölkənin ikinci böyük şəhəridir və burada yaşayış massivləri artır. Bu səbəbdən də bu massivlərin, şəhərətrafı genişlənmiş ərazilərin qazlaşdırılmasına ehtiyac yaranır. Bu massivlərdə böyük sayda əhali yaşayır. Abonent hesabı ilə götürsək, Gəncədəki qazlaşma proqramı 980 yaşayış evini əhatə edəcək. Ümumilikdə bu il Azərbaycanda qazlaşdırma işlərinin həyata keçirilməsi üçün SOCAR-a dövlət büdcəsindən 130 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Əlbəttə ki, Prezidentin SOCAR və “Azəriqaz” İstehsalat Birliyi qarşısında qoyduğu bir çox hədəflər və tapşırıqlar var. Bu hədəflərə nail olmaq üçün biz də səylə çalışırıq. Məsələn, ötən il üçün ilin sonuna göstərdiyimiz səy, çalışmağımız və səfərbər etdiyimiz işçi qüvvəsinin hesabına nəhayət biz qazlaşdırma səviyyəsini 96 faizə çatdırmağa nail olmuşuq”.

Qeyd edək ki, bu ilin qazlaşdırma proqramı çox zəngindir, 51 şəhər və rayon üzrə xeyli əraziləri əhatə etməklə mərhələli şəkildə icra olunacaq.

XƏBƏR LENTİ