Azərbaycanda 2021-ci ildə ilk G-Cloud binası inşa olunacaq.

591 3-03-2020, 16:28 cemiyyet

Azərbaycanda 2021-ci ildə ilk G-Cloud binası inşa olunacaq.
II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “Təhlükəsiz hökumət buludu” mövzusunda tədbir keçirilib.

“Xeberdar.net”nun məlumatına görə, məqsəd “Hökumət buludu” layihəsinin əhəmiyyəti və həyata keçirilən təhlükəsizlik tədbirlərinin ictimaiyyətə çatdırılmasıdır.

Tədbiri giriş nitqi ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Hökumət buludu konsepsiyası və beynəlxalq təcrübə” mövzusunda məruzə ilə çıxış edib. Nazir müavini bildirib ki, hökumət buludu beynəlxalq təcrübədə qabaqcıl texnologiyalar arasında elektron hökumətin keyfiyyətcə yeni inkişaf mərhələsidir.

E. Vəlizadə qeyd edib ki, bu vəzifənin icrasını təmin etmək məqsədilə yaradılacaq hökumət buludunun mahiyyətini açıqlayan, onun yaradılması əsaslarını müəyyənləşdirən hökumət buludu konsepsiyası hazırlanaraq təsdiq olunub.

“Hökumət buludu” layihəsinin rəhbəri Ənvər Abbasov “Azcloud hökumət həlləri: cari status, miqrasiya planı və təhlükəsizlik” mövzusunda çıxış edərək, layihə çərçivəsində aparılan işlər, hökumət buludunun arxitekturası haqqında məlumat verib.

Dövlət qurumlarında buluda keçidlə bağlı atılacaq addımlardan söz açan Ə.Abbasov 2021-ci ildə ölkədə ilk G-Cloud binasının inşa ediləcəyini, həmçinin arxiv mərkəzinin yaradılacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Xüsusi Dövlət Mühafizə Xidməti, Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi İdarəsinin rəisi Tural Məmmədov 2017-ci ildən başlayaraq virtual oğurluq və saxtalaşdırma hallarının artdığını qeyd edərək, kiberhücumlar, istifadə olunan metodlar, hakerlərin marağında olan məlumatlar, statistik rəqəmləri diqqətə çatdırıb.

Eyni zamanda, tədbirdə “Azcloud” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunub.

Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” sahə üzrə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir keçirilir.

XƏBƏR LENTİ