Atalar və qızlar

2 173 11-04-2020, 23:02 kose / siyaset / gundem

Atalar və qızlar

Deyirlər ailə münasibətlərini ağaca bənzətsək ata gövdədirsə oğul budaq, qız isə yarpaqdır. Deməli bu münasibətdə ən kövrək və dayanıqsız bağ məhz qız övladı ilə atası arasında olandır. Bəlkə də bu bağın zəifliyindən və zərifliyindəndir ki,valideyndən daha tez ayrılan da, itirən də, ən çox əziyyət çəkən də, zərbə alan da məhz qız övladlarıdır. Halbuki bu münasibətlər nə qədər zərif, bəzən də nə qədər gərgin olsa da gövdədən ayrılan yarpaq tək qalanda həyatın burulğanına düşərək hey çabalayır, mübarizə aparır, doğru yolu axtarır. Heç bir yarpaq gövdədən vaxtsız, vədəsiz ayrılmasın,çünki hansı yaşda olursaq olaq ”ona” ehtiyacımız var, arxalanmaq, yıxılmamaq, əyilməmək, əzilməmək üçün. Əfsus, bütün bunları vaxtında deyil, zamanla tale əlbir olub öz fitvasını verəndə dərk edirik.

6 aylığında

Ata: Nə qədər gözəl qızım var. İlahi, doğrudanmı bu kiçik mələk mənim balamdır?! Gözləri necə də mənimkinə bənzəyir. Şükürlər olsun Sənə, ey Rəbbim!
Qızı: Gərək ki, gözlərini məndən ayırmayan bu gözəl insan atamdır.
Atalar və qızlar

5 yaşında

Ata: Gözəl qızım, de görüm ata sənə nə alsın?
Qızı: Ən çox atamı sevirəm, onun hər an mənimlə olmasını istəyirəm.

10 yaşında

Ata: Getdikcə heç sözə baxmır, bilmirəm kimə oxşadı bu qız.
Qızı: Atamı çox sevirəm, görəsən, bu ay mənə nə qədər cibxərcliyi verəcək?

15 yaşında

Ata: Necə də tez böyüdü bu qız, getdikcə lap başıma çıxır, yox, gərək onunla bir az sərt danışım.
Qızı: Atam rəfiqələrimlə istədiyim qədər əylənməyə icazə vermir, uf! Görəsən, nə vaxt sərbəst olacağam?
Atalar və qızlar

20 yaşında

Ata: Artıq sözümü eşitmir, getdikcə məndə uzaqlaşır. İşləyir, pul qazanır, mənə ehtiyac duymur.Uzun zamandır bir-birimizə bir kəlmə də şirin söz deməmişik.
Qızı: Hər işimə qarışır, geyindiyim paltarlara, getdiyim yerlərə. Mənimlə uşaq kimi davranmasından bezmişəm.
Atalar və qızlar
25 yaşında

Ata: Bir gün bunun olacağını bilirdim. Artıq ərə gedir, xeyli vaxtdır aramsız çox sərindir, mələyim tərk edir məni.
Qızı: Belə bir şad gündə onun bu qədər qəmgin olmasını anlaya bilmirəm. Bilmirəm nədən narazıdır. Yoxsa həyat yoldaşım ürəyincə deyil?! Sanki onunla birlikdə yaşayacaq.

30 yaşında
Ata: Çox az görüşürük. Tez-tez gəlib atasını görsəydi, nə olardı?! Nəvələrimdən ötrü çox darıxıram. Dostlarından ayrılıb bizə gəlməyə vaxt tapmır.
Qızı: Son vaxtlar atama heç vaxt ayıra bilmirəm, telefonda səsi çox zəif gəlirdi. Həftəsonu onlara sürpriz etsəm yaxşı olar.

40 yaşında


Ata: Nədənsə, qızım mənim dardüşüncəli olduğumu güman edir. Amma məktəbli olduğu vaxtlar bütün dərslərində ona kömək edərdim. İndi məni bəyənmir. Bundan sonra onunla heç bir mövzuda mübahisə etməyəcəyəm.
Qızı: Atam getdikcə lap uşaq kimi davranır. Heç nədən inciyir. Son zamanlar səhhəti elə də yaxşı deyil. Birdən ona bir şey olar. Heç vaxt onun istədiyi övlad olmamışam.

45 yaşında

Ata: Qızımın xoşbəxt ailəsi olması mənə çox xoşdur. Ölüb getsəm də gözüm arxada qalmayacaq, hər şeyin öhdəsindən gəldi, onunla qürur duyuram.
Qızı: Atam üçün çox nigaranam, onu itirmək istəmirəm, son zamanlar dərmanlarını da vaxtlı-vaxtında qəbul etmir. Allahım, nə olar, onu məndən alma

50 yaşında


Ata: Xoşbəxt ol, qızım, dünyan firavan, axirətin xeyirli olsun.
Qızı: Atacan, səndən ötrü çox darıxacağam. Bundan belə dərdimi kimə deyəcəyəm? Kiminlə danışacağam? Kim mənə kömək edəcək? Atacan, nə olar, getdiyin yerdə şad-xürrəm ol. Hər zaman yanımda olduğunu hiss etdir mənə.Arabir mənə işarələrlə xəbər göndər.Ah! Atacan, sənsiz necə yaşayacağam?!
Atalar və qızlar

55 yaşında

Qızı: Atacan, sən gedəni yoxluğunu daha çox dərk edirəm. Heyfsilənməyin heç nəyi dəyişməyəcəyini yaxşı bilirəm, məni duyduğunu bilirəm. Atacan, nə olar, səni üzdüyüm hər gün üçün nə qədər peşman olduğumu da bil, bağışla məni.

Getdin, gedişinlə şıltaqlığımı, ərköyünlüyümü də apardın, anidən böyüdüm, qocaldım, ahıllaşdım. Sən olmayanda da sən varmışsan kimi davranmaq, sən olsaydın özümü necə aparardım deyə daima məsuliyyət hiss etmək çox çətindir. Sənsizliyə, yoxluğuna deyil, xəyali varlığına öyrəşməyi özümə təlqin etməkdən yoruldum. Halbuki bu yaşda belə xəyalına deyil tənbehinə, cəzana, məsləhətinə, özünə ehtiyacım var. Nəinki sənli günlərin gələcəkdə ola biləcəklərin, yarımçıq arzuların, istəklərin belə həsrətini çəkirəm. Bu həsrəti çəkənlər, duyanlar anlayar ki, hər insanda atanın cizgiləri axtarmaq, çox hündürlükdən ”uçduğum” bir anda qanadı qırılaraq o hündürlükdən yıxılmaq nə deməkdir. Bunu təsvir etmək üçün nə qələmlər, nə də ki, vərəqlər tab gətirər. Çünki atasız qızın ata həsrəti heç nəyə bənzəməz?

P.S. Kimisi istəyir atası nazir olsun, kimisi istəyir atası yüksək vəzifəli məmur olsun, kimisi də istəyir ki, sadəcə atası olsun!!!


Elçin ŞÜKÜR

Xeberdar.net

XƏBƏR LENTİ