Bakıda polis maşınının üzərində pivə içən şəxs saxlanıldı

691 17-04-2020, 21:50 hadise

Bakıda polis maşınının üzərində pivə içən şəxs saxlanıldı
İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məhkəməyə göndəriləcək

Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsi sosial şəbəkələrdə müxtəlif yerlərdə yol polisinə məxsus xidməti avtomobillərin arxa kapotunun üstündə oturaraq pivə içən şəxslə bağlı yayılan məlumatlara münasibət bildirib.

Xeberdar.net-in məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən operativ şəkildə həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində həmin şəxs müəyyən olunaraq saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə (PB) gətirilib.

V.Əsədov əlavə edib ki, araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayevdir.

Onun sözlərinə görə, N.Mustafayev barəsində toplanılan materiallar İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur) məhkəməyə göndəriləcək.

V.Əsədov qeyd edib ki, N.Mustafayev barəsində qanunvericiliyə uyğun olaraq təsirli tədbirlər görüləcək.


XEBERDAR.NET

XƏBƏR LENTİ