"Bütün Gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq"- ƏLİ KƏRİMLİ

722 14-07-2020, 18:15 siyaset

"Bütün Gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq"- ƏLİ KƏRİMLİAzərbaycan ordusunun yüksək rütbəli zabitlərinin ş şəhid olması ilə bağlı AXCP sədri Əli Kərimli səhifənin admin heyətinə paylaşılması üçün başsağlığı mesajı göndərib.
Xeberdar.net xəbər verir ki, mesajda deyilir:
General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev başda olmaqla ordumuzun yüksək rütbəli zabitlərinin şəhid olması haqda xəbər hamımızı çox sarsıdıb. Kədərliyik. Vətən qarşısında borcunu sona qədər, şərəflə yerinə yetirib şəhid olmuş hərbçilərimiz - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, gizirlər İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Elçin Mustafazadəyə Allahdan rəhmət diləyirəm. Yaxınlarına, bütövlükdə xalqımıza dərin hüznlə baş sağlığı verirəm.

Fədakar general və zabitlərimiz Azərbaycan ordusunun mübariz və şərəfli ənənələrinə uyğun olaraq, tabeliklərində olan əsgər və gizirlərlə qorxmazlıq nümunəsi göstərmiş, öz igidlikləri ilə qəhrəman ordumuza xalqımızın sevgi və güvənini daha da artırmışdır.

Ermənistanın və arxasındakı dairələrin azğınlığı bütün hədləri aşmışdır. Ordumuzun düşmənə layiqli cavab verəcəyinə, torpaqlarımızı ləyaqətlə qoruyacağına əminəm. Ordumuza dəstəyimiz tamdır. Dualarımız əsgər və zabitlərimizlədir. Azərbaycan hökumətinin gözü arxada qalmasın. Düşməni yerində oturtmaq üçün dövlətin bütün resursları səfərbər edilməlidir. Hökumətlə olan fikir ayrılıqlarımızı, mübahisələrimizi daha yaxşı zamanlara saxlayırıq. Bütün gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq.

Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qəhrəman ordumuza qələbə arzulayıram.

XƏBƏR LENTİ