Bolqarıstan da cinayətkar erməniçiliyə əsir düşdü - Njdeyə heykəl nə deməkdir...

983 5-08-2020, 22:22 siyaset / cemiyyet / gundem

Bolqarıstan da cinayətkar erməniçiliyə əsir düşdü - Njdeyə heykəl nə deməkdir...

Faiq Ələkbərli: “Bolqarıstan hökumətinin Njde kimi bir terroristə, caniyə büst qoyulmasına göz yumması yolverilməzdir”

Ermənilər nəinki bölgədə, hətta bütün dünyada həyasızlıqlarını davam etdirirlər. Faşist əlaltısı Njdeni Ermənistanda “qəhrəmanlaşdırmaqdan”, İrəvanda bu nasistə heykəl ucaltmaqdan utanmayan ermənilər indi də Bolqarıstanda ona heykəl qoyacaqlar.

“Trend”in məlumatına görə, Bolqarıstanda erməni əsilli faşist Qaregin Njde haqqında film çəkilib. Rusiyada yayımlanan erməni saytlarının yaydığı məlumata görə, filmi Bolqarıstandakı erməni xeyriyyəçi maliyyələşdirib. Qeyd edilib ki, bolqar heykəltəraş erməni faşistinin büstünü də hazırlayıb və tezliklə açılışı olacaq. Abidənin postamentinin altı üçün torpaq isə Njdenin Azərbaycan türklərinə qarşı soyqırımı həyata keçirdiyi Zəngəzurdan gətiriləcək.

“Azərbaycan dövləti Njdenin büstünün qoyulmasının baş tutmaması üçün Bolqarıstana müraciət etməlidir”

Ermənilərin növbəti həyasızlığına şərh verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, faşist cəlladının büstünün qoyulması, üstəlik də büstün postamenti altına töküləcək torpağın Azərbaycanın tarixi torpağı olan Zəngəzurdan aparılması birmənalı olaraq qəbuledilməzdir. “Bolqarıstanın özündə terror, qatı cinayət əməlləri törədən Njdeyə orada heykəl qoyulması cəhdləri qəbuledilməzdir. Yalnız nifrətə və lənətlərə layiq olan Njdeyə qoyulacaq büstün postamentinin altına Zəngəzur torpağının tökülməsi məsələsi ermənilərin növbəti bir oyunudur. Bununla demək istəyirlər ki, Zəngəzurun bir hissəsinin Ermənistanın tərkibinə daxil olmasında mənfur, cəllad Njdenin “rolu” olub. Halbuki, Zəngəzurun Ermənistanın tərkibinə daxil edilməsində bolşevik Rusiyasının və Qərb dövlətlərinin əli olub. Amma daha çox buna Sovet Rusiyası kömək edib.

Bolqarıstan hökumətinin Njde kimi bir terroristə, caniyə büst qoyulmasına göz yumması yolverilməzdir. Hesab edirəm ki, Bolqarıstanda yaşayan türklər, müsəlmanlar bir araya gələrək faşist əlaltısı Njdeyə burada büst qoyulmasına ciddi etiraz etməli, hökumətdən bu büstün qoyulmamasını tələb etməlidirlər. Eyni zamanda, Azərbaycan dövləti bununla bağlı Bolqarıstana nota göndərməli, öz etirazını bildirməlidir. Çünki Njdenin əli minlərlə Azərbaycan türkünün qanına batıb. Belə bir terrorçunun Bolqarıstanda büstünün qoyulması qətiyyən yolverilməzdir və bunun qarşısı alınmalıdır. Fikrimcə, Azərbaycan dövləti Njdenin büstünün qoyulmasının baş tutmaması üçün Bolqarıstana müraciət etməlidir. Türkiyə də bu məsələdə öz münasibətini göstərə bilər. Azərbaycan və Türkiyə, eləcə də orada yaşayan türklər, onların təşkilatları bu məsələdə ciddi iradə ortaya qoymalıdırlar. Çünki Njde təkcə Azərbaycan türklərinin deyil, digər türk xalqlarının və müsəlmanların bir qatı düşmənidir, cinayətkar və cəlladdır”.

F.Ələkbərli qeyd etdi ki, Njde “Daşnaksütyun”un ən qanlı terror başçılarından biri olub. Tarixçinin sözlərinə görə, o, Birinci Dünya Müharibəsində də, ondan sonra da öz vəhşi cinayətləri ilə tanınıb. “Njde ermənilərin Qafqazda dövlət yaratmaq məsələsində də, burada Azərbaycan türklərinin kütləvi qırılmasında, terrora məruz qalmasında da, türk torpaqlarının erməniləşdirilməsi prosesində də ciddi rol oynayıb. Xüsusilə də Cümhuriyyət dövründə erməni hərbi-terror birləşmələrinin başçılarından biri də o olub. Düzdür, Azərbaycan Cümhuriyyətinin ordusu 1920-ci ilin martında Njdeyə və onun hərbi-terror birləşmələrinə ciddi zərbə vurub. Lakin Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olunduqdan sonra Njde bu bölgədə, xüsusən də Vedibasar və Zəngəzur mahallarında daha da fəallaşaraq, saysız qanlı cinayət törədib. Bəzən yazırlar ki, Njdeyə qarşı XI ordu mübarizə aparıb. Amma mənə elə gəlir ki, bolşevik Rusiyası o dövrdə Njde ilə bir müddət elə də güclü mübarizə aparmayıb. Burada da bir məsələni bilmək lazımdır ki, Azərbaycan 1920-ci ilin 27 aprelində işğal olunub, amma Ermənistan SSR həmin ilin noyabr ayının 30-da yaranıb. Bu aylar ərzində bolşevik Rusiyası Njdeni tamamilə aradan çıxarmaq üçün elə də ciddi mübarizə aparmırdı. Bunun nəticəsində də məhz Njde Ermənistan ərazisinin genişləndirilməsinə çalışıb. Bilirik ki, Ermənistan kiçik bir ərazidə - Azərbaycan torpaqlarında yaradılıb. Sonrakı dövrdə bolşevik Rusiyasının da əsas məqsədi o idi ki, mümkün olduğu qədər Ermənistan SSR-in ərazisi genişləndirilsin. Bunun üçün də Njde kimilərinə geniş şərait yaradılırdı”.

F.Ələkbərlinin qeyd etdiyinə görə, Zəngəzurda Azərbaycan türklərinə qarşı qanlı cinayətlər törədən Njde bolşevik Rusiyasının qarşısına belə bir şərt qoyur ki, Zəngəzurun bir hissəsi Ermənistan SSR-in tərkibinə daxil edildikdən sonra “mübarizə”dən əl çəkə bilər. Bolşevik Rusiyasının onun şərtlərini yerinə yetirdiyini deyən F.Ələkbərlinin sözlərinə görə, bundan sonra Njde İrana, oradan isə Bolqarıstana gedib. “Bilirik ki, o, bir müddət Bolqarıstanın paytaxtı Sofiyada yaşadı və orada terror fəaliyyətinə davam etdi, təşkilatlar yaratdı. İkinci Dünya Müharibəsinə qədər də qatı cəllad kimi ad çıxardı, müharibə dövründə də sovetlərin əleyhinə çalışdı. Əsas məqsədi də Almaniyanın əli ilə Azərbaycan torpaqlarını zəbt edib “Böyük Ermənistan” yaratmaq planını gerçəkləşdirmək idi. Sovet dövləti faşizm üzərində qələbə qazandıqdan sonra Njde 180 dərəcə dəyişərək özünü təmizə çıxarmağa çalışırdı. Faşistlər məğlub olandan sonra Njde sovet ordusuna əsir düşüb” - deyə tarixçi vurğuladı.

İradə SARIYEVA

XƏBƏR LENTİ