AZƏRBAYCAN TÜRK MENTALLIĞI VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR ( III Yazı)

1 061 31-08-2020, 13:46 siyaset / cemiyyet / gundem

AZƏRBAYCAN TÜRK MENTALLIĞI VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR ( III Yazı)











































Faiq Qəzənfər oğlu Ələkbərli,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru,
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,


Şübhəsiz, öz dövrü ilə bağlı yazdıqlarında Vəzirov nə qədər haqlı idisə, ancaq keçmişə yönəlik dedikləri çox mübahisəlidir. Hər halda Vəzirov bilməli idi ki, Türk xalqlarının, xüsusilə də Azərbaycan türklərinin elmdən, mədəniyyətdən, fəlsəfədən, riyaziyyatdan və digər elmlərdən bəhs edən onlarla deyil, bəlkə yüzlərlə alimləri olmuşdur. Yəni ən azı min il ərzində təkcə Azərbaycan türkləri arasında kitabları olan onlarla elm adamları olmuş (Bəhmənyar, Sührəverdilər, Xaqani, N.Tusi, S.Urməvi, M.Şəbüstəri, M.Füzuli və b.), yüzlərlə kitablar inşa edilmişdir. Üstəlik, Vəzirovun yaşadığı dövrdə də Bakıxanov, H.Z.Şirvani, M.F.Axundzdə, Mirzə Kazım bəy və başqaları elmə, fəlsəfəyə, kimyaya, tibbə və digər sahələrə dair kitablar yazmışlar (18, s.353).
Bizcə, Axundzadə, Vəzirovla yanaşı milli-dini adət-ənənələrə, xüsusilə də islami dəyərələrə həddən atrıq ifrat şəkildə yanaşan Mirzə Məhəmməd Kazımbəy olmuşdur. Əvvəlcə fanatik islam tərəfdarı olub, daha sonra ondan üz döndərib xristianlığı qəbul edən Kazımbəyin “Bab və babilər” (1865) əsərində İslam dini meydana çıxdıqdan sonra başqa tayfalara nadanlıq və kütlük gətirdiyini iddia etməsi, yəni “nəinki Məhəmmədin şəriəti, bəlkə də onun və xəlifələrinin siyasəti buna mail idi ki, ərəblərin və onların məğlub etdikləri tayfalar arasında həmişə nadanlıq və kütlük qalmış olsun. Çünki onlar bilirdilər ki, fanatizmlə əbləhlik və kütlük birləşmədən “böyük işləri” əmələ gətirə bilməz” (19, s.98), mülhaizəsini irəli sürməsi, birmənalı qarşılanmamışdır. O, bir tərəfdən “Qərb öz siyasəti ilə Asiyada maarifçiliyi yarada bilməz... Ölkənin islahatçıları bu ölkənin özündə doğulmalıdırlar”- deməklə yanaşı (20, s.66), digər tərəfdən isə yazırdı: “Bəs Şərq – bu bizim ilk vətənimiz, bəşəriyyətin beşiyi, bu işığın doğulduğu yer nə vaxt maarif ziyasına bürünəcək? Nə vaxt burada sivilizasiya canlanacaq? Doğurdanmı Qərb burada xeyirxah çevriliş etməyə qadir deyil? Doğurdanmı İslam sivilizasiyaya əbədi maneə olaraq qalacaq?” (20, 66-67). Bu mülahizələrdən də açıq şəkildə görünür ki, Kazımbəy Asiyanın özündə maarifçiliyin yaranmasını, islahatçıların buradan çıxmasının vacibliyini irəlü sürməklə yanaşı, Qərbin Asiyada “xeyirxah çevriliş” edib “Qərb sivilizasiyasına” əngəl kimi gördüyü İslam dininin aradan qaldırılmasına da ümid edir. Ancaq artıq heç kəsə sirr deyildir ki, Qərb Asiyada, o cümlədən İslam Şərqi ölkələrində hansı formada “xeyirxah çevrilişlər” edib yalnız müsəlman xalqlarının deyil, bütövlükdə insanlığın qənimi kəsilmişdir.
20-ci əsrin əvvəllərində Axundzadə, Kazımbəyin yolunu davam etdirən Məhəmməd Ağa Şahtaxtlı da hesab edirdi ki, İslam dini adından bütün fəlsəfi təlim və mübahisələr, fikir və şüur azadlıqları ləğv edilmiş eyni zamanda, dünyanın adət və tələbləri dəyişildiyi halda, dəyişilmə¬yən islami dəyərlər cəmiyyəti əzmiş və təbii ədalət hissini məhv etmişdir (21, s.46-48). İslami dəyərlərə münasibətdə həddən çox radikallığı ilə yanaşı, birmənalı şəkildə Avropa-Qərb dəyərlərinin müsəlman-türk ölkələrində tətbiq olunmasını qəbul edən Şahtaxtlı Ə.Ağaoğlu, Ə.Hüseynzadə və Ə.Topçubaşıdan fərqli olaraq, müsəlman-türk dünyasının problemlərdən çıxış yolunu islamçılıq və türkçülükdə yaranmasında deyil, ümumiyyətlə, İslam dəyərlərindən imtina edilərək qərbləşməkdə, avropalaşmaqda, hətta ruslaşmaqda görmüşdür. Onun fikrincə, çünki İslam dininə əsaslanan qanunlara qarşı mübarizə aparmaq, islahatlar həyata keçirmək çox gecdir. Bunun üçün istər islam, xaçpərəst, istərsə də məcusi, saibi üçün olsun çıxış yolu, indiki avropalıların vaxtilə keçdikləri körpü ilə keçməkdir. O, yazırdı: «Daha bu körpünü buraxıb boğula-boğula sudan keçmənin nə ləzzəti var? Bu gün aləmi-islamiyyətin işıqlı yerlərində Avropada vücuda gətirilən açıq, asan, faydalı kitablar, əsərlər, alətlər gündən-günə çoxalmaqda, alimlər onlardan istifadə etməkdədir» (21, s.70).
Axundzadə, Şahtaxtlıdan sonra Avropa-Qərb mədəniyyətinə, dəyərlərinə ifrat meyilli olub, bunun əvəzində islami dəyərləri kökündən baltalayan “mollanəsrəddinçi” Cəlil Məmmədquluzadə olmuşdur. Cəlil Məmmədquluzadə ilk dövrlərdə Rus-Avropa-Qərb mədəniyyətinə üz tutmasında M.F.Axundzadə və M.A.Şahtaxtlı mühüm rol oynamışdır. Xüsusilə, Şahtaxtlının onun üzərində mühüm təsiri olmuşdur. Belə ki, cəmiyyət daxilindəki bir çox həqiqətləri ifadə edən «Molla Nəsrəddin» jurnalının bütün bunlarla yanaşı, əsas günahkar rolunda İslam dinini görməsi təsadüfi sayıla bilməzdi. Xüsusilə, İslam dini əsaslı istənilən birliyə qarşı çıxan C. Məmmədquluzadə açıq şəkildə olmasa da, dolaysıyla müsəlman xalqlarının inkişafına əsas əngəl kimi İslamı göstərmiş, «İslam birliyi»ndən çıxış edən mühafizəkar (Ə.Axundoğlu və b.) və mütərəqqi islamçıları (Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b.) birmənalı şəkildə tənqid etmişdir (22, s. 76). Bu baxımdan o, 1911-ci ildə yazsa da ki, ««Molla Nəsrəddin»in məqsədi nə dinə sataşmaqdır, nə də təzə bir məzhəb icad eləməkdir» (22, s.512), ancaq SSRİ dövründə məhz istəyinin bu yönlü olmasını etiraf etmişdir (23, s. 288). Cəlil bəy onu da etiraf etmişdir ki, Ə.Ağaoğlu və Ə.Hüseynzadəni də məhz islami dəyərləri müdafiə etdiklərinə görə qəbul etməmişdir. Çünki o, milli ideoloqların əksinə olaraq hesab etmişdir ki, müsəlman xalqların uzun əsrlər fəlakət və cəhalət¬dən qurtara bilməmə¬lərinin yeganə baiskarı islami dəyərlərdir (23, s. 63).
Beləliklə, Hüseynzadə, Rəsulzadə, Ağaoğludan fərqli olaraq üzünü Türk-İslam-Şərq mədəniyyətinə deyil, Rus-Avropa-Qərb mədəniyyətinə tutan «şərqi-rus»çular və «mollanəsrəddin»çilərin bu mövqeyi daha çox marksizm, ya da sosial-demokratizmlə səsələşirdi.
Azərbaycanda sosial-demokratizmin tanınmış nümayəndəsi, mütəfəkikir, dövlət xadimi Nəriman Nərimanov Sovetlər Birliyi dövründə iddia edirdi ki, 1890-cı illərdə yazdığı «Bahadır və Sona» romanında beynəlmiləl ideyaları təbliğ edərək, müsəlmanlar arasında hər cür dini, milliyyəti inkar etdiyini yazmışdır. Buna nümunə kimi də erməni Sona ilə türk Bahadırın sevgisini göstərmişdir (24, s.438). Bizcə, həmin əsər mahiyyət etibarilə dinlərin inkar deyil, azad sevgiyə dözümlü yanaşmağı təbliğ edir. Sadəcə, Nərimanov Sovet dövründə rus bolşevizmi xəttini seçdiyi üçün vaxtilə islamlıq və türklüyü deyil, beynəlmiləlçiliyi müdafiə etdiyini iddia etmək zorunda qalıbdır. Çünki o, ilk dövrlərdə milliyyətə və islama münasibəti heç də inkarçı yol tutmamış, tərsinə İslama çox ehtiyatla yanaşmış, bu dində bütün elmlərin öyrənilməsinə önəm verildiyini xüsusilə vurğulamışdı (24, s.263).
Ümumiyyətlə, Nərimanov SSRİ dövründə bir neçə dəfə əvvəllər özünün antislamçılıq və antitürkçülük mövqeyində olması barədə fikirlər səsləndirmişdi. Ancaq Nərimanov beynəlmiləlçiliyini və antislamçılığını elə bir formada təqdim edir ki, ziddiyyət açıq-aşkar hiss olunur. Məsələn, o yazırdı ki, Nikolayın süqutundan əvvəl panislamistlərlə bir yerdə işləsə də, onların ideyalarına ciddi yanaşmamışdır: «.. hələ Nikolayın süqutundan əvvəl mən panislamistlərlə işləmişəm, bizim bir məqsədimiz vardı – Nikolayı yıxmaq, onlar da Nikolayı yıxmaq istəyirdilər, biz də. Lakin onlar panislamizmdən danışmağa başlayanda, mən həmişə gülüb deyirdim: Heç vaxt siz millətəri islam bayrağı altında toplaya bilməyəcəksiniz, heç vaxt fars Türkiyənin bayrağının altında yaşamağa razı olmayacaq, heç vaxt türk razı olmaz ki, başı üstündə İran tayfası ağalıq etsin» (25, s.495).
Bununla da, Nərimanov 1917-ci il Rusiya burjua inqilabından sonra deyil, əvvəllər də beynəlmiləlçi və marksist olmasını sübut etməyə çalışmışdır ki, bu məsələ də, onu başa düşmək çətin deyildir. O, sosial-demokratizmə təsadüfən üz tutmadığını əsaslandırmaq üçün özünü beynəlmiləlçi kimi qələm verirdi. Əgər Nərimanov 1917-ci il fearal burjua inqilabından sonra sosial-demokratizmə deyil, milli-demokratizmə üz tutsaydı o zaman da, vaxtilə türklük və islamla bağlı yazılarını nümunə göstərəcəkdi. Hətta, bizcə, Nərimanov milli-demokratizm xəttini seçib, bu zaman mövqeyini əsaslandırmaq üçün vaxtilə islama və türklüyə bağlı olduğunu iddia etmiş olsaydı daha inandırıcı və gerçək görünərdi. Deməli, Sovet Rusiyası dövründə bu fikri ifadə edən Nərimanov siyasi-ideoloji mühitə uyğun olaraq çıxış etmiş, bununla da 1917-ci ilə qədərki tərəddüdlü mövqeyinə bolşevik don geyindirməyə çalışmışdır.
Maraqlıdır ki, bütün bu cəhdlərinə baxmayaraq bolşeviklər, xüsusilə də ifrat “sol”çular Nərimanova millətçi kimi baxmış, onu milli əyintçilikdə ittiham etmişlər. Əslində Nərimanovun istəmədiyi halda “millətçi” adlandırılmasına əsas səbəb rus bolşevizminin islam dini və milli adət-ənənələrə münasibətdə ifrat radikal münasibəti idi. Hər halda, Quzey Azərbaycan zorla sovetləşdikdən sonra milli mədəniyyətin əvəzinə, guya onu əvəz edən «proletar mədəniyyət» - «proletkultçuluq» yaradılması adı altında baş verənlər dözülməz idi. Hətta iş o yerə gəlib çatmışdı ki, bir müddət N.Gəncəvi və M.Ə.Sabirə belə heykəl qoyulması «fəhlə işinə» xəyanət hesab olunmuşdu. Çox keçməmiş Novruz-Yeni gün bayramı yasaq edilərək tar, kamança və dastan-larımız isə keçmişin qalığı kimi tənqid olunmuşdu. 1920-1930-cu illərdə milli-mənəvi dəyərlərə qarşı tədbirlər «mədəni yürüş», «rədd olsun tar!», «rədd olsun kamança!» kimi şüarlar altında keçirilmiş, Azərbay¬canda mədəni yürüşün yeni formaları – «mədəni estefeta», «mədəni hücum» meydana çıxmışdı (26, s. 435).
Başqa sözlə, beynəlmiləlçi «proletar mədəniyyəti» tərəfdarları Azərbaycan türk mədəniyyətini inkar edərək beynəlmiləlçi proletar mədəniyyətini təbliğ etmişlər. Belələrindən biri olan S.M.Əfəndiyevin fikrincə, mədəniyyət dedikdə formaca milli, məzmunca sosialist, ya da proletar mədəniyyəti nəzərdə tutulmalıdır (27, s.325). Başqa bir yerli kommunust Ruhulla Axundov da hesab edirdi ki, sinifsiz cəmiyyətdə milli mədəniyyət lazımdır, amma azərbaycanlı, erməni və gürcü kommunistlərinin milli idealı kimi yox: «Bizə öz mahiyyəti etibarilə beynəlmiləl, öz mahiyyəti etibarilə proletar, öz məzmunu etibarilə sosialist mədəniyyəti lazımdır» (28, s.17).

XƏBƏR LENTİ