Sizə necə kömək edə bilərəm cənab Prezident?

1 115 7-09-2020, 10:04 kose / siyaset / gundem

Sizə necə kömək edə bilərəm cənab Prezident?Əslində mənim durumumda olanlar vəziyyət səbəbkarlarına kömək etməyi düşünmürlər. Lakin mən bu cür zehniyyəti qəbul etmirəm. Və onu da qəbul etmirəm ki, kömək təklifim blef, özünə lider təyinetmə, axtarma, mövqe dəyişmə və s. kimi dəyəndirilsin. Əsla. Bu blef deyil. Sadəcə səmimiyyətdir. Və yeni lider axtarışı, mövqe dəyişimidə deyil. Böyük və kifayət qədər iddialı, prespektivli bir siyasi təsisatın siyası rəhbərlərindən birinin nədən liderə və ya təşkilata ehtiyacı olsun ki? Axı böyük təşkilatların kiçik liderləri olmur. Bu mövqe dəyişimidə deyil. Mən bu hakimiyyətə müxalifəm. Bu düşüncəmdən daşındığımın bir saniyəsini belə xatırlamıram. Bəs nədən və ya nədə Prezidentə kömək etmək istəyirəm? Hə, nə qədər ki, yadımdadır deyim, bu müştəbehlikdə deyil. Çin filosofu Lao-Tszı müharibəni deyil, sülh və barışığı ali dəyər hesab edirdi. O qeyd edirdi ki, döyüşlərdə müharibə istəməyənlər qalib gəlir.
Ölkə tarixinin siyasi səhnəsi son 30 ilə qədər müddətdə bugünki qədər bəlkə bir və ya iki dəfə bu qədər dumanlı olub. Və bu duman “Qan çanağı”ndakı kimi yalnız səhərlər olmur, günboyu olur. Məhz bu səbəbdən köməyin zərurətə çevrilməsini düşünürəm. Ola bilsin ki, “Axı, sən nə edə bilərsən?” – sualı klaviaturasevərlərin sosial, siyasi, mənəvi və s. tələbatına çevrilsin. Bu məni qəti narahat etmir. Deyim. 1992-ci ildən jurnalist, 1994-cü ildən partiya quruculuğu təcrübəsi var bəndənizin. Düzdür bəzən dünyanı xilas edəcək həqiqət qədər bütün incəliyini əxz etdiyim sahələrdə nanayların əllaməlik iddialarına zorən şahidlik edirəm. Amma “boş ver” prinsipinə də hələ ki, sadiq və sayqılıyam.
Siyasət müştəbehliyi, özünə vurğunluğu sevmir əfəndilər. Azərbaycan ilin xalqı seçilən zamanalarda elə meydan liderləri var idi ki, sonradan orta ranqlı müxbir əlindəki kameranın obyektivi qarşısında ona dombalağ aşdırıb tarixin daş və amansız yaddaşına həkk etdi. Və həmin meydan lideri o andan zərrə-zərrə yox olmağa məhkum oldu. Halbuki tarix yaza bilərdi. Kimsə iddia etməsin ki, nə vaxtsa hansısa YÜKSƏK RANQLI BAŞQA BİR MÜXBİR onu məhz öz kamerasının obyektivi qarşısında dombalağ aşdırmayacaq.
Götürək elə Ramiz Mehdiyevi. Demək olar ki, bu şəxs Admnistrasiya rəhbəri görəvindən ayrılandan, toy ajiotajından sonra onun haqqında bu yazıya qədər bir cümlə belə yazmamışam. Nə onun, nə də Prezidentin sabiq köməkçisi Əli Həsənov haqqında. Təkrar edirəm vəzifədən uzaqlaşandan sonra. Halbuki hər iki şəxsə şahidi olduğum tarixin bütün dönəmlərində antipatiyam olub. Və həmin mövqeyimi də imkanım olan hər məkanda ifadə etmişəm, yazmışam. Lakin bu gün nə baş verir? Siyavuş Novruzovun təbirincə desək bir zaman əlini öpənlər, indi onu nədən daşlayırlar? Düzdür nə Siyavus İsa əleyhissəlamdır, nə də Ramiz Mehdiyev daş-qalaq olunma cəzası almış günahkar. “Kim günahsızdırsa ilk daşı o atsın”.
Sizə necə istəyirsiniz o cür də müraciət edim, cənab Prezident, Ali Baş komandan, Zati-Aliləri. Ramiz Mehdiyev nədən bu qədər böyüdüldü? Bu adamın hansı fitri istedadı var idi ki, on illərlə cəmiyyət onun qurduğu siyasi konfiqurasiyanın əsirinə çevrildi? Bütün vicdanı olan admlar etiraf edər ki, Ramiz Mehdiyev qədər istedadsız adam bu məmləkətdə yoxdur. Çünki azacıq istedadı olan adam harada olduğundan dolayı sonunu görməli idi. Bu gün Ramiz Mehdiyevlə bağlı baş verənlər böyük bir oyunun hissəsi olsa belə ağlı, abrı, zəkası və 82 yaşı olan bir şəxs heç nəyə görə bu qədər alçalmağa, rəzilliyə razı olmazdı. Ömür nə qədərdir ki? Yaşın bu qədər irəliləyən vaxtında hətta oyunla belə sonunu boş bir heçə çevirəsən. Və yaxud Əli Həsənov. “Niyə imkan vermirsiniz ailəmlə birlikdə dərdimizlə baş-başa qalım?” – deyə müxbirə acizanə şəkildə sanki yalvarır. Halbuki adam on illərlə Tanrıya bəndəlik etməyib. Kim idi bunları böyüdən? Allaha and olsun ki, o şəxslərin birini belə hansısa kəndli, fəhlə və ya günəmuzd çörək axtarışında olan zavallı təyin etməmişdi. Bəyəm Ramiz Mehdiyev və ya Əli Həsənovla məsələ bitdimi? Əsla. İlk həbs edilən icra başçısı ilə problem bitmədiyi kimi, bu dəfə də bitən bir şey yoxdur. Bilirsinizmi hakimiyyətdə nə qədər Mehdiyev, Həsənov zehniyyətli adamlar var? Və mənim qələmə aldığım bu düşüncələrimin dərcindən sonra belə azad və sağ qalma kimi bir qarantim yoxdur. Çünki o həyatı mənə zaman - zaman yaşadıblar, cənab Prezident.Həm də dəfələrlə. Bir müddət öncə FB səhifəmdə “Dostlar “Mən, Ramiz Mehdiyev və Orduxan” adlı yazı yazmaq istəyirəm” cümləsinə görə məni polisə apardılar. Yeddi cəddimi araşdırdılar. Ömründə siyasətin “s”nı bilməyənlərimə hədə-qorxu gəldilər. Halbuki bu gün danışılanları və nümayiş etdirilənləri mən o vaxt yazmaq istəyirdim. Lakin imkan vermədilər. Bu kimi məsələrdən dövlət başçısının niyə xəbəri olmamalıdır, cənab Prezident? Axı, özünüz iddia edirsiniz ki, siz məlumatı həm də mətbuatdan, sosial şəbəkədən alırsınız, jurnalistlər sizin köməkçilərinizdir v. s. Mən Əli Həsənov olmaq istəmirəm cənab Prezident. Çünki əli həsənovçuluqda, ramiz mehdiyevçilikdə riyakarlıq, qrupbazlıq, oyunbazlıq var. Təkrar edirəm hesab etməyin ki, siz bu şəxsləri vəzifədən kənarlaşdırmaqla problem bitdi. Qətiyyən, mən elə düşünmürəm. Nə qədər ki, bu günki hakimiyyətin içərisində az qala Azərbaycan dövləti qədər varlı adamlar var, siz qətiyyən özünüzü rahat hiss etməyin. Təyin etdiyinz məmurların əksəriyyəti axşam yatmağa getdiyi evlərin bəlkə də 30-u, 35-i böyüklüyündədirlər. Ölkədə fəaliyyət göstərən ən böyük şirkətlər, müəssisələr, hündürmərtəbəli binaların inşa edildiyi şəhərciklər, şadlıq evləri, restoranlar, avtosalonlar, yanacaqdoldurma məntəqələri, müxtəlif əyləncə mərkəzləri, mollar, super və hipermarketlərin, ümumiyyətlə pul qazandıran nə varsa hamısının kimə məxsus olduğunu bu ölkədə hər kəs bilir. Rəhmətlik Murtuz Ələsgərov MM sədri olanda, insanların “Malakan bağı” dediyi parkın yanındakı binaya köçəndən cəmi bir gün sonra parkdakı ictimai ayaqyolu dərhal söküldü. Ədalət naminə deyək ki, həmin ayaqyolu şəhərin mərkəzi hissəsində olduğu üçün kifayət qədər təmiz saxlanılırdı. Və mən inanmıram ki, Murtuz müəllim işdən gələndən sonra balkona çıxıb parka tamaşa edərkən gözü həmin tikiliyə sataşmışdı. Əsla. Lakin ona mənzilinin olduğu əraziyə yaxın olmasa belə, parkın içərisində ictimai ayaqyolunun olması barədə məlumat verilməsi mümkün idi. Sözsüz ki, mərhum MM sədri həmin ayaqyolunun yarada biləcəyi gələcək fəsadları öncədən ehtimal edib, sökülməsi tapşırığını vermişdi. Bir ayaqyolunun yarada biləcəyi fəasadı əvvəlcədən ehtimal etmək olur, Ramiz Mehdiyev və ya Əli Həsənovun əməllərinin sonucunu yox? Axı bu cür tiplərin hərəkətlərinin sonucu daha üfunətli olur.
Adamlar ifrat dərəcədə kapital toplayıblar. Soruşa bilərsiniz ki, məlumat məndə haradandır? Haqqınız var. Mən hələ regionları demirəm. Sadəcə paytaxt Bakıda, dənizə yaxın kəndlərdə dəyəri milyonlarla ölçülən villalar görəsən kimə məxsusdur? Axi hələ Azərbaycanda bir nəfər belə rəsmən milyoner elan olunmayıb. Həmin şəxslər mənə etiraf etməyə bilərlər. Bu təbiidir. Lakin sizin üçün həqiqəti öyrənmək kifayət qədər tez və asan başa gələ bilər. Nədən sizin təyin etdiyiniz məmur bu qədər sərvətə sahib olmalıdır? Nədən sizin Prezident olduğunuz ölkədə məmur özünü ağa kimi, xan kimi aparmalıdır? Bunu özünüz söyləyirsiniz? “...Əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar.” Əgər siz – Azərbaycan Respublikasının Prezidenti bu məsələdən narazısınızsa, o halda sadə kəndlinin, fəhlənin, işsizin vəziyyətini düşünmək o qədər də çətin deyil. Hər kəs, elə məndə həmin məmurlardan sizə şikayət edirəm. Siz kimə şikayət edirsiniz cənab Prezident? Xalqın yanında iynə ucu qədər hörməti olmayan müğənniyə xalq artisti, dəfələrlə satılan jurnalistə əməkdar jurnalist adının verilməsi ilə bağlı sərəncamlar imzalayırsınız. Onlara evlər verirsiniz. Bəyəm imzalanması üçün sizə təqdim edilən sərəncamlardakı adları incələmirsinizmi? Yox. Çünki həmin sənədləri hazırlayanlara etimad edirsiniz. Kim cürət edir sizi – Azərbaycan Respublikasının Prezidentini aldatmağa?
“Azərbaycan Respublikası Prezidenti yanında” adı ilə yaranan əksər təsisat rəhbərlərinin illərdir ki, öz sevimliləri var. Bu mətbuata nəzarət funksiyasını həyata keçirən qurumda da belədir, QHT sahəsində də, digər sahələrdə də. Son günlər köməkçilərinizin bu sahə ilə məşğul olan qurumların rəhbərləri ilə keçirilən görüşlərə məhz həmin “Azərbaycan Respublikası Prezidenti yanında” adı ilə yaranan təşkilat rəhbərlərinin sevimliləri dəvət olunmuşdu. Bu illərdir davam edir. İndi də Ramiz Mehdiyev, Əli Həsənov yoxdur ki? Düzdür bu eybəcər idarəetmə formatının müəllifi həmin şəxslərdir. Lakin bu gün də o format qalır. Pişik balasını ağzında daşıyan kimi bu gün də bəzi məmurlar bir qrup QHT-çini, baş redaktoru bu tədbirdən o birinə göndərirlər. Və onlarda gedirlər. Çünki evləri, medallarıı, mükafatları, qrantları, fəxri adları fəaliyətlərinə görə deyil, məhz sizin təbirinizcə desək ağalarının, xanlarının hesabına əldə ediblər. Rəşidi xəlifələrindən 2-cisi Ömər ibn Xəttab deyirdi ki, “Əgər Dəclə sahilində bir qurd bir quzunu parçalayırsa, onun da məsuliyyəti mənim üzərimdədir. Ya quzu sahibsiz qalıb, ya qurd əndazəni aşıb.” Bu ölkədə insanlar sahibsizdir cənab Prezident. Çünki məmurlar əndazəni çoxdan aşıblar. Sıradan bir JEK (MKİS) rəisinə şikayət edəndə cavab bir olur: Get kimə istəyirsən de. Bu özbaşınalıq deyil bəs nədir?
Götürək elə ölkənin qanunverici orqanını – Milli Məclisi. Bu gün həmin Məclisdə təmsil olunanların neçəsini seçki öncəsi seçici baykot etdi, kəndindən, rayonundan qovdu? Lakin nəticə nə oldu? Yenədə mandatları ciblərində, səlahiyyətləridəki öz yerində. Nədən cənab Prezident? 15-20 il o Məclisdə oturub bir dəfə danışmayanlara, qanunvericilik təşəbbüsü göstərməyənlərə, missiyası yalnız düymə basmaqdan ibarət olanlara nə lüzum var? Siyasi polemikalarda gülüş obyektinə çevrilənlər, rəhmətlik Süleyman Rüstəm demiş “ hətta adamı, adam kimi tərifləyə bilməyənlər”ə bir hakimiyyətin nə ehtiyacı ola bilər? Zamanında məhz hakimiyyətiniz tərəfindən sındırılmış, əzilmiş adamların yenidən dövriyyəyə buraxılaraq efirlərdən xalqa dərs keçmələri ikrah yaradır. Vallah yaradır, Billah yaradır. Zamanında Ramiz Mehdiyevə, Əli Həsənova trolluq edənlərin onlara qarşı bu günkü canfəşanlığını izləməkdən iyrənc bir şeyi təsəvvür edə bilmirəm. Bu cür yipranmışlara lüzummu var? Belə xaraktersizlər sabah Allah bilir nələr edəcəklər?
Nədən bu ölkədə 40-45 illik əmək təcrübəsi olan həkim, müəllim 240 - 250 manat təqaüdlə yaşam mücadiləsi aparsın, ərzaq dükanına borc ödəsin, lakin hansısa hədsiz, çapsız məmurun müğənni sevgilisi dəyəri yüz min manatdan çox olan avtomobil sürsün, inşası milyonlarla manata başa gələn villada yaşasın? Ədalət bunun harasındadır cənab Prezident? Platonun “qızıl əsr” adlandırdığı “ideal dövlətində” insanlar yalnız bir-birlərini sevib və xeyirxah münasibət göstərirdilər. Bu xəyal belə olsa cazibədardır. Çünki həmin “dövlətdə” hər şey insan üçündür. Ola bilməzmi bu məmləktdə məhz bu andan hər şey insan üçün olsun? Sadə insan üçün. Sözdə yox, reallıqda. Bu xalq gördüyü hər bir yaxşılığa cavab verəcək qədər ədalətli və sədaqətlidir. Həmin məmurların sahib olduqları qoy onların olsun. Lakin heç olmazsa bundan sonra ədalətl idarəçiliyə keçsinlər. Nədən hansısa hədsiz məmurun, hakimin, prokurorun, polisin əməllərinə görə Sizə - Azərbaycan Respublikasının Prezidentinə hansısa ölkə və ya hansısa beynəlxalq təşkilat irad bildirsin? Bilisiniz mən nə istəyirəm cənab Prezident? Kaş siz Qarabağı, İrəvanı, Dərbəndi, Borçalını, Təbrizi alardınız. O zaman həmin dövlətlər və beynəlxalq təşkilatlar sizə işğalçı deyərdilər. Bax bu məni Azərbaycan vətəndaşı kimi çox qürurlandırardı. Çünki bu vəziyyət Dilqəmin və Şahbazın övladlarını bağırlarına basacaqları gün qədər mənim üçün duyğusal olardı. Bütün yuxarıda qeyd etdiklərimlə bağlı Sizə necə kömək edə bilərəm cənab Prezident?

Bakir Həsənbəyli

XƏBƏR LENTİ