İlham Əliyev: “Biz bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycan torpağıdır”

492 8-11-2020, 13:49 siyaset

İlham Əliyev: “Biz bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycan torpağıdır”


“Biz bütün təzyiqlərə baxmayaraq, məqsədyönlü şəkildə, yorulmadan güc toplayırdıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi və edilib”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan edib.

O bildirib ki, bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil:

“Azərbaycan iqtisadi cəhətdən heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil, müstəqildir. Bu bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, ordumuzu gücləndirək. Biz ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı bunları necə əldə edə bilərdik?

Biz ölkə daxilində uğurlu siyasət apararaq dünya üçün ölkəmizdə çox unikal inkişaf modeli yaratdıq. Daxildə ki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşmək bizə güc verdi. Bu, imkan vermədi ki, xarici mənfur dairələr öz çirkin planlarını həyata keçirsin. Bu cəhdlər var idi. Biz xalq olaraq, millət olaraq öz seçimimizi müdafiə etdik. Hər kəsə sübut etdik ki, heç kim bizim işimizə qarışa bilməz. Əgər bu birlik, milli həmrəylik olmasaydı, biz öz torpaqlarımızı düşməndən azad edə bilməzdik”.

Ölkə başçısı bildirib ki, bu günə qədər Azərbaycana qarşı aparılan şər-böhtan, qarayaxma kampaniyasının məqsədi bizi əsas vəzifəmizdən uzaqlaşdırmaq idi:

“Onlar çalışırdı ki, biz daxili problemlər içində boğulaq. İşğal edilmiş torpaqlar isə əbədi işğalçıların əlində qalsın. Lakin güclü siyasi iradə, xalq iqtidar birliyi bu planları məhv etdi. Qələbəmizin üçüncü amili isə beynəlxalq səviyyədə qazandığımız uğurlardır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycan torpağıdır”.

XƏBƏR LENTİ