AZƏRBAYCANIN QƏRBLƏ SAVAŞI BAŞLAYIR:Ermənistanın döyüş meydanında itirdiklərini masada geri qaytarmaq istəyirlər - TƏHLİL

485 26-11-2020, 22:23 siyaset

AZƏRBAYCANIN QƏRBLƏ SAVAŞI BAŞLAYIR:Ermənistanın döyüş meydanında itirdiklərini masada geri qaytarmaq istəyirlər - TƏHLİL

Elxan ŞÜKÜRLÜ,

“Strateq.az”

Fransa Senatının Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması gözlənilən idi və bu tendensiyanın qarşıdakı dövrdə erməni lobbisinin güclü olduğu digər Qərb dövlətlərində, o cümlədən hətta ABŞ-da da davam etdiriləcəyi ehtimalı yüksəkdir…

Çünki Azərbaycan Ordusunun Qarabağdakı 44 günlük savaşı həm də böyük bir geopolitik əməlliyat idi və bu əməliyyatın uğurla yekunlaşması geopolitik planda bölgədə uduzan bütün gücləri bundan sonrakı mərhələdə Paşinyan Ermənistanının arxasında durmağa və danışıqlar prosesində Azərbaycana təzyiqə sövq edəcək.

44 günlük Qarabağ savaşından aşkar geopolitik qalibiyyətlə çıxan ölkələr bunlardır: Rusiya, Azərbaycan, Türkiyə və İran.

Bu ölkələrin hər birinin qazanclarının nədən ibarət olmasını ayrı-ayrılıqda daha detallı, geniş sadalamaq mümkündür, ancaq qısaca deyək ki, indilikdə ən böyük ORTAQ UDUŞ qarşıdakı 4 ildə – Bayden dönəmində Qarabağ münaqişəsinin alovlandırılaraq Cənubi Qafqazın Rusiya və İrana qarşı yeni aktiv savaş meydanına çevrilməsinin və beləliklə də, Çinin “Bir Qurşaq – Bir Yol” layihəsinin keçdiyi daha bir nəqliyyat dəhlizinin bloklanmasının qarşısının alınmasıdır.

Ərdoğandan sonrakı Türkiyəyə və Türkiyənin sözündən də çıxmayacaq Azərbaycana o qədər də güvənməyən Rusiyanın öz sülhməramlılarını tələm-tələsik Qarabağa gətirməsinin bir səbəbi də, əslində, budur və bu mövqe onun strateji müttəfiqi İranı da indilikdə tam qane edir.

Çox güman ki, dekabrın 1-dən sonra biz Türkiyə Silahlı Qüvvələriylə bağlı məsələnin də öz həllini tapacağını və qarşıdakı aylarda Azərbaycan üzərində aktiv şəkildə Rusiya-Türkiyə-İran əməkdaşlığını müşahidə edəcəyik.

Eyni zamanda, bu “dördlüyün” Ermənistandakı Qərbyönümlü Paşinyan hakimiyyətinin dəyişidirilməsi üçün qarşıdakı iki ayda birgə və koordinasiyalı addımlarına, daha sıx əməkdaşlığına da ciddi ehtiyac duyulacaq.

Təbii ki, bölgə ölkələrinin bu əməkdaşlığından və anti-Qərb mövqeyindən narahat olan bütün güclər, xüsusən də ABŞ və Avropa İttifaqı əsas diqqətini Ermənistana və Paşniyan hökumətinin ömrünü uzatmağa, diplomatik sferada isə Azərbaycana qarşı basqılara, təzyiqlərə yönəldəcəklər.

Azərbaycan hakimiyyəti də bunu nəzərə almalı və son iki ayda cəmiyyətimizdə yaranmış siyasi, milli həmrəyliyin, birlik ovqatının qorunub saxlanmasına daha çox diqqət yetirməli, bölücü hərəkət və çıxışlardan yayınmalı, hansısa müxalif qüvvənin Qərbin əlində alət olan bəlli şəbəkəylə mövqelərinin yaxınlaşmasına bəhanə verməməlidir.

Çünki dəfələrlə vurğuladığımız kimi, Bayden dönəmində ABŞ və Avropa İttifaqı çalışacaq ki, 3 ölkədən ən azından birində – Rusiya, Türkiyə və Azərbaycanda hakimiyyətə Qərbyönümlü qüvvələrin gətirilməsinə nail olsun, Qarabağ üzərində əldə edilmiş razılaşmanı pozsun və Rusiyanı tamamilə Cənubi Qafqazdan sıxışdırıb çıxara bilsin…

XƏBƏR LENTİ