“RUSİYA SÜNİKDƏ HƏRBİ BAZA YARATSIN...” - Ermənistanda da Moskvaya qulbeçəlik edənlər aktivləşib

636 23-12-2020, 15:15 dunya

“RUSİYA SÜNİKDƏ HƏRBİ BAZA YARATSIN...” - Ermənistanda da Moskvaya qulbeçəlik edənlər aktivləşibQarabağdakı məğlubiyyətdən başını itirən erməni cəmiyyəti və siyasi elitasında Rusiyaya qulbeçəlik edənlər xeyli aktivləşib.

“AzPolitika.info” xəbər verir ki, müxalif "İşıqlı Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan bu gün keçirdiyi mətbuat konfransında Rusiyanın Ermənistanda daha bir hərbi baza yaratmasının vacib olduğunu söyləyib.

Marukyan bildirib ki, Azərbaycan durmadan hərbi xərcləri artırır və 2021-ci ilin büdcəsində bu rəqəm 2 milyard 700 milyon dollar olacaq.

Bunun ermənilər üçün təhlükəli olduğunu deyən və qorxusunu gizlətməyən Marukyan Ermənistanın müstəqil şəkildə öz təhlükəsizliyini təmin edə bilməyəcəyini söyləyib: “Əgər indi hətta Ermənistanın bütün büdcəsini müdafiəyə yönəltsək, yenə də bu vəsait təhlükəsizliyimizi təmin etməyə kifayət etməyəcək”.

Partiya sədri heç bir əsas olmadığı halda hazırda Qubadlı və Zəngilanla sərhəd olan Sünik rayonunun təhlükə altında olduğunu iddia edib.

Və deyib ki, həmin ərazilərin təhlükəsizliyini yalnız Sünikdə Rusiya hərbi bazası yerləşdirməklə təmin etmək olar: “Sünikdə hərbi baza yaradılması üçün Rusiya ilə danışıqlara başlamaq lazımdır. Artıq belə təcrübə var - 102-ci baza uzun illərdir təhlükəsizliyi təmin edir. Sülhməramlılar Qarabağda təminatı Sünikdən daha asan şəkildə ala bilərlər, nəinki Gümridən”. Erməni siyasətçi deyib ki, bu təklifi Paşinyanın yerinə gələcək hökumət qarşısında qaldıracaqlar.

Qeyd edək ki, Paşinyanın ən qatı rəqiblərindən olan və qalmaqalları ilə tanınan E.Marukyan bir neçə gün əvvəl Moskvaya səfər etmişdi. Görünür, bu yeni “təşəbbüs” də həmin səfərin nəticəsidir.

Və belə çıxır ki, müharibədən əvvəl “yenilməz erməni xalqı və ordusu”ndan dəm vuran ermənilər nəyə qadir olduqlarını görəndən sonra öz ölkələrini bütünlüklə Rusiya hərbi bazasına çevirmək fikrindədirlər. Qalır yalnız ölkələrinin adını dəyişib, ümumilikdə dövlətçilikdən imtina etmələri.

XƏBƏR LENTİ