“Küçədən gələnlərə birbaşa Xalq artisti fəxri adı verirlərsə, o, da əndamını açıb camaata göstərirsə...”

607 12-01-2021, 12:48 cemiyyet

“Küçədən gələnlərə birbaşa Xalq artisti fəxri adı verirlərsə, o, da əndamını açıb camaata göstərirsə...”“Bu adamların doxsan faizinin musiqi təhsili yoxdur. Məni ən çox narahat edən bu adamların böyük fəlsəfi sözlərimizi başa düşməmələri və təhrif etmələridir. Hər sözün öz yeri, ölçüsü, mənası var”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti dahi şəxsiyyətlərimizə “sataşan” müğənnilərimizi də sərt tənqid edib:

“Bu gün Azərbaycandakı o tanıdığız adamların hamısı gülməli artist və oxuyanlardır. Çünki başqa iş-güc yoxdur, bu manıslar ortalıqda qalıblar, neyləsinlər? İkincisi də ki, Nizami Gəncəvi çox böyük mənada qəzəliyat şairi deyil axı. O, tarix, fəlsəfə düşüncə şairidir. Bu mənada Nizaminin bir neçə qəzəliyatı var və buna da dahi Bülbül, Asəf Zeynallı romanslar yazıb və sonra da Müslüm Moqamayev, Alim Qasımov kimi sənətçilərimiz də bu romansları oxuyublar. İndi bu xanım (Afət Fərmanqızını nəzərdə tutur) əgər Üzeyir bəydən yaxşı yazacaqsa, qoy yazsın. Bizdə bir ənənəçilik var və bu da ən iyrənc şey olduğu üçün buna qarşı həmişə mübarizə aparmışam. Tədbirdən-tədbirə hamımız qəhrəman oluruq, asırıq, kəsirik. Amma tədbir qurtaran kimi hərə bir tərəfə gedir. Bu mənada o, xanım çalışır bir az avanqard olsun, gündəmdə olsun. Həyatımda mənim üçün üç ölçü vahidi olduğuna görə bu yaşıma çatmışam və sənətimdə şahidi olduğunuz işləri görmüşəm. Onlardan birincisi mənim üçün ailəm olub, ikincisi həmişə dostlarımdan utanmışam, üçüncü isə bilən adamlarla məsləhət etmişəm, onları nəzərə almışam. O yerdəki dəyər, ölçü, qayda-qanun pozulur, küçədən gələnlərə birbaşa Xalq artisti fəxri adı verirlərsə və o da əndamını açıb camaata göstərirsə, bunu çəkib efirə qoyurlarsa, xalqın haqlı narazılığı nəzərə alınmırsa, onda kim nə istəyir, qoy etsin. Cəzasızlıq dünyada ən böyük təhlükəli, mənəviyyatsız işdir. Bu dəyərlər olmayandan sonra kim nə istəyir, onu da edir.

Bu adamların doxsan faizinin musiqi təhsili yoxdur. Məni ən çox narahat edən bu adamların böyük fəlsəfi sözlərimizi başa düşməmələri və təhrif etmələridir. Hər sözün öz yeri, ölçüsü, mənası var. Sovet dönəmində bunlar keçərli idi, çünki bizim tarixi şəxsiyyətlərimizə bayağı münasibət bəsləmək onlara sərf edirdi. Amma indi biz tariximizə də, elimizə də, torpaqlarımıza da sahib durmuşuq. Ona görə belə şeylərin qarşısını almaq üçün dövlət səviyyəsində ciddi cəza olmalıdır”.

Qeyd edək ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəlini hindsayağı ifa etdiyinə görə tez-tez tənqid edilən müğənni Afət Fərmanqızı bu dəfə Nizamidən oxuyacağını açıqlayıb.

Vasif Əlihüseyn

XƏBƏR LENTİ