MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ VƏTƏN MUHARİBƏSİNDƏ ARXA CƏBHƏDƏ xidmət göstərən şəxslər və fəal gənclərlə görüşüb - FOTOLAR

705 19-04-2021, 17:04 cemiyyet

MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ VƏTƏN MUHARİBƏSİNDƏ ARXA CƏBHƏDƏ xidmət göstərən şəxslər və fəal gənclərlə görüşüb - FOTOLAR
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin aprelin 19-da ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılar, Vətən müharibəsi dövründə arxa cəbhədə xidmət göstərən şəxslər və fəal gənclər ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla növbəti görüşü keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Adil Əliyev ölkəmizin Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışıb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfəri tariximizin ən böyük hadisələrindən biri kimi qiymətləndirib. Vətən torpaqlarının düşmən işğalından azad edilməsinə diqqət çəkən Milli Məclis sədrinin müavini xalqımızın dövlətimizin başçısının ətrafında sıx birləşdiyini, istər döyüş meydanında, istərsə də arxa cəbhədə misilsiz şücaət göstərdiyini vurğulayıb. Bildirib ki, Ordumuzun müasir texnika ilə təchizatı, uzun illərdir dövlətimizin başçısı tərəfindən hərbi sahəyə ayrılan diqqət sonda öz uğurlu nəticəsini verdi. Bu Qələbə Ordumuzun yaxşı təchizatı ilə yanaşı, hərbi qulluqçularımızın yüksək səviyyədə hazırlığı, ulu öndər Heydər Əliyevin idmanda kütləviliyin təmin olunması siyasətinin uğurla davam etdirilməsi nəticəsində qazanıldı.
Adil Əliyev qeyd edib ki, ölkəmizin qazandığı tarixi Qələbədə istifadə edilən taktiki gedişlər bu gün dünyanın bir sıra hərbi mütəxəssislərinin marağına səbəb olub. Dövlətimizin başçısı tərəfindən açılışı edilən Hərbi Qənimətlər Parkı qazandığımız Qələbənin möhtəşəmliyinin əyani göstəricisidir.
Söhbət zamanı ölkəmizdə bədən tərbiyəsi və idmanın gənc nəslin həyat tərzinə çevrilməsinin əhəmiyyətindən, idmançılarımızın ev şəraitində olsa da məşqləri davam etdirməsinin vacibliyindən danışılıb.
Sonda Vətən müharibəsində arxa cəbhədə xidmət edən fəallara, ictimai fəal gənclərə və ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılara Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.

XƏBƏR LENTİ