"Ölkədə artıq hər şey dalana dirənib" – ELMAN ABBASOV

1 192 23-04-2021, 12:22 siyaset / gundem

"Ölkədə artıq hər şey dalana dirənib" – ELMAN ABBASOVÖlkədə günü-gündən vəziyyət gərginləşir. Qiymətlər artdıqca, insanların gəliri azaldıqca, problemlər burulğanında əzab çəkən əhalinin müxtəlif kəsimləri çarəni müqavimət göstərməkdə, etiraz etməkdə görür. Hər gün fərqli problemlərlə fərqli insanlar müxtəlif dövlət qurumlarının, xüsusilə də prezident aparatının qarşısında toplaşırlar. Yerli orqanların yaratdığı problemlərə görə prezidentdən və I vitse-prezidentdən kömək istəyirlər. Hər gün adı çəkilən qurumlara yüzlərlə, bəlkə də minlərlə məktub ünvanlanır. Hər gün yüzlərlə problemli vətəndaşın, qazinin, şəhid ailəsinin sosial mediada çıxışları yayılır. Bu çıxışlar, bu müraciətlər kimsənin dərdinə çarə olmur. Ölkənin durumunu bir neçə gün əvvəl Onkoloji xəstəxananın qarşısından çəkilmiş foto daha aydın şəkildə göstərir. Əslində normal cəmiyyətdə bir nəfərin belə etiraz etməsi kifayətdir ki, problemə müdaxilə olunsun, problem həllini tapsın, yetkililər məsələyə müdaxilə etsin. Bizdə isə gözləyirlər ki, minlər, on minlər, yüz minlər küçəyə çıxsın. Lakin hələ dərk etmirlər ki, bu zaman isə artıq problemlər ya kökündən həll olacaq, ya da problemlərin üzərinə daha böyük problemlər gələcək. Həm də insanlara problem yaradanların özləri üçün daha cox problem yaranacaq.
Problemlərin çözümünü, pozulmuş hüquqlarının bərpasını tələb edənlər nə müxalifət təmsilçiləri, nə 3-cü hakimiyyət adlandırılan QHT sektoru, nə də 4-cü hakimiyyət adlanan mediadır, sadəcə məmur özbaşınalığından, sosial durumunun ağırlığından, problemlərinin üst-üstə yığılmasından bezən sadə xalqdır. Bunu ona görə yazdım ki, illərdir siyasilər, hüquq müdafiəçiləri problemləri deyir, yazır, həyəcan təbili çalır və əvəzində tənqiddən xoşlanmayan mövcud hakimiyyət onları qaragüruh, qərəzli, hər şeyi qara görən, təxribatçı və hətta beşinci kolon adlandırırdı.
Nəzərə almaq lazımdır ki, ölkəni sevməyən, ölkədə gərginlik yaratmaq, qarışıqlıq salmaq istəyən qüvvələrin də əlinə fürsət düşüb. Son vaxtlar ərzağın və sənaye mallarının, yanacağın, suyun qiymətinin əsassız və lazımsız şəkildə qaldırılması da onların iş başında olmaları, təxribat törətmələri, sabotajla məşğul olmalarından xəbər verir. Maraqlı olan odur ki, bu baş verənlərə məsul olan qurumlardan və şəxslərdən heç bir ciddi reaksiya yoxdur. Artıq hər şey dalana dirənib.
Bir daha qayıtmaq istəyirəm, şikayətlərin daha çox ölkənin birinci və ikinci şəxsinə yönəlməsinə. Bu onu göstərir ki, yerli qurumların heç biri yerində deyil, məmurlar öz işinin öhdəsindən gələ bilmirlər, əksinə problem yaratmaqla məşğuldurlar. Buradan da bəzi suallar ortaya çıxır. Əgər əhalinin problemlərini ancaq birinci və ikinci şəxs həll edəcəksə, onda yerli orqanların–icraların, icra nümayəndələrinin, məhkəmələrin, prokurorların, MİS sədrlərinin, işıq, su-kommunal, qaz, sosial müdafiə qurumlarının və rəhbərlərinin işi nədən ibarətdir? Nədən onlar dövlətdən maaş alırlar? Bu müəssisələrin saxlanması üçün nədən dövlət büdcəsindən bu qədər pul ayrılır? Və digər maraqlı məqam ondan ibarətdir ki, bu qədər şikayət olunan orqanların heç biri işinin öhdəsindən gələ bilmədiyinə, əhaliyə xidmət etmədiyinə, vəzifə səlahiyyətlərini aşdıqlarına, qanunsuzluğa yol verdiklərinə görə vəzifədən azad edilmir, cəzalandırılmırlər. Son vaxtlar yerli orqanların həbsi ilə bağlı yayılan məlumatlara görə məmurların cəzalandırılması ancaq korrupsiya və rüşvətə görə baş verir. Və bütün ölkə boyu qurumların və məmurların eyni funksiyanı yerinə yetirdiyinə, eyni sistemlə işlədiyinə nəzər saldıqda da suallar və qaranlıq məqamlar ortalığa çıxır. Nədən hamısı eyni aqibəti yaşamır?
Ölkənin mövcud durumu, Rusiya və Azərbaycan arasında yaranan gərginlik, Ermənistanın siyasi manevrləri, təxribatları, 1993-cü ili – milli hakimiyyətin devrilməsindən bir neçə ay öncəni xatırladır.
Hakimiyyət dərhal süni yaradılan qiymət artımının, insanlara yaradılan süni problemlərin qarşısını almalı, problemlərin həlli, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əməli addımlar atmalı, sabotaja və təxribata rəvac verən hərəkətlər durdurulmalı, törədənlər cəzalandırılmalı və əsaslı islahatlara start verməli, əks təqdirdə vəziyyətin bu cür davam etməsi ölkədə xoşagəlməz hadisələrin, kataklizmlərin baş verməsinə, ölkəyə xarici güclərin müdaxiləsinə gətirib çıxara bilər.

Xeberdar.net

XƏBƏR LENTİ