“Zəngəzur dəhlizi məsələsində Ermənistanı bu dairələr qızışdırır” - Zülfüqarov

824 4-06-2021, 12:02 cemiyyet

“Zəngəzur dəhlizi məsələsində Ermənistanı bu dairələr qızışdırır” - Zülfüqarov“İranın Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadığı haqda fikirləri əsaslı saymıram. Rusiyanın bu dəhlizin açılmasında maraqlı olması göz önündədir. Məsələn, bunu daha sadə şəkildə görmək üçün Moskvanın addımlarına baxmaq lazımdır. 10 noyabrda üçtərəfli saziş imzalandı. Həmin bəyanatda olan bir maddənin işləməsini sürətləndirmək məqsədilə Moskvada yanvarın 11-də görüş təşkil edildi. Həmin görüş zamanı imzalanan sənəddə kommunikasiyaların açılmasının hansı şəkildə həyata keçirilməsi öz əksini tapdı. Yəni Rusiya birmənalı şəkildə öz maraqlarını göstərdi. Amma bu maraqları təhlil edərkən görürük ki, rusların əsas üstünlük verdiyi hal Şimal-Cənub dəhlizinin işlək vəziyyətə gətirilməsidir. Unutmayaq ki, Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin Culfa tərəfindən dəmiryolu birləşməsi var. Bu baxımdan Rusiyanın dəmiryolları Azərbaycan dəmiryolları vasitəsilə İran dəmiryollarına birləşə bilsə, deməli bu, tranzit üçün yeni imkanlar açacaq. İran niyə bu imkandan imtina etsin?”

Bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “İranın Zəngəzur dəhlizinin işləməsinə qarşı olduğu” haqda iddiaları şərh edərkən bildirib.

Sabiq diplomat deyib ki, Rusiyanın şimal hissədən - Baltik ölkələrindən və ya Skandinaviyadan dəmir yolları birbaşa Fars körfəzinə birləşəcək: “Burada İranın maraqları birmənalı görünür. Sadəcə mən istisna etmirəm ki, Ermənistanı bu məsələdə qıcıqlandıran bəzi qərb dairələrdir. Onlar İranın belə dəhlizdən yararlanmasını arzu etmirlər. Fikrimcə, belə oyun ola bilər. Ermənilərin dəstəyi təkcə diaspor məsələsi deyil. Mən buna qətiyyən inanmıram. Söhbət digər istəklərdən də gedir. Görürük ki, Ermənistanın rəhbərliyi sanki ortada qalıb. Bu dar gündə ona köməyə kim gələcək? Bir var bəyanat vermək, Prezident Emmanuel Makron bunu edir, Paşinyanla görüşdü və s. Amma Paşinyan İrəvana qayıdanda problemləri görür. Makron isə Parisdəki sarayında oturub. Paşinyan bəyanatların onlara heç nə vermədiyini anlayır. Onlar çox narahatdır ki, gələcəkdə necə olacaq. Amma görünən budur ki, onlar çox təhlükəli oyuna başlayıblar və bu, Ermənistana uğur gətirməyəcək”.

XƏBƏR LENTİ