Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır

558 17-06-2021, 10:00 cemiyyet

Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik  tarixində ən parlaq simadır

Azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə aparmış, bu yolda minlərlə şəhid vermişdir. Lakin unutmayaq ki, qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də olmaz. Ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün öz aktuallığını qoruyur. 15 İyun-Milli Qurtuluş Günü Azərbaycanın təzəcə qazandığı müstəqilliyini itirməkdən xilas olduğu tarixi bir gündür. 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz gündür. Vətənini, xalqını sevən, həmin çətin və ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Bu gün istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu danılmaz bir həqiqət var ki, bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır. Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır.
1991-ci ildə yenicə qazandığı müstəqilliyi qısa vaxtda itirmək təhlükəsi ilə üzləşən Azərbaycanın müasir tarixində 1991-1993-cü illər hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirmiş, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilməmişdir. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüş, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Həmin dövrdə Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə-Gürcüstan, Çin, İranla münasibətlər gərginləşmişdi. Bununla yanaşı Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxs məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtmış və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etmişdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı olmuş, böyük qurtuluşa doğru mühüm addım atılmış, xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlanmışdı. Ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngiyərək vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olmuşdu. Heydər Əliyevin diplomatik vasitələrinin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edilmiş, məhz bu atəşkəsədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətlənmiş, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr imzalanmışdır. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanmış və Azərbaycanın iqtisadi inkişafının əsasını təşkil edən neft strategiyası həyata keçirilmişdi.
Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirən mühüm nailiyyət idi.
Bu gün - 28 il sonra əminliklə deyə bilərik ki, respublikamızın tarixində Heydər Əliyevin şəxsiyyəti həlledici rol oynayıb və zaman keçdikcə, dövlətimiz inkişaf edib müstəqilliyini möhkəmləndirdikcə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və dəyəri daha da aydın dərk olunacaq. İllər ötsə belə Azərbaycan xalqı 15 iyun tarixini yenə də qürur və şərəf günü kimi qəbul edəcək. O tarixi bizlərə bəxş edən dahi insanı eyni sevgi, hörmət və ehtiramla xatırlayacaqdır.

Əliağa Mustafayev,
Salyan şəhər sakini

XƏBƏR LENTİ