Azərbaycan – Türkiyə qardaşlığı əbədidir!

1 374 17-06-2021, 22:30 cemiyyet / bolge

Azərbaycan – Türkiyə qardaşlığı əbədidir!













Türkiyənin gücü bizim gücümüzü
artırır. Bizim gücümüzün birləşdirilməsi
bizi daha da güclü edir.

İlham Əliyev


“Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə də bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azəybaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır” – bu sözləri söyləyən Prezident İlham Əliyev bütün dünyaya yeni mesaj göndərdi. Qədim şəhərimiz olan Şuşadan verilən bu açıqlamalar bütün dünyaya səs salacaq, bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır. Şuşada dalğalanan Azərbaycan-Türkiyə bayraqları qardaşlığımızı, birliyimizi nümayiş etdirəcək!
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanıyan ilk dövlət Osmanlı olmuşdur. 04 iyun 1918-ci ildə imzalanmış Batum müqaviləsi həm AXC-nin digər dövlətlər tərəfindən tanınmasında, həm də hərbi yardım göstərilməsində mühüm rol oynadı, Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olmuşdur. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk “Azərbaycanın kədəri-kədərimiz, sevinci- sevincimizdir”- söyləmişdir. 1921-ci ildə Türkiyənin səyi nəticəsində və bu gün də hüquqi qüvvəyə malik olan, Naxçıvanın qorunmasında mühüm əhəmiyyət kəsb edən Moskva və Qars müqavilələri ermənilərin bizə qarşı sürdüyü ərazi iddialarına qarşı atılan düzgün siyasi və hərbi addım idi. Bu cür münasibətlər və yardımlar qarşılıqlı idi. İstər Balkan müharibələri, istər Birinci Dünya Müharibəsi, istərsə də Milli Mücadilə dövründə Osmanlı ordusuna qoşulan azərbaycanlı könüllülərindən başqa, Azərbaycandan Türkiyəyə müxtəlif yardımlar da göndərilib. Rusiya hakimiyyət orqanlarının ciddi nəzarətinə baxmayaraq Azərbaycan xalqı hər çətinlikdə Osmanlı dövlətinin yanında oldu və ona yardımlar göstərdi. Nargin adasındakı türk əsirlərinə yardım edilməsi, onların qaçırılması...
Bütün bu tarixi faktlar Azərbaycan-Türkiyə qardaşlığının dərin köklərə malik olduğunu sübut edir. Çanaqqala döyüşü türk tarixinin şərəf nöqtəsidir. Çanaqqala döyüşündə düşmən üzərində türk-qardaş xalqlarının mənəvi birliyi qalib gəldi. Çanaqqalada türk əsgəri Vətən uğurunda dünyaya bir dərs keçdi və qalib gəldi.
Tarix təkrar olunur. 44 günlük Vətən müharibəsində Qarabağ-Şuşa uğrunda döyüşlərdə Azərbaycanın Zəfər ordusu dünyaya dərs keçdi və qalib gəldi!
Müasir Azərbaycan-Türkiyə münasibətləri Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha gücləndirilməsinə yönəlmişdir.
İkinci Qarabağ müharibəsi başlanan gündən Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi. Türkiyə lideri Bakıdan dünya birliyinə güclü mesaj göndərdi. Prezident İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycandır və nida” fikrini açıq şəkildə müdafiə etdi və Türkiyə olaraq bu ifadənin altına imza qoydu. Bu bizi həm ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.
Türkiyə bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi.
“Böyük bir liderlik göstərərək zəfəri və sülhü Azərbaycana qazandıran Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev Qarabağda zəfər qazanmaq üçün bir yumruqdan olan, bir ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqına qələbə qazandırdı. Azərbaycan xalqını təbrik edirəm ” – Türkiyə lideri söylədi.
Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində, siyasi münasibətlərdə, iqtisadi–ticarət əlaqələrində, mədəniyyət, təhsil, idman, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım sahələrində Azərbaycan-Türkiyə əlaqələri daha da genişləndiriləcək.
Bütün bunlar sübut edir ki, Azərbaycan-Türkiyə bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu belə olacaq. Azərbaycan–Türkiyə qardaşlığı sarsılmazdır, əbədidir!

Razıgül Dadaşova,
YAP Salyan rayon təşkilatının Qadınlar Şurasının sədr müavini


XƏBƏR LENTİ