Azərbaycan və Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir

934 17-06-2021, 10:47 cemiyyet / bolge

Azərbaycan və Türkiyənin əməkdaşlıq əlaqələri  unikal müttəfiqlik nümunəsidir

Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir.
İki ölkə arasındakı münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Böyük siyasi xadim hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu 1992-ci ildə Türkiyə rəhbərliyi ilə birlikdə Qars müqaviləsini yenidən imzalamış, blokada şəraitində yaşayan qədim diyarın qardaş ölkə ilə 11 kilometrlik hissəsində, Araz çayı üzərində “Ümid” körpüsü adlandırılan keçid məntəqəsinin istifadəyə verilməsini təmin etmişdi. İki qardaş ölkəni bir-birinə bağlayan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsində ulu öndər Heydər Əliyevin misilsiz əməyi olmuşdur. Prezident İlham Əliyev də ümummilli liderin müəyyənləşdirdiyi bu strateji hədəflər istiqamətində önəmli addımlar atmışdır. Məhz belə misilsiz fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycan ilə Türkiyə Avrasiya kontinentinin Cənubi Qafqaz və Qara dəniz kimi strateji əhəmiyyətli regionlarının geoiqtisadi mənzərəsinin müsbətə doğru dəyişdirilməsinə nail olmaqla yanaşı, Qərbin enerji təhlükəsizliyinin güclənməsinə də mühüm dəstək vermişlər. Belə ki, tərəflər arasında diplomatik münasibətlərin yaradılmasından indiyədək keçirilən görüşlər, aparılan müzakirələrdən sonra ölkələrimiz, regionumuz və hətta ümumilikdə, Avropa və dünya üçün mühüm əhəmiyyət kəsb edən sənədlər imzalanmışdır.
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".
Genetik bağlılıqları olan xalqlar, ortaq tarixi olan dövlətlər yetərincədir, ancaq Azərbaycan və Türkiyə qədər bağlı dövlətlər yoxdur. Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türk şəhidlərimiz uyuyur. Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürk “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir” söylərkən, bu ifadədə qardaş bağlılığını hiss edə bilərik.
Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi, hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.
2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu isə regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə birliyinin rəhbərliyi altında davam edəcək yeni regional əməkdaşlığın başlanğıcı deməkdir.

Reyhanə Axundova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


XƏBƏR LENTİ