TƏLƏBƏ KREDİTİ KİMLƏRƏ VERİLƏCƏK? - Tələbələr krediti hansı formada ödəyəcək?

728 18-06-2021, 13:02 cemiyyet

TƏLƏBƏ KREDİTİ KİMLƏRƏ VERİLƏCƏK? - Tələbələr krediti hansı formada ödəyəcək?“Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə növbəti tədris ilindən tələbə kreditləri daha çox tələbənin ali təhsil almaq imkanı əldə etməsinə və təhsil alan tələbələrin təhsil haqqını ödəyə bilməsinə şərait yaradacaq”.

Bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, kredit kommersiya xidməti daşımır: “Bu, dövlətin vətəndaşlarının təhsil alması baxımından vacibdir. Kreditlər tələbələrə deyil, ali təhsil müəssisələrinə veriləcək. Tələbələr kreditləri 20 il ərzində hissə-hissə ödəyəcək. Həmin müddət ərzində bu və ya digər səbəbdən hərbi xidmətdə olanda, işləməyəndə maliyyə vəsaiti geri qaytarmaq imkanı olmayanda onlara möhlət hüququ da veriləcək”.

Nazir qeyd edib ki, kredit verilən zaman dövlət və özəl universitetlərdə təhsil alan tələbələr arasında fərq olmayacaq: “Bakalavr, magistr, doktorantura və peşə təhsili alan hər kəs fonda müraciət edə bilər”.

“Tələbənin təhsil aldığı müəssisə lisenziya ilə fəaliyyət göstərirsə, kredit onun müraciətinə əsasən veriləcək” - deyə, təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə kredit tələbə ixtisası daşıyan orta ixtisas, yüksək peşə ixtisası, bakalavr və magistr tələbələrinə veriləcək: “Buna Himayəçilər Şurası qərar verəcək. Bu kateqoriyadan olan tələbələr 90 faizdir və demək olar ki, hamısını əhatə edəcək”.

“Tələbələr işləyəndən sonra kreditləri qaytarmalıdır ki, digər tələbələr də bundan yararlana bilsin. Tələbə kreditləri dövlətin mənfəət əldə etdiyi kreditlər deyil. Qaytarılması ilə bağlı nəzarət mexanizmləri olacaq”, - deyə nazir əlavə edib.

“Azərbaycanda təhsil haqları 900-7000 manata qədər dəyişir” - deyə, nazir Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, peşə ixtisaslarında bu rəqəm bir qədər aşağı ola bilər: “Məqsəd daha çox tələbəni keyfiyyətli təhsilə cəlb etməkdir”.

E.Əmrullayev “Maarifçi” kredit fondunun pilot layihə olduğunu qeyd edib: “Burada da mahiyyət eyni idi, amma fondun mexanizmi belə idi ki, kredit ali təhsil müəssisələrinin hesabına verilirdi. Orada təhsil alan tələbələr də az idi və bir neçə yüz nəfəri əhatə edirdi. “Maarifçi” kredit fondu bir müddət fəaliyyət göstərəcək, çünki tələbələr verilən kreditləri qaytarmalıdır”.

“Azərbaycanda ali məktəblərdə təhsil alan tələbələrdən beş faizi oxuduğu universiteti bitirmir”- deyə təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, tələbələrin ali məktəbi bitirməməklərinin səbəbi onların ailə qurulması, sağlamlığı, davranışı və iş tapmasıdır: “Azərbaycanda təhsil alan tələbələrin 95 faizi ali məktəbi bitirir. Başqa ölkələrdə 30-40 faiz tələbə ali məktəbə bitirmir və bu, əsasən onların imtahanları verə bilməməsi ilə əlaqədardır”.

Nazir qeyd edib ki, kreditlər tibb sahəsində və rezidenturada təhsil alanları hələlik əhatə etmir: “Amma bu Himayəçilər Şurasında müzakirə edilməlidir və gələcəkdə əhatə dairəsi genişlənmə bilər”.

XƏBƏR LENTİ