Tarixlə döyüşənlər – İqbal Ağazadə yazır

1 230 19-06-2021, 21:10 siyaset

Tarixlə döyüşənlər – İqbal Ağazadə yazırAzərbaycan siyasətində çox pis ənənə yaranıb – inkarçılıq…

Milli dövlətçiliyimizin banisi Rəsulzadə inkar edilir, yeni dövr müstəqillik hərəkatının lideri Elçibəyin fəaliyyəti danılır.

Adlarını çəkmək yasaq edilməklə yanaşı, onlara şər-böhtan atılır, az qala milli satqınçılıqda ittiham edilirlər.

Azərbaycan Xalq Cümhuriyyətini qurmuş böyük adamlar bu gün əsassız və ədalətsiz olaraq təftiş edilir, iqtidar mənsubları onların sanki tarixdən silinməkləri üçün dəridən-qabıqdan çıxırlar.


Bu düşüncə ilə biz Şah İsmayıl Xətaini də qrup liderinə çevirmişik, Nadir Şah Əfşarı da, Ağa Məhəmməd Şah Qacarı da… Biz Babəkin mübarizəsinə də hələ xalq kimi yekdil mövqedən yanaşa bilmirik, birimiz qəhrəman, birimiz xain hesab edirik…

Bəs bütün bunların suçu yalnız mövcud iqtidardadırmı?

Müstəqil dövlətçilik ənənəmiz olmadığı üçün belədir – dövlət və dövlət adamı fəlsəfəsini hələ də mənimsəyə bilməmişik.

Bizdən – ailəmizdən, tayfamızdan, kəndimizdən, bölgəmizdən, müasir dillə desək, partiyamızdan olmayanları özümüzünkü bilməmişik. Bizdən olmayanları daha pis göstərmək üçün böyük təhqirləri, iri cinayətləri onların adına yazmışıq. Vətən xaini, millət düşməni, dövlətə qarşı çıxanlar, milli satqınlar adlandırmaqdan çəkinməmişik.

Niyə?

Çünki DÖVLƏTLƏŞƏ, MİLLƏTLƏŞƏ bilməmişik, qrup, tayfa, kənd, mağara təfəkküründən uzaqlaşmağı bacarmamışıq…

Heç kim imkan vermək istəmir ki, onu tarix və tarixçilər qiymətləndirsin.

Hamı, necə deyərlər, göbəyini özü kəsmək istəyir. Çünki tarixin qiyməti gerçək və amansız olur…

Keçək mətləbə.

Türkiyə Prezidenti, hörmətli Rəcəb Tayyib Ərdoğan bu günlərdə Şuşa şəhərinə tarixi bir səfər edərək, Azərbaycan Prezidenti, hörmətli İlham Əliyevlə birgə Şuşa Bəyannaməsini imzaladı.

Bu bəyannaməni dəstəkləyən siyasi partiyalar da birgə bəyanatla çıxış etdilər.

Və proses başladı…

Bir neçə partiya və ictimai fəal dərhal müxalifət sərhədi çəkməyə başladılar.

Əsla narahat deyiləm. Zatən o adamların sözü və mövqeyi cəmiyyət üçün əsas olsaydı, sıralarını genişləndirər və ya mənim çıxışlarımın tamaşaçı auditoriyasına bərabər seyrçi toplayar, ya da seçkilərdə apardığım kampaniyanın heç olmasa bir azını təkrarlaya bilərdilər.

Bəs niyə bu məqaləni yazmağa zərurət duydum?

Çünki o insanlara da həqiqətləri və gerçəkləri çatdıracaq biri olmalıdır. Həm də siyasətin, demokratiyanın, müxalifətçiliyin, prinsiplərin nə olduğunu nəhayətdə kimsə onlara da izah etməlidir.

Deyəsən bu missiya da bizim üzərimizə düşür.

Yazıda mərhum prezident Heydər Əliyev haqda “ümummilli lider” ifadəsinin işlənməsi bu partiya və şəxsləri bizim haqqımızda rəy formalaşdırmağa sövq edibmiş…

1993-cü ilin elə bu günlərində rəhmətlik H. Əliyevi Naxçıvandan Bakıya israrla çağırıb, dövləti ona etibar edən sizlərsiniz, bəylər, mən və ya Ümid Partiyası yox!

Dediyiniz və ya yazdığınız kimidirsə, H. Əliyevi niyə dəvət edirdiniz?

Niyə sıralarınızdan birinə hakimiyyəti ötürmürdünüz?

Niyə sizinlə hərəkat yoldaşı olmuşlardan birini iqtidar etmirdiniz?

Nədən istefanızı tələb edən tərəflə ortaq məxrəcə gəlib, növbədənkənar seçkiyə getmirdiniz?

Niyə məhz Heydər Əliyev???

Demək, siz də anlayırdınız ki, Azərbaycanı Surət Hüseynovdan, Etibar Məmmədovdan, Rəsul Quliyevdən, Rəhim Qazıyevdən, hətta öz komanda yoldaşlarınızdan daha yaxşı Heydər Əliyev idarə edə bilər.

Yox, belə düşünmürdünüzsə, onda bu xalqla qəsd-qərəziniz nə idi?

Məntiq onu deyir ki, sizlər də H. Əliyevi dəvət etməyi bu çətin durumda yeganə xilas yolu bilmisiniz!

Alternativlər varkən – Etibar Məmmədovla hakimiyyəti bölmək, Surət Hüseynovun ilk dönəmlərdə istefasını tələb etdiyi şəxsləri yola salmaqla, onu hakimiyyət ortağı etmək, Ayaz Mütəllibovu Moskvadan dəvət edərək, mühüm post vermək (çünki iddialarda Rusiya faktoru əsas yer alırdı), Rəhim Qazıyevlə dil tapıb qiyamın qarşısını almaq – nədən məhz Heydər Əliyev dəvət edildi?

Demək, ən uyğun variant, məhz sizin qənaətinizcə, mərhum Heydər Əliyev idi.

Həm də Heydər Əliyevi dəvət edənlər hansısa ictimai fəallar, müxalif siyasi partiyalar deyil, iqtidarın ən yüksək təmsilçiləri idi – Prezident, rəhmətlik Əbülfəz Elçibəy, Milli Məclisin sədri İsa Qəmbər, baş nazir Pənah Hüseyn…

Demək, Heydər Əliyev sizlərə lazım olanda xilaskar, lazım olmayanda düşməndir?

H.Əliyev sizin təbirinizcə bu xalqın düşmənidirsə, hakimiyyəti xalqın düşməninə niyə verirdiniz?

Heç 1993-cü ili demirəm, 2003-cü ildə bəziləriniz Prezident seçkilərində harda, kimin yanında idiniz?

Niyə hakimiyyətin ötürülməsinə qarşı çıxan real güclə bir yerdə yox, mövcud sistemin qorunmasına kömək edənlərlə bir cərgədə dayanırdınız?

Sizə mane olan nə idi?

Şəxsi münasibətlər, kin və qəzəbiniz, yoxsa “dövlətçilik” marağınız?

Bu suallara öz vicdanı qarşısında cavab verə bilməyənlər, keçmişi sualla dolu olanlar bizləri də keçmişlə, tarixlə döyüşməyə çağırır.

Yanlışdır dostlar, çox yanlış.

İllərdir, Azərbaycan xalqı yanlış işlə məşğul olmuş bir qrup siyasilərin əlində əsir – yesir qalıb.

Çağırıb hakimiyyət verdikləri adamı bizə düşmən kimi təqdim etdikləri bəs deyil, üstəlik, o cür düşünməyənləri də satqın elan etməyə çalışırlar.

Hörmətli bəylər, heç siyasi iddiasını demirəm, normal, rasional ağlı, məntiqi olan heç kim TARİXLƏ VURUŞMAZ.

Yetər tarixlə vuruşduğunuz.

Nə qədər gerçək siyasətlə, real hədəflərlə, qapımızın önündəki problemlərlə deyil, tarixlə uğraşacaqsınız?

Nə qədər gələcəklə deyil, keçmişlə əlləşəcəksiniz?

Nə qədər diri rəqiblərlə deyil, dünyasını dəyişmişlərlə vuruşacaqsınız?

H.Əliyev tarixdir. Biri ona “ümummilli lider”, biri “eks-prezident” deyəcək. Bu nəyi dəyişir ki?

Elçibəyə xalq hərəkatının lideri deyib-deməmək nəyi dəyişir ki?

Almanlar Bismarkla, heç korrupsiyada ittiham olunan Helmut Kolla mübarizə aparmır axı…

Rusiyada da nə Pyotrla, nə Yekaterina ilə, nə Qorbaçovla, heç Yeltsinlə də mübarizə aparan yoxdur.

Biz hələ Şah İsmayılla, Rəsulzadə ilə, Elçibəylə, Əliyevlə döyüşürük – iqtidarlı, müxalifətli…

Yetməzmi?!

Haşiyə

Bir gün qonşu bir atadan soruşur:

– Övladların səni necə sevir?

Ata cavab verir:

– Övladlarım məni Allah kimi sevirlər.

Qonşu təəccüblə “necə Allah kimi sevirlər”?

Ata deyir:

-Allahın dediklərini bəndələr etmədikləri, qoyduğu qaydalara uymadıqları kimi, övladlarım da dediklərimi eşitmirlər, etmirlər. Lakin hər kəs çətinə düşəndə Allaha üz tutduğu kimi, uşaqlarım da yalnız çətinə düşəndə məni yada salırlar.

Sizlər də iqtidarı bu hekayədəki kimi sevirsiniz – yalnız çətinə düşəndə…

Sizlər də 1993-cü ildə çətinə düşəndə Heydər Əliyevi yada saldınız. Çətinlik bitdi, düşmənçilik başladı?

Yetər Rəsulzadəni, Elçibəyi, Heydər Əliyevi və ya bir başqasını düşmən kimi qiymətləndirdiniz. Mənim üçün onlar (Rəsulzadə və silahdaşlarının yeri, təbii ki, başqadır) bu ölkənin 30 illik müstəqillik tarixində xidmətləri olan prezidentlərdir.

Təbii, Elçibəy və Heydər Əliyev ayrı-ayrı meyarlarla qiymətləndirilməlidirlər. Elçibəy müstəqilliyin əldə olunmasındakı xidmətlərinə, H.Əliyev isə dövlət quruculuğundakı roluna və yerinə görə…

Hər cür müqayisə qüsurludur. Ona görə bu insanları bir-biri ilə müqayisə etməkdənsə, onlara hörmət və sayğı ilə yanaşmaq lazımdır.

Çıxışlarımın birində demişdim ki, tarix imkan versə, böyük Məhəmməd Əmin bəyin nəşini Azərbaycana gətirib, Rəsulzadə-Elçibəy-Əliyev anıt qəbirini tikdirər, buranı xalqın ziyarət yerinə çevirərdim.

Hər kəsin tarixdəki yeri və rolu, fəaliyyəti kimlərisə qane etməyə bilər, lakin Azərbaycan adında bunların hər birinin müstəsna rolu var. Kimin nə və necə deməyindən asılı olmayaraq, kimsə bu şəxsiyyətləri Azərbaycan tarixindən silə bilməz və buna cəhd ən böyük siyasi səbatsızlıqdır.

Buna cəhd edənlərin əksəriyyəti unudur ki, “öndərim” dedikləri Ə.Elçibəy ən çətin anda dövlətin sükanını onların heç birinə yox, məhz H.Əliyevə əmanət etmişdi.

Ya Ə.Elçibəyin seçiminə hörmət edin, ya da H.Əliyevin fəaliyyətinə. Yox, heç birinə hörmət etmirsinizsə, bu, artıq sizin qüsurunuzdur.

Mən sizin qüsurunuza sayğı duymağa borclu deyiləm.

Çox təəssüf ki, iqtidar və müxalifət eyni təfəkkür və düşüncədədir. İqtidar Rəsulzadə və Elçibəyə necə münasibət bəsləyirsə, müxalifətin köhnə qvardiyası da H.Əliyevə eyni cür yanaşır.

Bir gün biri Heydər Əliyevə, sabah biri Rəsulzadəyə, o biri gün də başqa birisi Elçibəyə Ulu Öndər deyəcək, yazacaq. Belə çıxır ki, biz yalnız bu ifadələrin yer aldığını əsas gətirib, millətin, dövlətin taleyi üçün mühüm olan hansısa bəyanatlara imza ata bilməyəcəyik? Hansısa mühüm bir anda Rəsulzadə və Elçibəyin haqqında öndər ifadəsinin yer aldığı bir sənədi hakimiyyət partiyalarına, Heydər Əliyevi öndər sayan başqa partiya mənsublarına imzalamağa göndərə bilməyəcəyik? Bu necə yanaşmadır? Belə çıxır ki, bizim cəmiyyət, xalq olaraq altından yekdilliklə imza ata biləcəyimiz heç bir sənəd yoxdur, olmayacaq?! Biz Azərbaycanı bütöv görmək istəyirik. Böyük çoxluq Rəsulzadəni, bir qrup Elçibəyi, digərləri Heydər Əliyevi özünə lider bilirsə, hər birinə hörmətlə yanaşacaq, seçimlərinə sayğı duyacağıq. Və həm də ona görə ki, demokratik düşüncə bunu tələb edir. Yox, əksini edəcəyiksə, bu, düşüncə fəlakətidir və bu fəlakət dayandırılmalıdır…

Biz fərqli cəmiyyət qurmaq istəyirik.

Mən demokratiyanın gəlişim və təşəkkül tapmasını iştirakçılığın çoxluğunda görürəm. Nə qədər çox adam haqqı müdafiə edəcəksə, seçkidə iştirak edəcəksə, prosesdə tərəf olacaqsa, demokratikləşməyə o qədər tez nail olacağıq.

Demokratiya həm də fərqli düşüncəyə hörmət etməkdir. Daha iqtidar kimi düşünmək yox. İqtidar Rəsulzadəni, Elçibəyi sevmir, siz də H.Əliyevi. Fərqiniz nədir?

Mən H.Əliyevə hörmət edirəm, məni söyürsən, müxalifətin sırasını genişləndirmək əvəzinə seyrəldirsən, fərqli düşüncəmə görə mənə satqın deyirsən.

Bu düşüncə və təfəkkürlə iqtidar olmaq istəyirsiniz? Olmasın belə iqtidar.

Sizin kimi düşünən bu iqtidarı dəyişmək üçün illərimizi xərcləmişik. Eyni düşüncəli adamların bir-birini əvəzləməsi bu dövlətə, xalqa, cəmiyyətə nə verəcək ki?

Bəyanatın məzmununu, cəmiyyətə, region dövlətlərinə, xarici auditoriyaya mesajını unudub, “ümummilli lider” sözündən narahat olmusunuzsa, təfəkkür və düşüncədə problem var demək.

Dəyişmək lazımdır. Əks təqdirdə, bu iqtidarı dəyişməyə ən böyük maneələrdən biri də sizlər olacaqsınız.

Tarixdən kimsəni silmək mümkün olmayıb. Nə kommunist rejimi, nə mövcud iqtidar Rəsulzadə və silahdaşlarını silə bilmədisə, Elçibəyi unutdurmaq mümkün olmadısa, Mütəllibov ilk prezident kimi tarixdədirsə, sizlər niyə H.Əliyevi silməyə və ya ona deyilən hər hansı bir sözə görə kiminsə üstündən xətt çəkməyə çalışırsınız ki?

İ.Əliyev belə, bütün irad və tənqidlərimizə baxmayaraq, torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad edən, özəlliklə Şuşanı geri qaytaran Ali Baş Komandan kimi tarixdə qalacaq. Bəlkə yalandır? Kimsə onu tarixdən siləcək?

Ömrünüzü və fəaliyyətinizi belə cılız hiss və düşüncələrlə çürütməyin.

Hakimiyyətin dəyişməsini istəyirsinizsə, yolu bu deyil. Əksinə, Rəsulzadəyə də, Elçibəyə də, H.Əliyevə, Mütəllibova, hətta İ.Əliyevə də sevgi ilə yanaşın. Təbii ki, sonuncu həm də hazırki hakimiyyətin rəhbəri olduğu üçün tənqidimizi də əsirgəmədən.

Dünyasını dəyişənləri ehtiramla yad edin, tariximizə və tariximizi yazanlara hörmət edin .

Hakimiyyəti dəyişmək üçün nifrət deyil, sevgiyə ehtiyac var. Azərbaycan sevgisinə.

Azərbaycan sevgisinin içində isə onun hər bir fərdinə sayğı və hörmət dayanır.

Təəssüf ki, sizlər müxalifətçiliyi bərk qışqırmaqda, nifrət və qəzəbdə, hakimiyyəti söyməkdə görürsünüz.

Və sizlər qışqırdıqca nifrət və qəzəb püskürdükcə, hakimiyyəti söydükcə bu xalq iqtidarı dəyişməkdən qorxur. Ona görə yox ki, hakimiyyətin repressiyasından çəkinir. Sadəcə, müxalifətin bu iqtidardan daha pis göründüyünün fərqində olur.

Xalq iqtidarın daha mülayim, vətəndaşları və rəqibləri ilə xoş, qanun çərçivəsində davranan, ritorikası dəyərlərə və etik normalara uyğun olan biri ilə əvəzləşməsini istəyir. Sizlər isə bu hakimiyyəti gətirməklə yanaşı, sanki qorumağa yönəlik xətt yürüdürsünüz – müxalifətin iqtidardan daha pis, eybəcər obrazını cızmaqla.

Həqiqətləri qışqırmaqla demirlər, əlinizdəki tv və digər vasitələrlə kimsəni söyməklə hakimiyyət dəyişilmir.

Demokratik qüvvə olduğunuzu iddia edib də seçkilərin faydasız olduğunu söyləyir, inqilabçı olmaq zamanında isə, zoru, gücü məqsədəçatma vasitəsi kimi qəbul etmədiyinizi deyirsiniz.

Ya demokrat olacaqsınız – fərqli fikrə dözümlü, seçkilərdə iştirak edən, xalqın səsini qorumağa çalışan, haqq və ədalətə öz mənafeyinizdən baxmayan biri, ya da inqilabçı – bu hakimiyyətlə seçki olmayacaq deyib də xalqı meydanlara səsləyən, inqilab etməyə çağıran birisi…

Və sonda…

Rəsulzadə, Elçibəy, Əliyev bu xalqın tarixində kimsənin silə bilməyəcəyi rola və yerə sahibdirlər.

Proseslərə və tarixi şəxsiyyətlərə öz pəncərənizdən deyil, reallıqlardan baxmağı öyrənin, hörmətli iqtidar mənsubları və onun köhnə müxalifət qvardiyası…

P.S. Mən də H.Əliyevi hakimiyyətdə olarkən tənqid etmişəm. Bu gün də olsaydı, yenə tənqid edərdim. Lakin dünyasını dəyişmiş, Azərbaycan qarşısında xidmətləri olmuş, vətəndaşlarımızın bəlli bir hissəsinin də sayğı və hörmətlə yad etdiyi tarixi şəxsiyyət üzərindən siyasət yürütməyə çalışmayın.

Bu hakimiyyəti mütləq dəyişəcəyik, lakin qəzəb və nifrətlə deyil, sevgi ilə.

Tarixdən kimsəni silməklə yox, hamını tarixin bir parçasına çevirərək…

Ümid hakimiyyəti dönəmində anıt qəbrimiz olacaq – hamının ziyarətinə getdiyi, bölünməyən, Azərbaycanı bütövləşdirən bir anıt qəbir…

İndi isə hamıya nümunə olsun deyə otağımda böyük Rəsulzadə ilə yanaşı, 30 illik müstəqillik dönəmində Prezident olmuş Mütəllibovun, Elçibəyin, H.Əliyevin şəkillərini qoyacağam. Yeni nəsli fərqli tərbiyə etmək üçün. Yeniliklər və yaxşı ideyalar basqı ilə qarşılanır. Qoy ilk zərbəni də biz alaq. Lakin unutmayın, mərhum Elçibəy də H.Əliyevin portretini öz başı üzərindən asmışdı. Bəlkə o zaman bunu mən də fərqli anlamışdım. Amma əslində məsələ tarixə və tarixi şəxsiyyətlərə sahib çıxmaq imiş.

Azərbaycanın olanlara sahib çıxaq

XƏBƏR LENTİ