“GİLAN HOLDİNQ” YENƏ “ƏRİYİR” – Daha bir iri şirkətin “Gilan” brendindən imtina etməsi nəylə bağlıdır?

610 18-08-2021, 15:05 gundem

“GİLAN HOLDİNQ” YENƏ “ƏRİYİR” – Daha bir iri şirkətin “Gilan” brendindən imtina etməsi nəylə bağlıdır?Uzun illər hazırkı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun şirkəti kimi tanınan “Gilan Holdinq” MMC ətrafında maraqlı proseslər baş verməkdədir.

“AzPolitika.info” xəbər verir ki, Azərbaycanın ən iri holdinqlərindən olan “Gilan Holdinq”in törəmə şirkətləri bir-bir “Gilan” brendindən imtina etməyə başlayıblar.

“Gilan” adından imtina edən növbəti şirkət “Gilan Dəri” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Bununla bağlı məlumat yayan “Banker.az” “Gilan Dəri” MMC-nin bundan sonra “A.C.E Dəri” MMC adlanacağını bildirir.

Qeyd edək ki, “Gilan Dəri” MMC “Gilan Holdinq”ə aid ən sanballı şirkətlərdən biri sayılır. Bu şirkət 2005-ci ildə yaradılmaqla “Gilan” brendi altında fəaliyyət göstərən bir neçə şirkətlə eyni ünvanda – Bakı şəhəri Nəsimi rayonu, Zərifə Əliyeva ev 38, m. 24 ünvanında dövlət qeydiyyatına alınıb. Amma bu ünvanda qeydiyyatda olsa da, özü əslində Yevlax rayonunda yerləşib və dəri istehsal etməklə məşğul olub. Maraqlıdır ki, şirkət hələ iyun ayında hüquqi qeydiyyat ünvanını Göyçay rayonu, Qarabaqqal kəndinə dəyişib. Hazırda şirkətin nizamnamə kapitalı 4 325 000 manatdır. Buna baxmayaraq, “Gilan Dəri” barədə məlumat hələ də ana şirkət olmuş “Gilan Holdinq”-in rəsmi səhifəsində durmaqdadır. Ancaq şirkət baş verən bu dəyişikliklə bağlı hər hansı rəsmi açıqlama verməkdən imtina edir. Belə ki, “Gilan Holdinq” hər hansısa investorla alqı-satqı müqaviləsinin olub-olmamasına dair sorğulara cavab verməyib. Lakin həm hüquqi ünvanın dəyişdirilməsi, həm də “Gilan” brendindən imtina edilməsi onu güman etməyə əsas verir ki, artıq bu müəssisənin “Gilan Holdinq”-ə aidiyyatı yoxdur...

Xatırladaq ki, sözügedən müəssisə “Gilan Holdinq”-lə “yollarını ayıran” ilk iri şirkət deyil. Bundan öncə “Gilan Constraction” MMC də “Gilan” brendindən imtina edib. Hazırda həmin şirkət “Azcore Construction” MMC kimi fəaliyyət göstərir.

Qeyd edək ki, “Gilan” şirkətinin rəsmi saytında onun 1987-ci ildə yaradıldığı göstərilir. Ölkənin ən iri şirkətlər qruplarından birinə çevrilmiş “Gilan Holdinq”-in daxilindəki şirkətlər konqlomeratı sənaye, xalq istehlak malları satışı və pərakəndə ticarət, turizm və otelçilik, nəqliyyat və logistika, tikinti və daşınmaz əmlak idarəçiliyi, inşaat materialları istehsalı, ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı sahələri üzrə qruplaşdırılıb. Lakin son zamanlar bu holdinqin bir sıra sahələr üzrə bazardakı yerini itirməyə başladığı açıq hiss olunmaqdadır. Bu səbəbdən də mətbuatda mütəmadi olaraq, şirkətin çətin duruma düşməsi, müflisləşməsi və s. barədə müxtəlif məlumatlar yayılır. Holdinqə daxil olan ən iri şirkətlərin bir-bir “Gilan” adından imtina etməsi isə bu məlumatların təsadüfi olmadığı qənaəti yaradır.

C.Məmmədov

“AzPolitika.info”

XƏBƏR LENTİ