Bakı-Moskva münasibətləri: “Bir zəng yetər ki...”

575 29-09-2021, 09:29 dunya

Bakı-Moskva münasibətləri: “Bir zəng yetər ki...”Prezident açıq şəkildə bildirdi ki, Rusiya ilə hər hansı həll ediləsi, narahatlıq doğuran məsələ olarsa, danışıb həll edə bilirlər
Azərbaycan-Rusiya əlaqələrinin hamar olmadığı haqda ictimai rəyin formalaşmasında informasiya propoqandasının da təsiri az olmayıb. Hər zaman belə fikir təlqin edilib ki, Moskva Bakını qorxudur, Azərbaycan Rusiyadan ehtiyat edir. “Yeni Müsavat” bildirir ki, uzun illər davam edən bu informasiya xəttini erməni lobbisindən qidalanan bəzi Rusiya KİV-ləri xüsusilə həyata keçiriblər. Eyni zamanda “xaricdən təsirləndikləri” şübhə doğurmayan Azərbaycandakı bəzi müxalif qüvvələr də Bakı ilə Moskva arasında münasibətlərin zaman-zaman pisləşməsi, hətta Azərbaycanın Rusiya hakimiyyətindən çəkindiyi, ehtiyatlandığı haqda iddialar irəli sürürlər.

Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti yerləşdirilməsindən sonra isə bu cür iddialar daha da güclənib. Amma Prezident İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində bu spekulyasiyalara nöqtə qoydu. Aydın oldu ki, heç də üzdə görünən kimi deyilmiş, yaxud ictimai fikrə təsir edənlərin söylədiklərində reallıq yoxuymuş.

“Rusiya - Azərbaycan münasibətləri kifayət qədər yüksək səviyyəli münasibətlərdir və biz bütün mövzuları açıq müzakirə edə bilirik. Prezidentlər səviyyəsində, müdafiə nazirləri, xarici işlər nazirləri səviyyəsində. Hər hansı tərəfi narahat edən məsələ ilə bağlı biz dərhal təmas qururuq və bu məsələləri həll edirik. Bunu deyə bilərəm ki, Rusiya-Azərbaycan münasibətlərində hər hansı təcili məsələni həll etməklə bağlı mövzu da yoxdur. Çünki bu münasibətlər kifayət qədər konstruktivdir”, - deyə dövlət başçısı vurğulayıb. Prezident bu mövzuda açıq şəkildə bildirib ki, Rusiya ilə hər hansı həll ediləsi, narahatlıq doğuran məsələ olarsa, onu necə deyərlər, bir zənglə danışıb həll edə bilirlər.

Əslində 10 noyabrdan bəri bir sıra məsələlərin danışıqlarla yoluna qoyulduğunu xatırlaya bilərik. Bu da təbiidir, istər ABŞ, istər digər dövlətlər olsun, danışıqlarla problemlər həllini tapır. Azərbaycanın isə Rusiya ilə daha çox məsələləri həll etməli olması normaldır. Əvvəla, supergüc qonşudur, digər tərəfdən, Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqda Kremlin iştirakı var, sülhməramlı qüvvələri bölgədədir. Bəs iki qonşu dövlət arasında münasibətlərin pis olduğu təsəvvürünü yaratmaq kimlərə və nə üçün lazımdır?

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyev müsahibəsində Rusiya ilə münasibətlərlə bağlı ən mükəmməl cavabı verdi. Deputatın fikrincə, Prezidentin söylədikləri Rusiya-Azərbaycan əlaqələrini mənfi qiymətləndirənlərə tutarlı cavabdır. A.Mirzəzadə hesab edir ki, müəyyən dairələr Bakı-Moskva münasibətlərinin pisləşməsini istəyir: “Hətta buna cəhdlər edirlər. Ancaq iki ölkə arasında yüksək səviyyədə olan münasibətləri korlamaq mümkün deyil. Cənab Prezident müsahibəsində bir daha qeyd etdi ki, bütün məsələlər danışıqlarla həllini tapır. Ümumiyyətlə, prezidentlərin şəxsi əlaqələri yüksək səviyyədədir və hansısa qüvvələrin ictimai rəyə təsir cəhdləri əbəsdir. Bu qüvvələrin bir qismi xariclə işləyir, eyni zamanda Rusiya mətbuatında, ictimai dairələrində uydurma fikir yaratmağa çalışanlar var. Burada məqsəd regionda vəziyyəti gərginləşdirməkdir, Azərbaycanı problemlər içərisində ümidsiz qoymaqdır”.
Bakı-Moskva münasibətləri: “Bir zəng yetər ki...”
Aydın Mirzəzadə: “Müəyyən dairələr münasibətlərin pisləşməsini istəyir”

Deputat qeyd etdi ki, Azərbaycanın qonşuları ilə yaxşı münasibətlər qurması müəyyən dairələrin marağında deyil: “Azərbaycan coğrafi mövqeyindən irəli gələrək qonşuları ilə yüksək münasibətlər qurmağa çalışır. Hətta torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı cinayətlər törətmiş Ermənistanla ərazilərimizin azad edilməsindən sonra yaxşı qonşuluq münasibətləri qurmaq təklifi irəli sürürük, amma tarixi unutmadan... Elə sentyabrın 27-də cənab Prezidentin və vitse-prezidentin öndərliyi ilə keçirilən Anım yürüşü göstərdi ki, Azərbaycan heç bir suveren hüquqlarını güzəştə getməyəcək, tarixi unutmayacaq. Biz gələcəyi başqa cür qura bilmərik”.

A.Mirzəzadənin sözlərinə görə, Azərbaycan Rusiya ilə əlaqələri müxtəlif sahələr üzrə daha da inkişaf etdirəcək: “Prezident buna ən mükəmməl cavabı müsahibədə verdi. Rusiya ən yaxın qonşudur, orada əmək bazarı var, istehsal etdiyimiz məhsulların əsas hissəsi Rusiya bazarına çıxır, bu ölkədə soydaşlarımız var. Bu əlaqələrin korlanmasını istəyənlər canlı əlaqələrin kəsilməsinə səbəb olurlar, məhsulların Rusiya bazarına çıxmasına problem yaradırlar. Ümumən, Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi regionda gərginliyə səbəb ola bilər”.

Deputatn fikrincə, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi erməni diasporasını razı salmır: “Vaxtaşırı Ermənistanda Türkiyə və Azərbaycanla əlaqələri bərpa etmək çağırışları eşidilir. Düzdür, bu təşəbbüslər az-azdır. Amma bu fikirlər səslənir. Xaricdəki erməni diasporları, halbuki heç vaxt Ermənistanda olmayıblar, bax onlar sülh müqaviləsinin bağlanmasına qarşı gedirlər. Ancaq bunlar əbəsdir. Azərbaycanın sülhpərvər təşəbbüsləri, regionun sabitliyi üçün atdığı addımlar bölgənin necə olacağını müəyyən edir. Azərbaycanın xaricdən təsirlənən bəzi müxalifət qüvvələrinin isə bu cəhdləri nəticə verməyəcək”.
Bakı-Moskva münasibətləri: “Bir zəng yetər ki...”
Azad Məsiyev

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev “Yeni Müsavat”a dedi ki, Rusiya-Azərbaycan arasında dostluq münasibətləri yüksək səviyyədədir: “Bunu 44 günlük müharibə bir daha təsdiqlədi. Rusiya müharibəyə qarışmadı, Ermənistanın çağırışlarına baxmayaraq, Putin döyüşlərin Azərbaycan ərazisində getdiyini açıqladı. Sadəcə, bəzi Qərb dairələrində bu əlaqələrimizə görə qısqanclıq var. Həmçinin Rusiyada erməni lobbisinin təsiri altında olan bəzi ictimai-siyasi şəxslər, media orqanları var. Bu da iki ölkə əlaqələrini korlamağa hesablanıb. Qərbyönümlü və ABŞ tərəfdarı olan qüvvələr də Bakı-Moskva əlaqələrinin pisləşməsini istəyir. Ona görə bu cür fikirlər Qərbdən Azərbaycana ”ixrac" olunur. Bizim iqtisadi və siyasi baxımdan Rusiya ilə əlaqələrimizin güclənməsi çox vacibdir. Prezident də açıq şəkildə mövqeyini bəyan etdi. Məncə, bundan sonra gizli bir nüans qalmadı".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

XƏBƏR LENTİ