Paşinyan Putindən nə istəyəcək? - ŞƏRH

479 11-10-2021, 12:05 dunya

Paşinyan Putindən nə istəyəcək? - ŞƏRHİkinci Qarabağ müharibəsini sonlandıran 10 noyabr bəyanatının imzalanması tarixinə cəmi bir ay qalıb. Bəyanatın bəndləri Ermənistan tərəfdən yerinə yetirilmir, Qarabağdakı erməni separatçıları tərksilah olunmayıb, rusiyalı hərbçilərin Laçın dəhlizində qurduqları postlar müəammalı yüklərin, o cümlədən başqa ölkələrin vətəndaşlarının Qarabağa daxil olmalarına seyrçidir, Zəngəzur dəhlizinin açılması da yubanır.

Bu arada, atəşkəsin pozulması hallarına da rast gəlinir.

Modern.az xəbər verir ki, Qarabağdakı hazırkı vəziyyəti şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Rusiya yeni müharibə istəmir, ancaq münaqişənin tam həlli üçün separatçıların tərksilah olunması və Zəngəzur dəhlizinin açılması üçün İrəvana təzyiq də etmir.

“Moskva Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın irəli sürdüyü “altılıq formatına” (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) dəstək versə də, yeni regional formatın təsisi üçün fəal siyasət yürütmür”.

Ermənistanın baş naziri Nikol Paşinyan 12 oktyabrda Moskvaya dəvət edilib. Kreml sahibi Vladimir Putin Paşinyana nələri izah edəcək?

“Aydındır ki, Paşinyan Putinə növbəti dəfə Azərbaycandan şikayət edəcək. Paşinyan əsir hesab etdikləri diversantların geri qaytarılmasını, Ermənistan ərazilərinə “daxil olan” Azərbaycan sərhədçilərinin geri çəkilməsini və Qarabağın statusuyla bağlı Minsk Qrupu çərçivəsində danışıqların başlanılmasını istəyəcək. Vladimir Putin prosesə Minsk Qrupu həmsədrlərinin qatılmasına etiraz etməyəcək. Putin anlayır ki, rəsmi Bakı birmənalı şəkildə Qarabağın statusunu heç kimlə müzakirə etməyəcək. Buna baxmayaraq, Kreml Vaşinqton və Paris vasitəsilə Azərbaycana və Türkiyəyə təzyiqin artırılmasına tərəfdardır. Kreml sözdə Azərbaycan və Türkiyəni tərəfdaş adlandırsa da, hər iki dövlətin Cənubi Qafqazda hərbi mövqelərinin möhkəmlənməsini istəmir”,-deyə politoloq vurğulayıb.

Ekspertin sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsində vasitəçi olmağa hazırdır.

“Kreml bununla bağlı təfklilərini həm Bakıya, həm də İrəvana göndərib. Təkilifin mahiyyəti barədə məlumat yoxdur. Putin Paşinyanla görüşdə Ermənistanın baş nazirini həmin təkliflərə razı salmağa çalışacaq. Paşinyandan sonra böyük ehtimalla Moskvaya Azərbaycan prezidenti İlham Əliyev dəvət ediləcək və onun da Kremlin təklifinə münasibəti öyrəniləcək”.

Siyasi şərhçi deyir ki, rəsmi Bakı sərhədin müəyyənləşməsi məsələsində Moskvanın vasitəçiliyini qəbulu qarşılığında Zəngəzur dəhlizinin açılması məsələsində Kremldən tutarlı addımlar tələb edə bilər.

“Münaqişənin bitməsinin bir ilində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması real deyil, çünki İrəvan hələ Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə hazır deyil. Buna baxmayaraq, iki məsələ - Zəngəzur dəhlizinin açılması və sərhədin müəyyənləşməsiylə bağlı danışıqlar başlaya bilər”.

Xeberdar.net

XƏBƏR LENTİ