"Vaşinqton Kremlin enerji silahının qarşısını alacaq" - Yeni ABŞ-Ukrayna anlaşması imzalandı

571 11-11-2021, 13:29 dunya

"Vaşinqton Kremlin enerji silahının qarşısını alacaq" - Yeni ABŞ-Ukrayna anlaşması imzalandıABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba ilə strateji tərəfdaşlıq xartiyasının yenilənmiş versiyasını imzalayıblar. Sənəd ABŞ və Ukraynanın münasibətinin ümumi dəyərlərə əsaslandığını bir daha təsdiqləyir.

Sənəddə iki ölkə arasında təhlükəsizlik və müdafiə, demokratiya və hüququn aliliyi, enerji sektoru daxil iqtisadiyyat sahələrində əməkdaşlıq nəzərdə tutulur.

Xartiyada Ukraynanın enerji təhlükəsizliyi ilə bağlı qeyd olunur ki, Birləşmiş Ştatlar Ukraynanın enerji baxımından müstəqil olmaq, iqtisadiyyatı karbonsuzlaşdırmaq, enerji sektorunu liberallaşdırmaq cəhdlərini dəstəkləmək niyyətindədir.

Birləşmiş Ştatlar bəyan edir ki, Kremlin enerjidən geosiyasi silah kimi istifadə etməsinin qarşısını alacaq. Vaşinqton həmçinin Rusiyanın silahlı təcavüzü və məkrli kiberfəaliyyətinə qarşı Ukraynanın dirənişini dəstəkləyəcəyini, bunu Rusiyaya sanksiyalar və digər tədbirlərlə edəcəyini bildirir.

Xartiya əvvəlki versiyada 2008-ci ilin dekabrında imzalanıb. Tərəflər qarşılıqlı razılıq əsasında hər 10 ildən bir, yaxud daha tez onun mətnini nəzərdən keçirməyə razılaşıblar.

Kuleba Birləşmiş Ştatların dəstəyinin əhəmiyyətini qeyd edərək Ukraynanın müdafiə sahəsində hər hansı potensial əməkdaşlıqdan faydalanacağını deyib.

“Elə bir vəziyyətdəyik ki, vaxt itirə bilmərik, bu sahədə Birləşmiş Ştatlarla işləməyi səbirsizliklə gözləyirik”, – o deyib.

Blinken isə Ukrayna sərhədindən 260 km şimalda, Belarusla sərhəd yaxınlığında Rusiya hərbi qüvvələrinin böyük həcmdə cəmləşməsindən narahatlıq bildirib. Dövlət katibi Rusiyanı 2014-cü ildə Ukraynadakı hərəkətlərini təkrarlarsa, ciddi səhv edəcəyi ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, Vaşinqton Ukrayna sərhədi yaxınlığında Rusiyanın qeydi-adi hərbi fəaliyyətindən narahatdır. “Hər hansı qızışdırıcı, yaxud təcavüzkar hərəkət Birləşmiş Ştatları ciddi narahat edər”, – o vurğulayıb.

Ukrayna Müdafiə Nazirliyinin ötən həftə bildirməsinə görə, hərbi təlimlərin bitməsinə baxmayaraq həmin yerlərdə 90 minədək hərbçi qalıb. Blinken Vaşinqtonun Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bildirib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan davam edən münaqişədə 13 mindən çox insan həlak olub. (azadliq.org)

XƏBƏR LENTİ