Azərbaycan - İran münasibətləri: hər şey əvvəlki kimi olacaqmı?

517 1-12-2021, 10:43 dunya

Azərbaycan - İran münasibətləri: hər şey əvvəlki kimi olacaqmı?Liderlərin Aşqabad görüşü pozitiv düşünmək üçün imkanlar yaradır, ancaq suları bulandırmaq istəyənlərin mövcudluğunu da unutmamalıyıq; Fazil Mustafa: “Əsas gərginliklər tam arxada qaldı, artıq irəliyə baxmaq lazımdır, bir çayın suyunu paylaşan iki dövlətdən söhbət gedir”

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında baş tutan görüş iki qonşu, müsəlman ölkə arasında son aylarda əsən “soyuq küləklər”in aradan qaldırılması baxımından mühüm rol oynayacaq. Hər halda, iki liderin qarşılıqlı mesajları, yekunda imzalanan saziş, həmçinin hər iki ölkənin rəsmi qurumları və şəxslərinin sərgilədiyi müsbət reaksiyalar nikbin olmağa əsaslar yaradır.

Əslində Ermənistan çox istəyirdi ki, İran və Azərbaycan arasında ixtilaflar dərinləşsin, o da bu situasiyadan yararlanıb, özünün qeyri-konstruktiv mövqeyini nümayiş etdirsin, ən azı status-kvonun saxlanması naminə, amma buna da nail ola bilmədi. İndi erməni ictimai rəyinə anti-İran ovqatı da hakim olmağa başlayıb, Aşqabad görüşündən sonra bunu müşahidə etməkdəyik. İran prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan liderinə xitabən “Sizinlə İƏT dövlət başçılarının Sammitində görüşümdən çox xoşhalam”, deməsi, həmçinin İƏT-ə üzv ölkələrin dövlət başçılarının sammitini görüş üçün “çox yaxşı bir fürsət” adlandırması, o cümlədən Azərbaycanın rəsmi şəxslərinin, həm baş nazirin müavininin, həm də xarici işlər nazirinin İranın xarici işlər nazirinin müavini ilə “çox yaxşı təmasları”nın olmasını, baş nazirin müavininin Tehrana “çox uğurlu səfəri”nin baş tutmasını söyləməsi diqqətçəkən məqamlardandır. “Mənə verilən məlumata görə, bu görüşlərdə çox müsbət müzakirələr aparılıb. Mən əminəm ki, belə əlaqələr, təmaslar, müzakirələr iki ölkənin münasibətlərinin inkişafına töhfələr verəcək. Ölkələrimiz arasında münasibətlərdə qarşıya çıxan məsələlər belə təmaslar və səfərlər çərçivəsində öz həllini tapa bilər”, cənab Rəisi əlavə edib. İranın Qarabağ məsələsi ilə bağlı mövqeyi Azərbaycanda hər zaman narahatlıq doğurub və elə Azərbaycan Prezidenti də bir neçə dəfə bu mövzuda özünün qətiyyətli, açıq və konkret mövqeyini ifadə edib. İranın işğal dönəmində Ermənistanı məmnun edən bir sıra davranışları, həmçinin 44 günlük müharibədən sonrakı mövqeyi, o cümlədən Qarabağa qanunsuz yükdaşımaların həyata keçirilməsi ilə bağlı ortaya çıxan problemlər rəsmi Bakının kəskin reaksiyasını doğurduğu üçün qonşu ölkənin lideri də məsələyə münasibətini ifadə etməli oldu. Sitat: “Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurların hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır. Biz əminik ki, Azərbaycan Respublikasının Baş nazirinin müavininin və Azərbaycan Respublikasının xarici işlər nazirinin iranlı həmkarları ilə apardıqları danışıqlar, müzakirələr ölkələrimizin münasibətlərini daha da dərinləşdirəcək, irəliyə aparacaq və əlaqələrimiz möhkəmlənəcək. Buyurun, biz Sizin xidmətinizdəyik”. Bu, münasibətlərdə yeni mərhələnin başlanacağına ümidi artırır.

Qeyd etdiyimiz kimi, görüşdə, həmçinin görüş sonrası media üçün açıqlamalarda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu bildirildi. Bundan əlavə, görüş zamanı Azərbaycanla İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulandı. Deməli, İranın Zəngəzur dəhlizinə müqavimət göstərməyəcəyinə də şübhə yeri qalmır.

Aşqabad görüşü Azərbaycan-İran münasibətlərinin istiləşməsi və bir sıra müqavilələrin imzalanması ilə yadda qaldı. Hər iki ölkənin liderləri media qarşısında olduqca mehriban münasibətlər nümayiş etdirdilər, qarşılıqlı olaraq xoş ifadələr istifadə etdilər. Sonda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən saziş” imzalandı. Sazişin imzalanmasından sonra İran mediasına müsahibə verən Prezident İlham Əliyev deyib ki, “bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək”. İlham Əliyevin sözlərinə görə, imzalanmış sənədin də çox böyük əhəmiyyəti var. “Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var”, - Azərbaycan Prezidenti vurğulayıb.

Bəs ekspertlər nə düşünür, İranla münaqişə tarixdə və arxada qaldımı? Bütün bu prosesi Ermənistanın mənafeləri baxımından dəyərləndirəndə, rəsmi İrəvanın gözlənti və siyasi kursunun fiaskoya uğradıldığını qəti şəkildə söyləmək mümkündür. Belə ki, Ermənistan onun yeganə nəfəsliyi olan İrana böyük ümidlər bəsləyirdi və iki ay öncəki vəziyyəti yada salsaq, bu ümidlərdə haqlı sayıla bilərdi. İran son günlərədək Azərbaycanın yaratdığı yeni status-kvo ilə razılaşmırdı, 3+3 formatında etiraz edir, Zəngəzur dəhlizi ideyasına görə Türkiyəni və Azərbaycanı hədələyir, əməkdaşlıq etdiyimiz Pakistanı düşmən qismində təqdim edirdi. Azərbaycanın və İranın rəsmi mediasında yer alan məlumata əsasən, görüşdə “Azərbaycanla İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub”.

“Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb”.

Düzdür, İrana bağlı bəzi media orqanlarının ritorikası indi də Azərbaycana, Türkiyəyə qarşıdır. Lakin rəsmi ritorika tam dəyişib, leksikona “qardaş”’, “dost ölkə”’, “etibarlı qonşu”’, “tarixi və dərin əlaqələr”’ ifadələri daxil olub. Belə halda, Azərbaycan özünün və qardaş Türkiyənin uğurlu diplomatik qələbəsi ilə Ermənistanı cənub istiqamətində də təkləmiş oldu. Artıq Paşinyan hökuməti ən böyük dayağını və nəfəsliyini itirmiş oldu. Bu durum onun və Ermənistan cəmiyyətinin daha konstruktiv, daha gerçəkçi olmasına təsir edəcəkmi? Azərbaycan İranla münasibətini düzəltməklə ən doğru olanımı yapdı və bu münasibətlər nə qədər səmimi və davamlı sayılır?

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, bütövlükdə siyasətdə səmimiyyət üzərindən hansısa bir problemi dərindən, doğru təhlil etmək mümkün deyil: “Siyasətdə məsələlər maraqlar üzərindən təhlil olunmalıdır. İranla da bağlı dəyişən situasiya sırf maraqların indiki vəziyyətdə uzlaşmasından ibarətdir. Yəni təkcə İranın Azərbaycanla bağlı maraqları deyil, həm də Türkiyə ilə maraqları uzlaşmaqdadır. Çünki Türkiyəyə qarşı da Qərb ölkələri tərəfindən aparılan dollar və lirə üzərindən əməliyyatlar müəyyən dərəcədə Türkiyənin zəifləməsinə xidmət edən amillərdir. İran Türkiyənin zəifləməsini özü üçün böyük bir problem görür. Ona görə ki, mövcud Türkiyə iqtidarı İrana qarşı hər hansı bir sanksiyada iştirak etməyib. Eyni zamanda Azərbaycanın da müəyyən dərəcədə İran üçün hər hansı bir şəkildə problem yaradacaq ölkə olmadığını və sanksiyalar tətbiq olunanda burada rol almadığını artıq anlayırlar. Digər tərəfdən, bölgədə kənarda qalmaqla əslində əks qütbdə duraraq, özlərinin müəyyən iqtisadi imkanlarını, həmçinin potensial imkanlarını təhlükə altına almış olurlar. Bu mənada Aşqabad sammitində əslində buzların qırılması, münasibətlərin yenilənməsi, həm Türkiyə, həm Azərbaycanla daha fərqli bir baxış bucağından müzakirələrin aparılması ondan xəbər verir ki, bölgədə artıq yeni reallıqlar bütün dövlətlər tərəfindən qəbul olunmaqdadır”. F.Mustafa qeyd etdi ki, bu reallıqlar da mütləq iqtisadi interqrasiyanı məcburi edir: “İran da əslində bu istiqamətdə özünün düşdüyü çətinliklərin müəyyən dərəcədə təhlükə riskini gözə alaraq, qonşu ölkələrlə açılıma önəm verməyə başladığını göstərir. Çünki əvvəllər qonşu ölkə olaraq əsasən Ermənistan üzərindən bəlli bir siyasətin yerinə yetirilməsini düşünürdü. Amma bu gün həm Türkiyə, həm Azərbaycan, həm də Rusiya ilə bağlı Ermənistanın problemlərinin olduğunu düşünərək, bu məsələdə Ermənistanla bir cəbhədə olmağın bu dövlətlərlə problemlər yaşamağa gətirib çıxaracağının bir neçə əyani faktını artıq gördü. Bundan sonrakı mərhələdə artıq bölgənin daha çox güc sahibi olan ölkələri ilə problemləri həll etmək yolunda yeni bir açılıma qərar verdi. Nə dərəcədə uzun sürəcək, nə dərəcədə səmimi olacaq, əslində bunu söyləmək doğru olmazdı. Burada söhbət iqtisadi maraqlardan, kommunikasiya xətlərinin açılması ilə nəfəslik əldə etməkdən gedir. Bu məsələləri ölçüb-biçəndən sonra İran siyasətçiləri də anlayırlar ki, məhz bu yolun açılması Türkiyə və Rusiyaya nə qədər faydalıdırsa, ondan qat-qat artıq İranın özünə faydalıdır. Çünki Rusiya ilə əlaqələrin qurulması, Türkiyə ilə iqtisadi əlaqələrin qurulması bu kommunikasiya xətlərindən çox asılı olacaq. Eyni zamanda Orta Asiya ilə də əlverişli əlaqə qurulması imkanı yaranır”.

Millət vəkilinin sözlərinə görə, bütün bunlar hamısı həm də o kontekstdə baş verir ki, Türk Dövlətləri Təşkilatının yaradılması müəyyən dərəcədə İranın belə bir güc mərkəzinə qarşı əks mövqedə durmasının nə qədər riskli olduğunu da ortaya qoyur: “Çünki bunlarla inteqrasiya İrana daha çox fayda verər, nəinki qarşıdurmaya getmək. Ona görə də elə Azərbaycan Prezidenti ilə İran prezidentinin görüşündə olan xoşniyyətli açıqlamalar əslində bizim tərəfimizdən xeyli məqbul qarşılanır. Çünki biz də gərginlik istəmirik. Biz də qonşu ölkələrlə mehriban, dostluq münasibətlərinin qurulmasında maraqlıyıq”. F.Mustafa hesab edir ki, əsas gərginliklər tam arxada qaldı: “Artıq irəliyə baxmaq lazımdır. Həm də məsələyə İranla bizim münasibətimizdəki bənzətmə ilə baxmaq olar. Bir çayın suyunu paylaşan iki dövlətdən söhbət gedir. Yəni su paylaşmaq xeyir paylaşmaq deməkdir. Əslində bu mənbədən siyasətimizin qurulması daha doğrudur. Eyni zamanda Türkiyə ilə İranın münasibətlərinin yaxşı mənada inkişaf etməsi bizim faydamızadır. Çünki Türkiyənin qarşılaşdığı çətinliklərdə müəyyən dərəcədə bölgədəki dövlətlərin münasibətlərinin normal məcrada olması onun da müəyyən çətinlikləri aşmasına şərait yaradacaq. Bütövlükdə düşünürəm ki, əslində İran siyasətində yeni bir açılımdan söhbət gedir. Bu, daha praqmatik açılımdır. Əslində İranda praqmatik bir liderin olması bu proseslərə yaxşı mənada təsirini göstərəcək. Azərbaycanla İran arasında yeni münasibətlər hər iki dövlətin və onun vətəndaşlarının faydasına olacaq. Çünki qarşıdurma heç kimə xeyir gətirmir. Biz? ümumiyyətlə, nəinki İranla, hətta Ermənistanla da keçmişi qapadaraq, yeni münasibətlər qurmağı təklif edirik. Halbuki Ermənistanın bizə qarşı etdiyi vəhşilikləri, insan qətliamını, soyqırımı sinəmizə çəkərək, yeni münasibətlər təklif edə biliriksə, demək, biz böyük xalqıq, böyük ideallarla yaşayan dövlətik. Ona görə də bu istiqamətdə münasibətlərin yenilənməsi, məncə, alınacaq və hər iki tərəfin, bütövlükdə bölgənin faydasına olacaq”.

Xeberdar.net

XƏBƏR LENTİ