“Ermənilərin verdiyi mina xəritələri heç də güvəniləsi deyil”

532 9-12-2021, 10:53 dunya

“Ermənilərin verdiyi mina xəritələri heç də güvəniləsi deyil”Bu günlərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri işğaldan azad olunan Ağdam, Tərtər, Suqovuşan, Talış istiqamətinə səfər edərək davam edən minatəmizləmə əməliyyatları ilə yaxından tanış olublar. Səfərdə İctimai Şuranın sədri Umud Mirzəyev, katib Hafiz Səfixanov, üzvlər Rey Kərimoğlu, Şahin İbrahimov və Məmmədhəsən Həsənov iştirak ediblər.

Rey Kərimoğlu ərazilərdə aparılan minaaxtarma prosesi ilə bağlı gördüklərini, təəssüratlarını Moderator.az-a bölüşüb.

“İki gün ANAMA-nın İctimai Şurasının üzvü olaraq Ağdamda, Suqovuşan, Talış istiqamətində minatəmizləmə aksiyasını, prosesini müşahidə etdik. Həmçinin səfərimiz zamanı orada minatəmizləyənlər, mina axtaranlar ilə görüşdük, fərdi söhbətlər apardıq, onlara suallar verdik, həm də onları dinlədik. Deyim ki, onların da bir sıra sosial problemləri, qayğıları var.
Səfər zamanı gördüklərimiz ilə bağlı İctimai Şuranın rəhbərliyi həm ANAMA-nın rəhbərliyinə, həm də müvafiq qurumlara hesabat hazırlayacaq.

Ümumi olaraq deyə bilərəm ki, əraziləri minadan təmizləmə prosesi uzun çəkən, çox çətin proses, mürəkkəb işdir. Buna baxmayaraq necə ki, bu cür soyuq havada əsgərlərimiz dövlətimizin, sərhədlərimizin keşiyində durur, eləcə də minatəmizləyənlər o cür qəhrəmancasına “gizli düşmən”ə qarşı mübarizə aparır, çox böyük işlər görürlər. Onların zəhmətinin dəyəri yoxdur. Bunu pulla və yaxud digər yolla kompensasiya etmək olmur. Çünki onların hər anı bir riskdir. Belə bir məsəl var, “minaaxtaranlar bir dəfə səhv edir, o da son deməkdir”. Ona görə də onların işləri çox ağır, mürəkkəbdir.

Bildiyiniz kimi minatəmizləmə məsələsi Prezidentimizin daima diqqətində olan, Azərbaycan dövlətinin işğaldan azad olunmuş Qarabağında ən proletit məsələdir, Düşünürəm ki, hələ işlər tamamlandı, qurtardı demək tezdir. Yəni, görüləcək işlər çoxdur”.

Rey Kərimoğlu ermənilərin verdiyi minaxəritələrindən də danışıb:

“Ermənilərin verdiyi xəritələrə güvənmək olmaz. İkinci bir tərəfdən, onların verdikləri xəritələr elə uzaqdan görünən ərazilərdir. Onsuz da Ağdamda, Füzulidə, Suqovuşanda, həmin istiqamətlərdə hərəkət edəndə o minalar görünür. Düşünmürəm ki, erməninin verdiyi xəritələr ərazilərin minalardan təmizlənməsi prosesinin tezləşdirilməsinə köməklik edə bilər. Çünki o xəritələr güvəniləsi deyil”.

Xeberdar.net

XƏBƏR LENTİ