ABŞ 500 diplomat saxladığı Ermənistanda güclənmək istəyir

438 15-12-2021, 11:27 dunya

ABŞ 500 diplomat saxladığı Ermənistanda güclənmək istəyirMüəmmalı laboratoriya, yeni dəstək paketi...
Günlərdir ki, ciddi tənqidlərə məruz qalan “Demokratiya sammiti”ndən sonra Vaşinqton yeni planlarını açıqlayıb. ABŞ dövlət katibinin müavini Uzr Zeyanın sözlərinə görə, bu həftə “Fəaliyyət ili” başlayır, bu, isə sammitdə deyilənlər “həyata keçirmək üçün imkandır”. “2022-ci il intensiv iş ili olacaq. Biz sammitdə götürülən öhdəliklərin yerinə yetirilməsi üçün hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor və xeyriyyə birliklərindən əlaqədar şəxslərlə tərəfdaşlıq şəraitində işləyəcəyik”, - o bildirib.

“Fəaliyyət ili”ndə islahatlara dəstəyin artırılması və sammit iştirakçıları arasında məqsədyönlü dialoq aparılacaq. Rusiyanın maraqlarının birbaşa əleyhinə olaraq Ermənistanı sammitə dəvət edən ABŞ Ermənistanda hərbi cəhətdən də möhkəmlənməyə hazırlaşır. ABŞ Silahlı Qüvvələrinin Mühəndislər Korpusunun bəyanatında bu xüsusda qeyd olunur ki, ABŞ Gürcüstan və Ermənistanda müdafiə fəaliyyətini dəstəkləmək üçün yeni obyektlərin tikintisinə vəsaitin ayrılmasını istisna etmir.

Məlumata görə, Vaşinqton ABŞ-ın müdafiə fəaliyyətinə dəstək məqsədilə Ermənistanda yeni obyektlərin layihələndirilməsi və tikintisində, eləcə də köhnə obyektlərin bərpası və təmirində iştirak etməyə hazır olan şirkətlərlə iki ayrı müqavilə bağlamaq niyyətindədir. Bundan başqa, ABŞ-ın sözügedən işlərdə iştirak edən şirkətlərə 45 milyon dollar ayırmaq planının olduğu bildirilib.

Yada salaq ki, Ermənistanda ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirildiyi bildirilən biolaboratoriyalar mövcuddur. Rusiya dövləti bu laboratoriyaların mövcudluğundan narazılığını bildirsə də, Ermənistan hər hansı tədbir görmür. Rusiyanı narahat edən fakt Ermənistanda bu tipli laboratoriyaların Pentaqonun proqramları ilə maliyyələşdirilməsidir.

Məlumdur ki, ABŞ-ın İrəvan səfirliyi dünya üzrə ikinci ən böyük diplomatik müəssisəsidir və burada 500-dən çox əməkdaş işləyir. Rus mediası bu xüsusda ona diqqət çəkir ki, MDB məkanının ən yoxsul respublikalarından biri olan Ermənistanda iqtisadi marağı olmayan və ən yaxın perspektivdə də belə bir marağı olacağı gözlənilməyən Amerika təsəvvürəgəlməz dərəcədə bir bina inşa edib. Vaşinqtondakı məlumatlı şəxslərdən başqa içəridə nə baş verdiyini heç kim bilmir. Rusiyalı politoloq Sergey Markov isə qeyd edir ki, bunların fonunda ABŞ-ın demokratiya sammitinə yalnız Ermənistanın dəvət edilməsi də təsadüfi deyil: “Demokratiya sammiti daha çox demokratik dövlətlərin deyil, ABŞ-a tabe olan və Vaşinqtonun göstərişlərinə əməl edən dövlətlərin toplantısıdır. Ermənistan üçün bu sammitdə iştirak vacib idi. Belə ki, İrəvan Rusiyanı ABŞ-a dəyişmək istəyir. Ermənistanın iştirak etdiyi forumda demokratiya çağırışlarına heç kim inanmayacaq”.

Bəs ABŞ Ermənistana niyə belə önəm verir, niyə hətta hərbi cəhətdən də orada möhkəmlənmək istəyir, məqsəd yalnız Rusiyanın forpostu olan Ermənistanı asılılıqdan qurtarmaqdırmı, yoxsa İrəvanla Vaşinqtonu bağlayan gizli səbəblər var?
ABŞ 500 diplomat saxladığı Ermənistanda güclənmək istəyir
Elşən Mustafayev

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayevin bu məsələ ilə bağlı şərhi genişdir: “ABŞ-ın Cənubi Qafqazda strateji maraqları hər zaman üst planda olub. Əslində SSRİ dağılandan sonra bu maraqların içində ilk yerdə Azərbaycan gəlirdi. Təbii ki, bu, Azərbaycanın malik olduğu karbohidrogen ehtiyatlarına, enerji daşıyıcılarına olan maraqlardan qaynaqlanırdı. 1994-də imzalanmış ”Əsrin kontraktı"ndan sonra Azərbaycan və ABŞ arasında yeni dövr başladı. Sonrakı etap Gürcüstanda Saakaşvili dönəmi ilə davam etdirildi. Bütün bu illər ərzində ABŞ Ermənistanla hər hansı ciddi işlər görməyə nail ola bilmirdi. Çünki Rusiya siyasi və iqtisadi baxımdan Ermənistanda çox bərkimişdi və onu durduğu yerindən sürüşdürmək çətin idi. Məhz o səbəbdən idi ki, Serj Sərkisyan dönəmində Ermənistanda postsovet məkanında ən böyük səfirliyin yaradılmasına başlanıldı. Yeri gəmişkən, Sərkisyan hakimiyyətdə olduğu dövrdə həm Rusiya, həm də Qərb arasında var-gəl edirdi. Bunu balanslı siyasət kimi qələmə verməyə çalışsa da çox bərbad və primitiv siyasət idi və bu siyasətinin də qurbanı oldu. Paşinyanın hakimiyyətə gəlməsindən sonra fərqli situasiya yarandı və rəsmi Vaşinqton fəaliyyət dairəsini daha da genişləndirdi, siyasətini daha rahat həyata keçirməyə başladı. ABŞ-da mövcud olan, xaricdə layihələr həyata keçirən əksər iri QHT-lər, donor təşkilatları Ermənistanda mövcuddurlar. Kənardan bu, ABŞ-ın Ermənistana dəstək verməsi kimi görünsə də reallıqda tamam başqa məqsədlərə hədəflənmiş siyasəti görə bilirik. Sorosun dəstəyi ilə hakimiyyətə gəlmiş Paşinyanı ABŞ hazırkı zamanda öz kadrı hesab etdiyindən bu gün üçün regiondakı maraqlarını Ermənistanda qurduğu böyük bir mərkəz tərəfindən idarə etməyi məqbul hesab edir. Burada söhbət Ermənistanı Rusiyanın caynağından qurtarmaqdan, iqtisadi tərəfdən gücləndirməkdən, rəsmi İrəvanın qonşularına qarşı olan ərazi iddialarını həll etməkdən getmir. Eyni zamanda ikitərəfli müqavilə əsasında Ermənistanda Rusiya hərbi bazaları yerləşdiyindən hərbi cəhətdən orada nəinki güclənmək, heç yerləşmək də mümkün deyil. Amma ABŞ Avropa İttifaqından fərqli olaraq hər zaman öz çıxarlarına xidmət edir və yalnız praqmatik siyasət yürüdür. Ona lazımdırsa İraqa, Əfqanıstana girir, istədiyi vaxt, heç kimin gözləmədiyi halda oradan çıxır. Sabah gözlənilmədən Suriyadan çıxsa, təəccüb edilməməlidir. Bütün bu irəli gedib, geri çəkilmələr kənar təsirlərlə olmur".

Ekspertin bu fikirləri də xüsusi diqqət çəkir: “Hazırda ABŞ-ın Cənubi Qafqazda möhkəmlənmək istəməsi 3 dövləti öz təsir dairəsinə salması ilə bağlı deyil. Hətta istəsə belə, bu bəlkə də ən son plandadır. ABŞ ilk növbədə Rusiya və İranla bağlı hazırkı və gələcək planlarını reallaşdırmaq üçün Ermənistandan poliqon kimi istifadə etməyə çalışır. İranın Ermənistanla münasibətlərinin yaxşı olması səbəbindən bu ərazidən istifadə etməklə İranda lazım olan fəaliyyəti görə bilər. Çünki İran sərhədini keçən Azərbaycan vətəndaşlarına potensial təxribatçı, kəşfiyyatçı kimi baxsa da, Ermənistan vətəndaşlarına elə baxmır. Rusiya ilə bağlı da konkret işlər görülür və ”Demokratiya sammiti” adı altında keçirilən toplantının həm də Rusiyaya qarşı hazırlanan planın tərkib hissəsi olduğu söylənilir. Yəni ABŞ-ın Ermənistanda hazırkı həcmdə və gücdə mövcudluğu Ermənistanı qorumaq, gücləndirmək, inkişaf etdirmək üçün deyil. Digər tərəfdən, Ermənistandakı indiki siyasi situasiyaya xaricdən yanaşmalarda fərqlilik var. Məsələn, Köçəryan birmənalı Rusiyanın kadrıdır və onun təlimatı ilə işləyir. Paşinyan Sorosun dəstəyi ilə gəldiyindən ABŞ-da bəlli dairələrin ona dəstək verdiyi hamıya məlumdur. Amma Avropa İttifaqında mövcud olan nüfuzlu təşkilatların, hətta böyük dövlətlərdə olan siyasi partiyaların Paşinyan, yaxud onun partiyası ilə hər hansı əlaqələrini, əməkdaşlıqlarını, yaxud Avropa təşkilatlarında üzvlüklərini görmürəm. Əvəzində Avropa İttifaqı daxilində olan təşkilatlar, iri fondlar məmnuniyyətlə Serj Sərkisyanla, onun partiyası ilə işləyirlər. Ayrı-ayrı beynəlxalq təşkilatlara üzv olmağa lobbiçilik edirlər və s. Yəni hamı regiona öz maraq dairəsindən yanaşır və bu maraqlara xidmət edəcək siyasətçilərlə işləmək istəyir. Sonda dövlətlərin taleyinin necə olacağı onları elə də maraqlandırmır”./Moderator.az/

XƏBƏR LENTİ