Ermənistanla DƏHLİZ BARTERİ... - NƏ BAŞ VERİR?

516 16-12-2021, 10:33 dunya

Ermənistanla DƏHLİZ BARTERİ... - NƏ BAŞ VERİR?Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirilən mətbuat konfransında Zəngəzur dəhlizindən danışıb. Dövlət başçısı vurğulayıb ki, regionda kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya prezidenti, Ermənistanın baş naziri və onun tərəfindən imzalanmış üçtərəfli bəyannamədə öz əksini tapıb. Ölkə rəhbəri bəyan edib ki, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir: “Baxmayaraq ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb.

Bu, gələcək müzakirələrin mövzusudur və biz bunu bu axşam cənab Şarl Mişelin ev sahibliyi edəcəyi üçtərəfli görüşdə mütləq müzakirə edəcəyik”. Prezident qeyd edib ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır: “Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”. Politoloqlara görə, bu, Bakının strateji gedişidir. Moskva İrəvanı 10 noyabr razılaşmasını icra etməyə - Zəngəzur dəhlizinin açılmasına məcbur etməlidir. Ya da Azərbaycan Laçın dəhlizinə eyni məqsədlə post quracaq. Hər iki halda qazanan Azərbaycandır.

Xeberdar.net-in DİA.AZ -a istinadən məlumatına görə, siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə açıqlamasında vurğulayıb ki, 10 noyabr bəyanatının 6-cı maddəsinə əsasən, Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən olunacaq. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Analitik bildirib ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir, yəni şəhər dəhlizin ortasında qalır:

“Azərbaycan təklif edir ki, yeni bir dəhliz inşa edilsin. Bunun üçün üç il müddət nəzərdə tutulub. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın dəhlizi Laçın şəhərini əhatə etməyəcək. Yəni Azərbaycan bununla Rusiya sülhməramlı kontingentinin Laçın şəhərindəki məsuliyyət zonasını qapamağa və onun alternativ dəhlizə dislokasiyasına nail olmaq istəyir. Dövlət başçısı İlham Əliyevin Laçın dəhlizi ilə Zəngəzur dəhlizi arasında analogiya aparması qətiyyən Azərbaycanın Laçın dəhlizini Ermənistana iqtisadi güzəşt kimi təqdim edən fikir kimi başa düşülə bilməz. Bu, sadəcə şərtdir. Ölkə rəhbəri Ermənistanın Zəngəzur dəhlizindəki “təftişedici” missiyasını həyata keçirməsinin qarşılığında ortalığa daha güclü tələb qoyur. Yəni “Zəngəzur dəhlizi olmasa, Laçın dəhlizinə də həsrət qalacaqsınız” anlamını daşıyan bir bəyanatdır. Üstəgəl, o deməkdir ki, siz Zəngəzur koridorunda hər hansı müfəttişlik fəaliyyəti həyata keçirsəniz, bu zaman Laçın dəhlizi boyunca Azərbaycan alternativlər tətbiq edəcək”.

A.Kərimovun qənaətincə, Bakının bir neçə variantı ola bilər:

“Birincisi, Zəngəzur dəhlizində yoxlamalar olsa, Azərbaycan Laçın dəhlizində təhlükəsizlik tədbirlərini sırf hərbi modeldə həyata keçirə bilər. İkincisi, Ermənistan xoşməramlılıq nümayiş etdirərsə, yəni Laçın koridorunu danışıqlarda status səviyyəsində müzakirəyə çıxarmazsa, Azərbaycan bu dəhlizi Zəngəzur dəhlizindəki rejimə uyğunlaşdırar. Üçüncüsü isə şərtli modeldir: - “Sən nəsə etsən, mən daha artığını edəcəm”. Dövlət başçısı İlham Əliyevin bəyanatının məhək daşında dayanan mesaj bundan ibarətdir. Həm də onun əlamətidir ki, Azərbaycan Laçın dəhlizinə nəzarəti bərpa edəcək. Azərbaycan Rusiya sülhməramlı kontingentinin Laçın koridorundan çıxarılması üçün müzakirələr aparır. Bu məsələdə şifahi də olsa razılıq əldə edilib. Laçında gömrük onsuz da olacaq, çünki bura Ermənistanla sərhəddir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra gediş-gəliş də mümkün olacaq. Nəticədə Azərbaycanın Laçında gömrük və sərhəd xidməti fəaliyyətə başlayacaq”.

Xeberdar.net

XƏBƏR LENTİ