Naxçıvan apteklərində bəzi dərmanların qıtlığı yaranıb

1 248 16-12-2021, 08:48 gundem

Naxçıvan apteklərində bəzi dərmanların qıtlığı yaranıb
Bu haqda "Gündəlik Naxçıvan"a bir qrup aptek işçisi məlumat verib. Onların dediyini görə, bu qıtlıq süni yaradılıb və qiymətlərin qaldırılmasına xidmət edir. Aptekçilər bildirir ki, Naxçıvan Muxtar Respublikasını dərman təchizatı "Nəxşicahan Med" və "AKİ Pharm" şirkətlərinin monopoliyasındadır. Bu şirkətlərin isə hakim ailə Talıbovların nəzarətində olduğu bildirilir.
Aptekçilər deyir ki, qıtlığı aradan qaldırmaq üçün özlərinin Bakıdan dərman alıb gətirmək imkanı olsa da, rəsmilər buna icazə vermir:
"Naxçıvanda dərmanlar Bakıdan çox bahadır. Hər şey bir əldə cəmlənib, ona görə. İstədikləri vaxt qıtlıq yaradıb, qiymətləri daha da bahalandırırlar. Bizim özümüzə gətirməyə imkan versələr, nə qıtlıq olar, nə də bahalıq. Bir neçə dəfə gətirməyə cəhd eləmişik, əlimizdən alıb, müsadirə ediblər, sonra özümüzə baha qiymətə satıblar. Naxçıvan sanki başqa ölkədi. "Nəxşicahan Med", ya "AKİ Pharm" dərman verdisə olacaq, vermədisə, yox. Hazırda bəzi apteklərdə hətta adi öskürək, ağrıkəsici, soyuqdəymə dərmanları da yoxdur. Pandemiyanın bu dövründə qiymətləri qaldırmaq üçün belə bir qıtlıq yaratmaq insanlığa da sığmır".
Bəzi xəstələr də dərman qıtlığı və bahalıqdan şikayət edirlər. Xroniki hipertoniyadan əziyyət çəkən Samir Xəlilov deyir ki, bir aydan çoxdur ki, ona lazım olan dərmanı tapa bilmədiyindən, xəstəliyi daha da şiddətlənib:
" Uzun illərdir ki, xəsyətəliyimə görə, müntəzəm Co-Amlessa dərmanı qəbul edirəm. Bir aydan çoxdur ki, bu dərmanın nə özü, nə də əvəzedicisi tapılır. Bakıdan, İrandan, Türkiyədən də gətirməyə qoymurlar. Gərək, gizlincə keçirsən. Qohumlar İrandan 2 qutu alıb gətirmək istəyəndə, əllərindən alıb müsadirə ediblər. İranda həm də 3-4 dəfə ucuzdu bütün dərmanlar. Artıq pul qazanmaq üçün, insanların sağlamlığı ilə oynayırlar. Nə özləri gətirir, nə də imkan verirlər başqaları gətirsin".
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Səhiyyə Nazirliyinə müraciət etsək də, oradan bizi dərman şirkətlərinə yönləndirilir.
"Nəxşicahan-Med" şirkətinin satış təmsilçisi Samirə Süleymanova "Gündəlik Naxçıvan"a müsahibəsində qıtlığa görə aptekləri günahlandırır:
"Hazırda depolarda siroplar da, ağrıkəsicilər də var. Şəhərdə bəzi apteklər süni qıtlıq yaradırlar. Bu bizdən asılı deyil. Səhiyyə nazirliyinin istədiyi dərmanlar verilib, bitmiş dərmanlar gətizdirilib. Yəni sakinlərin şikayətləri əsassızdır".
"AKİ Pharma" şirkətinin satış təmsilçisi Ramin Rüstəmli bildirib ki, apteklərdə dərman qıtlığı yoxdur. O deyir ki, Türkiyədən, İrandan Naxçıvana gətirilən dərmanlar Bakıdakından qat-qat ucuzdur:
"Türkiyənin elə dərmanları var ki, Naxçıvanda qiyməti 2 manat 90 qəpik, Bakıda 15 manat 70 qəpikdi. "Co-Amlessa"nı sadəcə qiyməti baha olduğu üçün apteklər almır. Onun da depo qiyməti Naxçıvanda 15 manat, Bakıda 19 manatdır, apteklər 22 manata satırlar"./"Gündəlik Naxçıvan"

XƏBƏR LENTİ