Eldar Mahmudovun oğlu dövlətə vergi borcunu ödəmək istəmir

596 17-12-2021, 10:41 cemiyyet

Eldar Mahmudovun oğlu dövlətə vergi borcunu ödəmək istəmirİddia Bakı Kommersiya Məhkəməsinin icraatındadır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi “Kaspian Kristal” MMC-ni məhkəməyə verib. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.

Gununsesi.info yazır ki, şirkətin 52 min 660 manat vergi borcu var. “Kaspian Kristal” MMC sıradan şirkət deyil. MMC keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur. Şirkətin qanuni təmsilçisi Fuad Vaqif oğlu Hacıyevdir.

Onun adına daha iki şirkət var: “Gravitylux” MMC və “Crystal Development” MMC. Bu şirkətlər də Anar Mahmudova məxsusdur. Bir neçə il əvvəl Anar Mahmudovun biznesi ilə bağlı mediada yer alan araşdırma materiallarında da bu şirkətlərin adı keçir.

2018-ci ildə məlum olmuşdu ki, “Crystal” şirkətlər qrupuna aid olan 5 şirkətin - “Caspian Kristal”, “Kristal Motors”, “Kristal İnşaat”, “Apallon Servis” və “Kristal Travel” dövlət büdcəsinə təkcə vergilər üzrə 7 milyon 357 min 123 manat və ya 4,3 milyon dollardan çox borcu ödəməyib. Bunun əsas hissəsi “Kristal Motors” MMC-nin payına düşüb. O zaman Bakı şəhəri Lokal Gəlirlər Departamenti “Kristal Motors” MMC-də apardığı kameral vergi yoxlaması zamanı mühasibat sənədlərində 2014-cü ilin mənfəət vergisinin külli miqdarda azaldıldığını müəyyən etmişdi. Şirkət yoxlamanın qərarından narazı qalsa da, bütün məhkəmələr dövlət orqanının xeyrinə qərar vermişdi. Həmin vaxt “Kristal Motors” MMC hesablanmış mənfəət vergisinin 2,2 milyon manat məbləğində aşağı salınmasını istəyirdi, lakin Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamaqla borcun ödənməsinə dair qərarı qüvvədə saxlamışdı. 1 il öncə isə Bakı Apelyasiya Məhkəməsi “Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin ”Diqlas-1" MMC-də apardığı vergi yoxlamasının qərarlarından şikayətini təmin etməmişdi. Şirkət məbləği açıqlanmayan borcu ödəməyə məcbur olmuşdu. Bakının Nizami rayonunda yanaraq külə dönən, sonradan özülünə qədər sökülən “Diqlas” ticarət mərkəzi də Eldar Mahmudovun ailəsinin çoxsaylı obyektlərindən biri idi.

Xeberdar.net

XƏBƏR LENTİ