"Azərbaycanın dəhliz məntiqi reallaşdırılır" - Erməni müxalifəti Paşinyana etibar eləmir

1 183 19-12-2021, 19:46 siyaset / dunya

"Azərbaycanın dəhliz məntiqi reallaşdırılır" - Erməni müxalifəti Paşinyana etibar eləmirErmənistanda parlament və qeyri-parlament müxalifəti baş nazir Nikol Paşinyanın son danışıqlarda Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi barədə razılığın əldə olunması barədə bəyanatını birmənalı qarşılamayıb.

Xatırladaq ki, bu dəmiryol sektorunun işə salınması ilə Ermənistan Azərbaycan ərazisindən İrana və Rusiyaya, Azərbaycan isə Ermənistan ərazisi ilə Naxçıvana çıxış əldə edə bilər.

"AzPolitika.info" "Azadlıq" radiosunun erməni xidmətinə istindadən xəbər verir ki, “Şərəfim var” fraksiyasından deputat Tiqran Abraamyanın fikrincə, Ermənistan hakimiyyəti dəmir yolunun işə salınmasını ümumi prosesdən qoparmaqla bunu Ermənistanın nailiyyəti kimi təqdim etməyə çalışır, halbuki bu prosesdə çox sayda təhlükələr var: “Azərbaycanı bu proses ilk növbədə dəhliz kontekstində maraqlandırır. Əgər bu dəhliz olsa, onun başqa komponentləri, lap Ermənistana sərfəli olsa belə sıfırlanacaq”.

Müxalifətçi deputat hesab edir ki, ümumiyyətlə, kommunikasiyaların açılması müharibədən ziyan çəkmiş və hələ bərpa olunmamış Ermənistan üçün təhlükəlidir: “Ermənistanın daxili və xarici təhlükəsizliyinə cavabdeh olanlar prosesdən əvvəl və sonra, mümkün böhranlı vəziyyətlərdə mümkün hədələri dəf etmək iqtidarında deyillər. Ermənistan elə bir prosesə daxil olub ki, onu idarə etmək imkanı, təhlükəsizlik komponenti yoxdur. Belə bir vəziyyətdə Ermənistan hakimiyyətinin yeganə məqsədi onu müstəsna olaraq iqtisadi maraqlar baxımından təmsil etməkdir”.

Onu da yada salaq ki, Nikol Paşinyan və İlham Əliyev arasında Brüsseldə keçirilən danışıqlardan sonra isə, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib ki, dəmir yolu sahəsində razılaşma var və bu yol beynəlxalq aləmdə qəbul olunmuş sərhəd və gömrük qaydaları ilə, həm də ölkələrin suverenliyi və yurisdiksiyası əsasında işləyəcək.

Deputat Abraamyan bu layihənin iqtisadi səmərəliliyini də şübhə altına alıb: “Bunun o vaxt səmərəsi olardı ki, dəmir yolunun başqa sektoru - Türkiyədən Ermənistana, yəni Qarsdan Gümrüyə olan hissəsi də işləsin. Eləcə də məsələn, İcevandan Qazağa, oradan isə Rusiya Federasiyasına gedən hissə işləməlidir. Yəni biz nəyəsə tam olaraq qiymət verə bilərik. Mən ayrı-ayrı komponentlərin səmərəsinin müzakirəsində məna görmürəm”.

Başqa bir müxalif blokun – "Hayastan" fraksiyasının deputatları da deyirlər ki, dəmir yolunun bu hissəsinin işləməsi Ermənistanın marağında deyil.

Daşnaksutyun partiyasından deputat Geğam Manukyan deyib ki, Ermənistanın nöqteyi-nəzərindən İrəvanda qatara minib, Naxçıvandan, Meğridən, bütün Azərbaycan ərazisindən keçib Bakıda dayanmaq və oradansa Rusiyaya getməyin sərfəli olacağını təsəvvür etmək və sonra da bunu Rusiya ilə dəmir yolu əlaqəsi adlandırmaq çətindir.

Daşnaksutyun partiyası sədrinin müavini Levon Zurabyan deyir ki, əgər kommunikasiyalar bərabərlik və qarşılıqlı fayda prinsipi ilə açılsa, Ermənistanın Milli Məclisində buna yalnız sevinə bilərlər: “Deyirlər ki, dəmir yolunu paritet əsasda bərpa edəcəklər, Amma bunu daha dərindən başa düşməyə çalışanda düşünürsən ki, burada hansı gömrük rejimi fəaliyyət göstərəcək? Deyirlər ki, paritet əsasda. Yəni gömrük olsa, hər iki tərəddə olacaq, olmasa heç bir tərəfdə olmayacaq. Bu o deməkdir ki, qərar hələ yoxdur və biz sonadək düşünülməmiş niyyətlər barədə danıqşırıq”.

Ermənistanın parlamentində hakimiyətin bütün informasiyanı açdığına etibar eləmirlər, çünki hakimiyyət dəhliz məntiqi ilə heç nəyi müzakirə etməyəcəyini bildirib, Azərbaycan isə öz gündəliyini yeridir. Deputatlar buna da diqqət çəkirlər ki, Paşinyan hökumətin son müşavirəsində Ermənistan və Azərbaycan arasındakı başqa bir dəmir yolu xəttindən – İcevan-Qazax sektorundan heç nə deməyib.

Zurabyan bunu belə izah edib: “İcevandan Qazaxa dəmir yolu var, amma bu yolun tikintisindən danışmırlar. Doğrudur, bu barədə daha aydın danışmaq üçün hələki əlimizdə yekin sənədlər yoxdur. Amma bu nəticəyə gəlmək olar ki, hələlik Paşinyanın dediyi ümumi açılım konsepsiyası yox, Azərbaycanın tərəfdarı olduğu dəhliz məntiqi reallaşdırılır”.

Bu ilin aprelində Ermənistan baş nazirinin müavini Mğer Qriqoryan da demişdi ki, regionda açılımın yalnız bir istiqamətdə yox, bütün istiqamətlərdə baş verməsini müzakirə etmək lazımdır.

"AzPolitika.info"

XƏBƏR LENTİ