NATO Gürcüstan və Ukraynanı Rusiyaya güzəştə gedir?

NATO Gürcüstan və Ukraynanı Rusiyaya güzəştə gedir?Alyansın keçmiş katibi təklif edir ki, Kiyev və Tiflis üçün üzvlük məsələsində istisna hal tətbiq edilsin; ekspert: “Moskvanın hansı adekvat addım atacağı indidən bəllidir...”
Birləşmiş Ştatlar və Almaniya Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiklərini bir daha dilə gətirərək, qonşu Ukraynaya təcavüz edəcəyi təqdirdə Rusiyanın nəhəng və ağır fəsadlarla üzləşəcəyi barədə xəbərdarlıq edib. “Yeni Müsavat”ın xəbərinə görə, bir daha təkrar edilən xəbərdarlıq Cenevrədə planlaşdırılan ABŞ-Rusiya danışıqlarından bir neçə gün əvvələ təsadüf edir.

ABŞ dövlət katibi Entoni Blinken daha sonra “Rusiya yenə də eskalasiyanı seçsə, biz tez bir zamanda cavab verəcəyik”, - deyə əlavə edib. ABŞ-ın baş diplomatı onu da əlavə edib ki, Avropa Rusiya ilə Almaniyanı birləşdirən sualtı “Şimal axını-2" boru kəmərindən Rusiyaya qarşı təsir vasitəsi kimi istifadə edə bilər. Görünür Cenevrə danışıqları çox gərgin keçəcək. Rusiyanın tələbi NATO-nun şərqə doğru genişlənməməsidir. Lakin kollektiv Qərb Ukrayna və Gürcüstanın bu alyansa üzvlüyünü daim gündəmdə saxlayır. Sadəcə, münaqişə və ərazi problemi ölkələrin NATO üzvlüyünə qəbul edilməsini məhdudlaşdırır. Çünki dərhal həmin münaqişə NATO-nun öz problemi kimi dəyərləndirilir.

Lakin NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen “Politico” nəşri üçün yazdığı məqalədə bildirib ki, alyans Ukrayna və Gürcüstanın ərazi mübahisələrinin həll olunmamasına rəğmən, onlara təşkilata üzvlüklə bağlı fəaliyyət planı təqdim etməlidir. Onun fikrincə, bunun üçün NATO Nizamnaməsinin kollektiv müdafiə ilə bağlı 5-ci maddəsinin fəaliyyətini məhdudlaşdırmaq olar. “Lazım gələrsə, biz bunu NATO Nizamnaməsinin 5-ci maddəsinin yalnız Kiyev və Tbilisinin nəzarəti altında olan ərazilərə şamil edilməsi şərti ilə edə bilərik”, - Rasmussen yazıb.

Nizamnamənin 5-ci maddəsində isə deyilir ki, “alyansın bir üzvünə təcavüz bütün alyansa təcavüz sayılır və kollektiv müdafiə təşkil edilir. Məlumdur ki, Rusiya həm Gürcüstanın, həm də Ukraynanın ərazisinin bir hissəsini artıq işğal edib. Bəs NATO-ya üzvlük tarixində belə bir ilk nümunə mümkündürmü? Rusiya belə bir addımı necə qarşılayar?
NATO Gürcüstan və Ukraynanı Rusiyaya güzəştə gedir?
Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ilk növbədə sözügedən ölkələrin NATO-ya üzvlüyü istəyib-istəmədiklərini müəyyənləşdirmək lazımdır. Onun fikrincə, bir var siyasi manipulyasiya, bir də var həqiqətən üzvlük təşəbbüsü. “Gürcüstan və Ukrayna NATO ölkələri ilə əməkdaşlıq edir, amma real addımlar atmayıblar. NATO-nun bəlli standartları var və həmin şərtlər reallaşmalıdır. Faktiki olaraq, Gürcüstan Abxaziya və Cənubi Osetiyadan imtina etməyib, Ukrayna da Donbas və Krımdan əlini çəkməyib. Ona görə bu ölkələr NATO-ya üzvlüklə alyansı münaqişəyə sürükləmiş ola bilər”,- deyə ekspert vurğuladı.

Onun sözlərinə görə, ən əsası üzvlükdən sonra Ukrayna NATO hərbi bazalarının ərazisində qurulmasını həyata keçirməlidir: “Bu qərar ondan asılı deyil. Həmin bazalar Ukraynada yerləşdiyi zaman Rusiya ilə ciddi münaqişə yaranacaq. Yaxşı xatirimdədir, ABŞ-ın Polşada taktik-raket komplekslərini yerləşdirməsi ciddi siyasi gərginliyə səbəb olmuşdu və Rusiya qaz siyasətində təzyiqlərə başlamışdı. Hətta Putin açıq şəkildə demişdi ki, bu qədər yaxın məsafədə taktik raketlərin bizə tuşlanmasına imkan verə bilmərik. İndi təsəvvür edin ki, Ukrayna bunu edir və NATO bazası Xarkovla Rusiya sərhədinə yaxın yerləşir. Xarkovla Moskva arasında 700-800 kilometr məsafə var. Yəni Xarkovdan asanlıqla Moskva hədəfə alına bilər”.

Hərbi ekspert hesab edir ki, eyni vəziyyət Gürcüstana da aiddir: “Krasnodar, Rostov, Volqoqrad kimi Rusiya şəhərlərini hədəfə almaq mümkündür. Ona görə Rusiyanın hansı adekvat addım atacağı indidən bəllidir. Rusiya hələlik Donetsk və Luqanskla kifayətlənibsə, NATO bazası Ukraynada yerləşdiyi təqdirdə hərbi texnikasını başqa şəhərlərdə görə bilərik. Bu, sadəcə reallıqdır. Çünki regional gərginlik ocaqlarının yaranmasından söhbət gedir. Rusiya hərbi-siyasi cəhətdən dünyanın ən güclü iki ölkəsindən biridir. Postsovet ölkələrinin özlərini necə aparması da Moskvanın gündəlik fəaliyyətinə daxil olan məsələdir. Çünki bu ərazilərdə maraqları var. Biz Ukraynada Maydan hadisələrini, Gürcüstanda 2008 müharibəsini, Özbəkistandakı Əndican olaylarını, bu gün Qazaxıstanda baş verənləri görməliyik. Amma bəzi hərbi icmalçılar, siyasi ekspertlər reallığı nəzərə almadan 1990-cı illərin pafoslu ritorikası ilə çıxış edirlər”.
NATO Gürcüstan və Ukraynanı Rusiyaya güzəştə gedir?
Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, NATO-nun keçmiş baş katibinin təklifi o demək deyil ki, təklif tarixi nümunə kimi həyata keçəcək: “İndiyə qədər NATO təcrübəsində belə üzvlük olmayıb, Ukrayna və Gürcüstan üçün istisna da gözləmirəm. Əslində, hər iki ölkəni illərdir söz verib aldadırlar, əvəzində Rusiya ilə gərginlik yaşanır. Bu ölkələr NATO üzvlüyündən əvvəl Moskva ilə dil tapmalı, danışıqlar aparmalıdır. Kremlin NATO-ya qarşı aqressiyası göz qabağındadır. Açığı, Cenevrə danışıqlarından da gözum su içmir. O baxımdan Tiflis və Kiyev praqmatik siyasət yürütməlidir. Bu mənada keçmiş katibin təklifinin real olacağına inamım azdır. NATO belə bir yükü qaldırmaq istəməz. Eyni zamanda, Rusiyanın NATO-nun şərqə doğru genişlənmək siyasətini necə əsəblə qarşıladığını görürük. Qazaxıstan hadisələri də bir dərs oldu ki, Putinin ”NATO"su hansı gücə malikdir".

Xeberdar.net

NATO Gürcüstan və Ukraynanı Rusiyaya güzəştə gedir?

  • 8-01-2022, 10:54
  • 197


Oxşar mövzular
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI